Məhkəmə qərarları › İş №2(103)-4716/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4716/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4716/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-1172/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Accessbank” QSC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsinə əsasən kredit verən 4.500 manat məbləğində krediti aylıq faiz dərəcəsi 2.0833 olmaqla 36 ay müddətinə kredit alana verir, kredit alan isə ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür.

2. xx.xx.2019-cu il tarixli, 002G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı QSC ilə X6 arasında bağlanmış kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi X1 Teymur Balaxan oğlunun öhdəliklərini yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı hesabına ödənilməsini öhdəsinə götürmüşdür.

3. Maliyyə arayışına əsasən X3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcu 1.446,06 manat, faiz borcu 440,54 manat, cərimə borcu 195,22 manat olmaqla, cəmi 2.081,82 manat təşkil edir.

4. İddiaçı QSC tərəfindən borcluya göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişə əsasən borclunun qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 1.446,06 manat əsas borcu, 139,41 manat faiz borcu və 89,65 manat cərimə məbləği olmaqla, ümumilikdə 1675,12 manat borcu yarandığı göstərilmiş, həmin məbləğ xx.xx.2022-ci il tarixinədək qaytarılmadığı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi bildirilmişdir.

5. Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2022ci il tarixdə vəfat etmiş X3 vərəsəsi X7r və o miras əmlakdam (Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 15, mənzil 81) ½ hissədə pay almalıdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı QSC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ələkbərova (Rzayeva) Nigar Hüseyn qızından İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 002A193326909 saylı kredit müqaviləsi üzrə 1.446.06 manat əsas borc, 440,54 manat faiz borcu, 195,22 manat cərimə olmaqla ümumilikdə cəmi 2.081,82 manat məbləğində bоrcun və ödənilmiş 40,80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4.500 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3.053,94 manat ödəniş etmiş və оnun iddiaçıya 1.446,06 manat məbləğində kredit bоrcu qalmışdır. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Ələkbərova (Rzayeva) Nigar Hüseyn qızı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X6 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 18 saylı Notariat Ofisində məhrum X2 miras qalmış əmlaklara dair vərəsəlik işi açılmış və mərhumun həyat yoldaşı Ələkbərova (Rzayeva) Nigar Hüseyn qızına qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələr verilmişdir.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1172/2024 nömrəli qətnaməsi ilə (hakim A.A.Paşayeva) iddia təmin edilmiş, Cavabdeh 1.446,06 manat məbləğində əsas borc, 440,54 manat faiz, 195,22 manat cərimə borcu, cəmi 2.081,82 manat borc pulun və 40,80 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, mərhum X3 vərəsələri formal üsulla mirası qəbul etmiş və universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişlər. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru, yəni bank mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə, hazırki cavabdehə qarşı irəli sürə bilər.

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh X9 xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərindən kredit müqaviləsi üzrə yaranmış 1.446,06 manat əsas, 440,54 manat faiz, 195,22 manat cərimə borc cavabdehdən tutularaq İddiaçı QSCyə ödənilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4, 462.1, 465.2, 739.1, 739.2, 1306.1, 1306.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və ekspertiza təyin edilərək borc müəyyənləşdirilməklə, borcun ½ hissədə ondan tutulması, qalan borcun isə digər vərəsədən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum əri kredit müqaviləsini xx.xx.2019-cu ildə bağlamış, ödənişləri sağlığında vaxtı-vaxtında etmiş, lakin xx.xx.2022-ci ildə vəfat etmişdir. Cavabdeh mərhum ərinin vəfatı ilə bağlı 7 gün sonra məlumat vermiş və hətta belə xx.xx.2022-ci ildə 181 manat mərhum ərinin kredit borcunu iddiaçıya ödəmişdir. Mərhum ərinin vəfatı ilə bağlı iddiaçıya rəsmi formada məlumat verərək faiz borcunun dayandırılması və vərəsəlik işinin müəyyən edilənədək dayandırılmasını xahiş etməyinə baxmayaraq, iddiaçı vəfat edən şəxsin kredit borcunun ödənilməsi ilə bağlı absurd bir formada dəfələrlə “xəbərdarlıq” məktubları göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməmiş, buna görə də məhkəmədə iştirak edərək öz mövqeyini bildirə bilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxmışdır. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün halları aydınladırmamış, yalnız bankın təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddianı təmin etmiş, 1.446,06 manat əsas borc, 440,54 manat faiz borcu, 195,22 manat cərimə olmaqla, ümumilikdə cəmi 2.081,82 manat məbləğində borcun və ödənilmiş 40,80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarmışdır. Halbuki, nə əsas borcun, nə də ki faiz borcunun müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməmişdir. Əsas borclu vəfat etdiyindən hesab edir ki, faiz borcunun hesablanması dayandırılmalı idi. Bundan başqa, mərhumun əsas borcu ½ hissədə müəyyən edilərək vərəsələrin üzərinə qoyulmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, o, birinci instansiya məhkəməsində işə baxılan dövrdə ölkədə olmamışdır. Həyat yoldaşı xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. Mart ayında ödəniş etmiş və iddiaçıya həyat yoldaşının dünyasını dəyişdiyini bildirmiş, orada ona bildirilmişdir ki, baş idarəyə bu barədə rəsmi məlumat versin və faiz borcunun dayandırılmasını xahiş etsin. O, xx.xx.2024-cü il tarixdə rəsmi məktubla müraciət etmiş, lakin buna baxmayaraq iddiaçı tərəfindən müntəzəm həyat yoldaşının adına xəbərdarlıq məktubları göndərilirdi. Vərəsələrdən biri odur, digər şəxs isə həyat yoldaşının birinci nikahından qızıdır. Qız xaricdə təhsil alırdı və kredit də məhz onun üçün götürülmüşdür. Əslində o, kredit borcunu ödəməyi düşünürdü, lakin o, həyat yoldaşının qızına zəng edəndə onunla atası barəsində kobud danışmış və atasının yasına gəlməmişdir. Hesab edir ki, digər vərəsə miras əmlak üçün vərəsə qismində müvafiq hərəkətləri edirsə, borca da vərəsə olmalıdır.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq iclasın onların iştirakı olmadan keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissəhissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Maddə 739.1. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal).... Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir... Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir... Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər... Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir... Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır...

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu və cərimə məbləği hissəsində dəyişdirilməlidir.

23. İşdən görünür ki, iddiaçı ilə X6 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış, xx.xx.2019-cu il tarixli 002G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən həmin kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi X1 Teymur Balaxan oğlunun öhdəliklərini yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı hesabına ödənilməsini öhdəsinə götürmüşdür.

24. Həmçinin müəyyən olunur ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, X9 onun vərəsəsi olmaqla miras əmlakdan ½ hissədə pay almışdır. Lakin mərhum X3 vərəsələri tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada tam yerinə yetirilməmiş, nəticədə iddiaçı banka borc yaranmışdır.

25. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, kreditor öhdəliyin icrası ilə bağlı iddia tələbini mərhum X3 vərəsəsi kimi cavabdehə qarşı irəli sürməkdə haqlı olmuşdur.

26. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər, birgə öhdəliyi icra etmiş borclu isə qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.

27. Məhkəmə kollegiyası əsas borc tələbinə dair hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.

28. Bundan əlavə, cavabdeh tərəfindən gecikmədə olan borcun ödənildiyi barədə hər hansı sənəd təqdim edilmədiyindən, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

29. Kollegiya cavabdehdən tutulmalı olan faiz borcu və cərimə məbləğinə münasibətdə qeyd edir ki, İddiaçı QSC tərəfindən borcluya göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişə əsasən borclunun qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 139,41 manat faiz borcu və 89,65 manat cərimə məbləği yarandığı müəyyən edilmişdir. Bildirişdə qeyd olunmuşdur ki, həmin məbləğ xx.xx.2022-ci il tarixinədək qaytarılmadığı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəkdir.

30. Kollegiya hesab edir ki, müqavilə üzrə öhdəliklər əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı müqavilə üzrə yaranmış bütün borcu qeyd olunan bildirişlə tələb etməklə müqaviləyə xitam vermə niyyətini ifadə edərək, qanunvericiliklə ona verilən hüququndan istifadə etmişdir.

31. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş faiz borcunun və cərimə məbləğinin iddiaçının iradəsinə əsasən müqaviləyə xitam verilən tarixədək cavabdehdən tutulması hissəsində tələb əsaslıdır.

32. O da qeyd edilməlidir ki, iş materiallarına əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilən 181 manat məbləğində vəsait müqaviləyə xitam verilən tarixədək həyata keçirilmiş və iddiaçı tərəfindən qalıq borc məbləği müəyyən edilərkən nəzərə alınmışdır.

33. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Cavabdehin özünün də bildirdiyinə əsasən, o, həmin vaxt ölkə hüdudlarından kənarda olmuşdur.

34. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-1172/2024 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 440.54 manat faiz borcu və 195.22 manat cərimə məbləğinin tutulması hissəsində dəyişdirilməli, faiz borcunun məbləği 139,41 manat və cərimənin məbləği 89,65 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1172/2024 nömrəli qətnaməsi faiz borcu və cərimə məbləği hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Kredit müqaviləsi üzrə Cavabdeh tutulmalı olan faiz borcunun məbləği 139,41 manat və cərimənin məbləği 89,65 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar