Məhkəmə qərarları › İş №2(103)-4714/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4714/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4714/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi x1 iştirakları ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «qızıl boyunbağının geri qaytarılması» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1194/2020 saylı, 15 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «qızıl boyunbağının geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21,70 qram çəkisi olan 750 əyarlı qızıl boyunbağının Cavabdeh BOKT ASC tərəfindən qanunsuz yolla, yəni məhkəmə qərarı olmadan mənimsənilməsini nəzərə alaraq, həmin qızıl-zinət əşyasının ona qaytarılması barədə qətnamə çıxarılmasını, həmçinin cavabdehin bu özbaşınalığa görə qanuni yolla cəzalandırılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1194/2020 saylı, 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. İddia tələbini və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 16 noyabr 2015-ci il tarixdə «Cavabdehbank»ın Nizami rayon filialına (indiki Cavabdeh BOKT ASC) qızılzinət əşyası girov qoyaraq, 434 ABŞ dolları kredit götürmüşdür. Qızıl-zinət əşyası 21,7 qram çəkidə olmaqla, İtalyan qızılıdır. Müqavilə bir illik müddətə bağlanmışdır. Amma 28.02.2016-cı il tarixdə Nizami filialından onu banka çağıraraq, ABŞ dollarının bahalaşması ilə bağlı müqavilənin yenilənməsini tələb etmişlər və müqavilə yenilənmişdir. Müqavilənin vaxtını 28.01.2020-ci ilədək artırmışlar. Qızıl-zinət əşyasını banka girov qoyan zaman 1 ABŞ dolları 1 manat 5 qəpik dəyərində olmuşdur. Bu günə qədər 150 manatdan çox ödəniş etmişdir. Dəfələrlə banka yaxınlaşaraq, qızıl-zinət əşyasını götürmək istəmişdir. Bankın işçiləri ondan borcu şişirdərək artıq pul tələb edirlər. O, 2019-cu ilin mart ayında Nəsimi rayonunda yerləşən «Cavabdehbank»ın baş idarəsinə yaxınlaşmış, qızıl-zinət əşyasını götürmək istəmişdir. Bankın işçisi ona demişdir ki, aprel ayında, x4 Palatasının hesablamasından sonra gəlsin, qızılı satılmayıb. Onun x4 Palatasının siyahısında adı var. O, qızılını götürmək üçün aprel ayında yenidən banka getmişdir. Özünü M.Abdulla MXD direktoru kimi təqdim edən şəxs qızılının satıldığını demişdir. O, qızılının hansı məhkəmə qərarı ilə satıldığını və hansı icraçının iştirakı ilə satıldığını soruşanda, ona qızılın məhkəmə qərarı olmadan satıldığı bildirilmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi x2 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlilllərini və iş materiallarını araşdıraraq qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 16.11.2015-ci il tarixdə «Cavabdehbank» ASC-nin Nizami filialı ilə İddiaçı arasında kredit və girov müqaviləsi bağlanmışdır. PB/011/15/115514 saylı müqavilənin şərtlərinə görə «Cavabdehbank» ASC-nin Nizami filialı tərəfindən İddiaçı yaşayış sahəsinin tikintisi və təmiri məqsədləri üçün 12 ay müddətinə, 28 % dərəcəsi ilə 434 ABŞ dolları məbləğində kredit verilmişdir. Borc öhdəliyinin təminatı qismində 14.11.2015-ci il tarixli zərgər aktı ilə 434 ABŞ dolları dəyərində qiymətləndirilmiş 21,70 qram çəkisi olan 750 əyarlı qızıl boyunbağı banka girov qoyulmuşdur. Borclu İddiaçı öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə, girov predmetinin onun razılığı olmadan satılaraq, borcun əvəzinə yönəldilməsi haqqında götürdüyü öhdəliyə dair iltizam vermişdir. Sonradan, kreditin müddəti 28.01.2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı cavabdehdən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, iddiaçı tərəfindən öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə, girov predmetinin onun razılığı olmadan satılmasına və borcun əvəzinə yönəldilməsinə dair iltizam vermişdir. Bununla da cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Kollegiya hesab edir ki, Cavabdeh BOKT ASC İddiaçı 20.08.2018-ci il tarixli 3026/PB saylı bildiriş (i.v. 40) ünvanlayaraq, kredit müqaviləsi üzrə borc öhdəliyini icra etməyəcəyi təqdirdə, verdiyi iltizama uyğun olaraq, girov təminatı olan qızıl-zinət əşyasının satılaraq kredit borcuna yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir ki, bu da iddiaçının mübahisələndirdiyi 21,70 qram çəkisi olan 750 əyarlı qızıl boyunbağının cavabdehə girov qismində təqdim olunması, iddiaçının cavabdehdən kredit götürməsi, krediti tam şəkildə və vaxtında qaytarmaması, bu səbəbdən həmin boyunbağının satılmasına əsas vermişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarında iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə, mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1194/2020 saylı, 15 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar