Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4715/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-38/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 04.10.2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən, ”X11” MMC tərəfindən “Hyundai Tucson” minik markalı avtomobil Cavabdeh2 istifadəsinə verilmişdir.
2. Cavabdeh1 xx.xx.2022-ci il tarixli etibarnamə ilə “X11” MMC-ə məxsus olan “Hyundai Tucson” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tərəflər arasında bağlanmış 04 oktyabr 2021-ci il 185 saylı lizinq müqaviləsi şərtləri çərçivəsində idarə edə bilər. Etibarnamə xx.xx.2022-ci il tarixinədək qüvvədədir.
3. 23.07.2022-ci il tarixdə Bakı-Quba Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7.2-ci kilometrində Cavabdeh1 idarə etdiyi, “X11” MMC-nin mülkiyyətində olan “Hyundai Tucson” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, iddiaçının mülkiyyətində olan, oğlu X2 etibarnamə əsasında idarə etdiyi “Lexus ES350” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin və daha iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir.
4. Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar ilə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh1 barədə İXMnin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır.
5. 29.18.2022-ci il tarixli, TP ******* qərar ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzrdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) törətdiyinə görə barəsində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.
6. 18539/2022 nömrəli sığorta ödənişi ilə bağlı akta əsasən, sığortaçı “Azərsığorta” DSKŞ tərəfindən İddiaçı əmlakına - avtomobilə dəymiş ümumi zərərin məbləği müstəqil ekspert tərəfindən 15.210 manat məbləğində qiymətləndirilmiş, İddiaçı 3.003.55 manat məbləğində sığorta ödənişi verilmişdir.
7. “X8” MMC tərəfindən icra olunmuş qüsur aktına əsasən, “Lexus ES350” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 29.682,16 manat məbləğində müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14.460 manat dəymiş zərərin və 134 manat dövlət rüsumunun, ümumilikdə 14.594 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, hadisə zamanı onun avtomobilinə ümumilikdə 17.463 manat məbləğində ziyan dəymiş, həmin məbləğinin bir hissəsini, yəni 3.003,55 manatını sığorta şirkəti ona ödəmişdir . Qalan məbləği isə hadisəni törətmiş avtonəqliyyat vasitəsinin sahibi və ya sürücüsü tərəfindən dəfələrlə tələb etməyinə baxmayaraq ona ödənilmədiyi üçün məcbur qalaraq özü avtomobilini təmir elətdirmişdir. Həmçinin, Cavabdeh1 İstintaq zamanı verdiyi izahatda belə özünü təqsirli olmasını etiraf etmiş və hadisənin necə baş verməsi barədə məlumat vermişdir. İddia ərizəsinə əlavə edilən fotoşəkillər də ona məxsus avtonəqliyyat vasitəsinin nə qədər yararsız hala salınmasının daha bir sübutudur. Qeyd edir ki, Sığorta ödənişi ilə bağlı 18539/2022 №-li AKT-da ümumi zərərin məbləği 15.210 manat, “Toyota” markasının rəsmi servis mərkəzi olan "xxxx" MMC tərəfindən təqdim olunan qüsur aktında avtomobilin zərəri 29.682 manat müəyyən edilmişdir.
10. Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya qarşı yazılı etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddia tələbi tam əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ziyan aktı ilə qətiyyən razı deyillər. Həmin ziyan aktında göstərilənlər həddən artıq şişirdilmişdirilmiş məbləğdir və heç bir rəsmi sənədlərlə təsdiqini tapmır. Cavabdeh tərəf olaraq tərəflərindən iddiaçının istinad etdiyi ziyan aktını verən "Toyota" Abşeron Mərkəzi"nə həmin mərkəzin servis xidmətində iddiaçıya məxsus "LEXUS ES 350" minik markalı, **-MT-*** avtomobilin təmir olunub-olmadığı, təmir olunduğu halda “həmin avtomobilin sahibi iş üzrə iddiaçı tərəfindən xidmət haqqı olaraq və dəyişdirilmiş (əvəz edilmiş) avto ehtiyyat hissəslərinin yenisi ilə əvəz edilməsinə görə hansı məbləğdə vəsaitin ödənilməsi haqqında ödəniş qəbzlərinin, dəyişilmiş avto ehtiyat hissələri haqqında qaimə, fakturaların surətlərinin verilməsinə dair vəkil sorğusu verilsə də, adı çəkilən Mərkəz tərəfindən sorğuya hazıradək cavab alınmamışdır. Hesab edir ki, iddiaçının avtomobilinə dəymiş ziyan ona ödənilmiş sığorta məbləğində çərçivəsində olmuş və həmin məbləğ də ona icbarı sığorta xidmətini göstərək şirkət tərəfindən ona ödənilmişdir.
11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2439/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-avtotexniki-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7882 nömrəli ekspert rəyinə görə, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxlışlı "Lexus ES 350” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 29.681 manat, Dəyişilməli hissələrin qiyməti – 22.286 manat; Təmir- bərpa işlərinin qiyməti – 6.395 manat, Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 22.521 manat, Dəyişilməli hissələrin qiyməti – 16.126 manat, Təmir - bərpa işlərinin qiyməti – 6.395 manat müəyyən edilmişdir.
13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 175/2024 nömrəli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23.08.024-cü il tarixli, 9/2934 nömrəli rəyinə görə, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxlışlı "Lexus ES 350” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmirbərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 29.681 manat, Dəyişilməli hissələrin qiyməti – 23.286 manat; Təmir- bərpa işlərinin qiyməti – 6.395 manat, Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 22.521 manat, Dəyişilməli hissələrin qiyməti – 16.126 manat, Təmir - bərpa işlərinin qiyməti – 6.395 manat müəyyən edilmişdir.
15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 175/2024 nömrəli qərardadı ilə təkrar məhkəmə-avtotexniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “X7” MMC-yə həvalə edilmişdir.
16. Nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabtdan görünür ki, ”Meyar Ekspertiza” MMC tərəfindən qiymətləndirmə ekspertizası aparılmış və yekun olaraq “Lexus ES 350 “ minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc yuvarlaq hesabla 6.034 manat müəyyən edilmişdir.
17. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Kodjayev Zakhir izahatında bildirmişdir ki, 085 avtoservisdə dəmirçi işləyir və iddiaçı ilə qohumluq münasibətləri yoxdur. Əvvəllər iddiaçının qardaşını tanıyıb. 2-3 il olar ki iddiaçının avtomobilinə xidmət göstərib. Maşın çox əzik vəziyyətdə idi, ehtiyyat hissələri gec tapılırdı. Bəziləri Gürcüstandan sifariş edildi. Bəzi detallar dəyişdirildi, bəziləri düzəldildi. Onun özünə işçilik haqqı kimi təxmini 800-1.000 manat pul verilib. Görülən işlərdən xatırladığı dəmirçi işi, maşının arxa qapısının dəyişilməsi, digərinin – qabaq sağ və ya sol qapısının təmir olunması, kapotun dəyişilməsi olub.
18. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 bildirmişdir ki, avtoservisdə malyar (rəngsaz) olaraq işləyir və iddiaçı onların müştərisi olub. Maşının ban və baqaj hissəindən başqa digər bütün hissələrini rənglədiyini və əmək haqqı olaraq materiallar ilə birlikdə ona 1.200 manat əmək haqqı verildiyini qeyd etdi. Maşının materiallarını özü aldığını və rəngləmək işinin 15-20 gün ərzində tamamlandığını qeyd etdi.
19. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 bildirmişdir ki, iddiaçı ilə qohumluq münsibətləri yoxdur və işlədikləri avtoservisin müştərisi olub. My Avto avtoservisində motorçu işləyir. Maşının arxa sağ və qabaq hissələrinin təmir olunduğunu və ona əmək haqqı olaraq təxmini 1.000 manatdan yuxarı məbləğ verildiyini qeyd etdi. Maşının detalları tapılmadığı üçün təmir müddətinin 2 ay çəkdiyini bildirdi.
20. Məhkəmə iclasında iştirak etmiş ekspert Fərəhnaz Hüseynova-Kamalzadə ekspert rəyini müdafiə etmiş və bildirmişdir ki, qüsur aktı üzrə rəy verilib, qüsur aktında qeyd edilən ayrı-ayrı detalların qiymətinin real bazar qiymətlərinə uyğun olub-olmadığının yoxlanmışdır, avtomobilə baxış keçirilməyib.
21. Məhkəmə iclasında iştirak etmiş ekspert Vəfiq Sadıqov ekspert rəyini müdafiə etmiş və bildirmişdir ki, avtomobil təqdim edilsə də, avtomobilə baxış keçirilmir, qüsur aktına əsasən rəy verilir. Qiymətlə baxaraq uyğun olub-olmamasına baxılır və avtomaşının ilinə əsasən hesablama aparılır.
22. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 38/2025 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia qismən təmin edilmiş, İddiaçı vurumuş maddi ziyana görə 12.206,45 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 134 manat məbləğində dövlət rüsumunun 113 manatının Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarnın dəyəri olan 100 manat məbləğində pulun 84 manatının Cavabdeh1, 16 manatının isə İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
23. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh1 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir.
24. Məhkəmə həmçinin qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəylərində avtomobilə dəymiş ziyanın məbləği 29.681 manat məbləğ təşkil edir ki, bu zaman ekspertlər mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən icra edilmiş qüsur aktına istinad etmişlər. Məhkəmə iclasında ekspert rəyini müdafiə edən ekspertlər də bu faktı təsdiq etmiş və fərlqli qüsur aktı mövcud olacağı təqdirdə ziyanın yenidən qiymətləndirilə biləcəyini qeyd etmişdirlər.
25. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin özündə iddiaçı avtomobilinə dəyən ziyanı 17.463 manat məbləğində qiymətləndirir ki, bu məbləğlə qüsur aktında göstərilən məbləğin arasında 10.000 manatdan çox fərq mövcuddur. Eyni zamanda iddiaçının izahatı, şahid ifadələri və mülki işin materialları ilə də təsdiq edilir ki, iddiaçının avtomobili həmin servisdə təmir etdirilməyib, avtomobil təmir edilərəkən həm köhnə, həm yeni ehtiyyat hissələri istifadə edilib. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, ekspert rəyləri bu səbəbdən mülki işin materialları, o cümlədən iddia ərizəsi ilə təkzib edilir. Eyni zamanda iddia tələbinin ekspert rəyinə uyğun şəkildə təmin edilməsi iddia tələbindən kənara çıxma olar ki, bu da yolverilməzdir.
26. Məhkəmə eyni zamanda “X6” MMC-nin hesabatı ilə bağlı qeyd etmişdir ki, rəy verilən zaman yalnız avtomobilin mülki işin materiallarında olan fotoşəkillərinə istinad edilmiş, bunun nəticəsində də bəzi ehtiyyat hissələri həmin hesabatda öz əksini tapmamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş qərardadda avtomobilin təqdim edilməklə təqdimatın aparılması qeyd edilsə də, avtomobilin təqdim edilməsi tələb olunmamışdır. Belə olan təqdirdə məhkəmə həmin hesabatı mötəbər rəy kimi nəzərə almır.
27. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında ifadə verən şahidlər avtomobili bilavasitə görəməklə, təmirində iştirak etdiklərindən, tərəflərlə hər hansı qohumluq münasibətləri olmadığınan, verdiyi ifadələr mülki işin materialları ilə təkzib edilməməklə, bir-biri ilə ziddiyyət təşkil etmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir.
28. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı avtomobilinə vurulmuş zərəri Cavabdeh1 tutulmasını tələb etməkdə haqlı olsa da, avtomobilə dəymiş ziyanın məbləğinin 17.463 manat olmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
29. Məhkəmə hesab etmişdir ki mülki işin materiallarında olan sığorta ödənişi barədə akt ilə avtomobilə dəymiş ziyanın məbləğinin 15.210 manat məbləğində qiymətləndirilməsi, bundan 3.003,55 manat məbləğində sığorta ödənişinin iddiaçının xeyrinə ödənilməsi nəzərə alınmaqla, cavabdehdən 12.206,45 manat məbləğində pul tutulmalıdır. Məhkəmə bu məbləği ədalətli və cavabdeh tərəfindən törədilmiş təqsirli əməlin xarakterinə mütənasib hesab etmiş və bu nəticəyə gələrkən, prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olduğunu nəzərə almışdır.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1099.1, 1099.2, 1108.1, 1108.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə, Mülki Prosessual Məcəlləsinin 88, 101.7, 103.1, 107, 115, 119.1, 206.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
31. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və "xxxx" Mərkəzi tərəfindən hesablanmış 6.034 manat məbləğindən sığorta şirkəti tərəfindən ödənilmiş 3.003,55 manatın çıxılmasını və dəymiş zərər olaraq 3.030,45 manat pulun Cavabdeh1 tutularaq iş üzrə iddiaçıya ödənilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf olaraq onun israrlı xahişlərindan sonra mülki iş üzrə bir neçə dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, keçirilmiş məhkəmə ekspertizalarında yalnız "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktına istinad edilərək əsassız rəylər verdiyindən təkrar məhkəmə-əmtəşünaslıq ekspertizaları keçirilsə də, müsbət rəy əldə edilməmiş, sonda birinci insatansiya məhkəməsi özü də cavabdehin əsaslı vəsatətləri ilə razılaşmış, nəticə etibarı ilə dəymiş zərərin hesablanması üçün təkrar məhkəmə-əmətəşünaslıq ekspertizası təyin edərək ekspertizanın keçirilməsi ”Meyar Ekspertiza” MMC-ə həvalə edilmişdir. Məhkəmə heç bir qanuni əsas gətirmədən hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 12.206,45 manat məbləğində pul alınıb ödənilməlidir. Məhkəmə “X6” MMC-nin hesabatını mötəbər rəy kimi nəzərə almamışdır. Birinci instansiya məhkəməsi bu hissədə haqlı mövqedə olmamışdır və həmin hissədə mülki iş tam, qərəzsiz və obyektiv şəkildə araşdırmamışdır. Belə ki, iddiaçı “X3” əməkdaşlarının israrlı tələblərinə baxamayaraq qərəzli şəkildə avtomobili ekspertlərə təqdim etməkdən yayınmış və avtomobilin detallarının şəkillərini ekspertlərə göndərməklə kifayətlənmişdir. Bundan əvvəldə, iddiaçı avtomobili Məhkəmə Ekspertiza Mərkəzinə təqdim etməkdən də yayınmışdır. İş üzrə dindirilmiş şahidlərin mübahisə predmeti olan avtomilin təmir işlərinə görə aldıqları xidmət haqları “X6”nin hesabatında göstərilən qiymətlərə uyğun gəlir. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir və məhkəmə qəbul etdiyi qətnaməsini heç bir qanuni üsulla əsaslandıra bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, tərəfindən avtomobilə tələb etdiyi məbləğdə xərc çəkilmişdir. Mənəvi olaraq hadisədən sonra çox sarsılmışdır. Qətnamə ilə tam olmasa da, qismən razıdır.
35. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətində Cavabdeh1 qətnaməni maddi ziyanın məbləği hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız ona münasibətdə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. İşdən görünür ki, Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Hyundaı Tucson” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmuş, nəticədə digər nəqliyyat vasitələri ilə yanaşı iddiaçının mülkiyyətində olan “Lexus ES350” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir.
42. 18539/2022 nömrəli sığorta ödənişi ilə bağlı akta əsasən, icbari sığortaçı “Azərsığorta” DSKŞ tərəfindən cəlb edilmiş müstəqil ekspert tərəfindən İddiaçı nəqliyyat vasitəsinə dəymiş ümumi zərərin məbləği 15.210 manat məbləğində qiymətləndirilmiş, 3.003,55 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
43. İddiaçı tərəfindən təqdim edilmiş “X8” MMC-nin qiymətləndirmə aktına əsasən vurulmuş ziyanın məbləği 29.682,16 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylərə əsasən aşınma nəzərə alınmaqla həmin məbləğ 22.521 manat təşkil edir.
44. İş materialları və şahid ifadələri ilə müəyyən edilir ki, iddiaçının nəqliyyat vasitəsi “X8”ndə təmir etdirilməmiş, nəqliyyat vasitəsi təmir edilərkən həm köhnə, həm yeni ehtiyyat hissələri istifadə edilmişdir.
45. Göründüyü kimi, nəqliyyat vasitəsi “X8”ndə təmir etdiriləcəyi təqdirdə buna 29.682,16 manat məbləğində vəsait tələb olunacaqdı, lakin iddiaçı buna 17.463 manat məbləğində vəsait sərf etdiyini bildirir.
46. Beləliklə, iddiaçının tələb etdiyi məbləğ rəsmi servis mərkəzinin təqdim etdiyi məbləğin təqribən yarısını təşkil edir, lakin iddiaçı təmirə konkret olaraq 17.463 manat məbləğində vəsait sərf etdiyi barədə sübutlar təqdim edə bilmir.
47. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə birinci instansiya məhkəməsi haqlı olaraq “Azərsığorta” DSKŞ tərəfindən cəlb edilmiş müstəqil ekspert tərəfindən dəymiş zərərlə bağlı müəyyən edilmiş məbləği (15.210 manat) nəzərə almış, həmin məbəğdən 3.003,55 manat sığorta ödənişi çıxılmaqla, cavabdehdən 12.206,45 manat məbləğində pulun tutulması barədə düzgün nəticəyə gəlmişdir.
48. Belə ki, icbari sığorta qanunvericiliyin tələblərinə əsasən sığortaçı sığorta hadisəsi baş verməsi barədə məlumatlandırıldığı vaxtdan qısa müddətdə əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini həyata keçirir. Sözügedən aktdan müəyyən edilir ki, sığorta hadisəsinin baş verməsi barədə məlumat alındıqdan sonra "xxxx" ASC sığorta ödənişini həyata keçirmək üçün müstəqil ekspert vasitəsilə iddiaçıya dəymiş zərərin məbləğini müəyyən etmişdir.
49. İddiaçı tərəfindən təmir üçün həm köhnə, həm yeni ehtiyyat hissələri istifadə edildiyi nəzərə alındıqda həmin məbləğ ağlabatan hesab edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylərə əsasən həmin məbləğ 22.521 manat təşkil edir.
50. “X6” MMC tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra tam bərpa edilməsi və üzərindən uzun müddət keçməsi əsas götürülərək zərərin müəyyən edilməsi üçün mütəxəssislər tərəfindən yalnız foto şəkillər əsasında zədələnməsi görünən və ehtimal edilən hissələrin sayı və dəyəri müəyyən edilmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, həmin hesabat birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq mötəbər sübut kimi nəzərə alınmamışdır və iddiaçının “X3” əməkdaşlarının israrlı tələblərinə baxamayaraq qərəzli şəkildə avtomobili ekspertlərə təqdim etməkdən yayınması barədə cavabdehin dəlili əsassızdır.
51. İddiaçı tərəfindən avtomobilin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilməsindən yayınması dəlili ilə bağlı kollegiya qeyd edir ki, ekspert məhkəmə iclasında bildirmişdir ki, avtomobil təqdim edilsə də, avtomobilə baxış keçirilmir, qüsur aktına əsasən rəy verilir.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 38/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.