Məhkəmə qərarları › İş №2(103)-4717/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4717/2025

15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4717/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X7 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “gecikdirilmiş vaxta görə illik 5% hesablanmaqla pul məbləğinin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı “X7 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1167/2025 nömrəli 26 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)- 3176/2017 nömrəli qərarının surətindən görünür ki, 14 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 20699,04 manat əsas, 1664,03 manat faiz və 367,38 manat cərimə borcu, 5 manat poçt xərci əvəzi, ödənilmiş 20 manat dövlət rüsumu olmaqla cəmi 22755.45 manat məbləğində borcun Cavabdeh2 və Cavabdeh1 “X7 Azərbaycan” QSC-nin xeyrinə tutulması qərara alınmışdır.

2. “X7 Azərbaycan” QSC-nin maliyyə arayışından görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə illik 5 % hesablanmaqla 7207,90 manat borcu mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “X7 Azərbaycan” QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən illik 5 % faiz dərəcəsi ilə hesablanmış 7207,90 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 92,07 manat məbləğində çəkilmiş xərcin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 noyabr 2013-cü il tarixində «X7 Azərbaycan» QSC (Bank) ilə Cavabdeh2 (Borcalan) arasında 122016/1 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 avtomobil almaq məqsədi ilə 30 600 AZN məbləğində pul ayrılmışdır və o, 48 ay müddətində kreditin əsas məbləği və ona illik 17% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh1 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərlərinə götürmüşdülər. Borcalanın 122016/1 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 noyabr 2013-cü il tarixində «X7 Azərbaycan» QSC ilə "İpoteka qoyan" "Borcalan" Cavabdeh2 arasında 122016/1 №-li İpoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 2013-cü il buraxılış tarixli, mühərrik A2ONFT0NO38182, ban WOLPF2ES6DG049086 olan, **-GL-*** dövlət qeydiyyat nişanlı, göy rəngli X8 minik markalı nəqliyyat vasitəsi “X7 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair 14 noyabr 2013- cü il tarixili İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 109807 №-li Çıxarış təqdim edilmişdir. “X7 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmiş, lakin borcalan Cavabdeh2 və zamin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günə kimi olan borcu ödəməmişdir. Lakin, öhdəliklər Sizin tərəfinizdən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş vəSəbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-963/2016 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmi 22755,45 manat pul tutularaq iddiaçı "xxxx"QSC-yə ödənməsi və tutma Cavabdeh2 mülkiyyətində olan X8" markalı 10- GL-800 d.q.n. avtomobilə yönəldilməsi qət olunmuşdur. İcra sənədi üzrə "xxxx" QSC-də girovda olan, borclu Cavabdeh2 mülkiyyətində olan"X8" markalı **-GL-*** d.q.n. avtomobilin satışı ilə bağlı xx.xx.2020-ci il tarixdə X1 Mərkəzi" MMC-də harrac keçirilmişdir. Qeyd edilən tarixdə harrac baş tutmuş və ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus "X8" markalı **-GL-*** d.q.n. avtomobilin 10500 (on min beş yüz manat) manata qalib alıcı X3 tərəfindən əldə edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in xx.xx.2016-cı il tarixə əsas borc üzrə 22755,45 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdehlər xx.xx.2016-cı ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyisəbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiztələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik beş faiz olaraq 7207,90 manat hissəsi ödənilməmiş qalmaqdadır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1167/2025 nömrəli 26 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 7207,90 manat məbləğində pul vəsaiti və 92,07 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub “X7 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. (hakim X4)

6. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 7207,90 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 445-ci 448.1-ci, 449-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi pulun ipoteka ilə yüklü edilmiş avtomaşına yönəldilməsinə baxmayaraq qalıq borcu və ona hesablanmış faizləri hansı hesablama ilə apardığı ona məlum deyil. Real qalıq borcla bağlı pulun ödənilməsi istiqamətində borclu və o zaminlə əlavə razılaşma və protokol tərtib edilməmiş və təklif belə göndərilməmişdir. Bundan başqa qeyd edilən qalıq borcun hesablanması barədə mühasibatlıq ekspertizası təyin olunmamış, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, sonda hakim tərəfindən qanunsuz qərar qəbul edilmişdir. Bu isə müqavilədən irəli gələn hüquq münasibətlərinə zidd bağlı maddi hüquq normalarını tətbiq etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh bank tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olaraq göstərilmişdir ki, faiz hesablaması isə sadə riyazi düsturla müəyyən edilir və hüquqi və ya iqtisadi bilik tələb etməyən adi hesablama əməliyyatıdır. Borc müqaviləsi, ödəniş cədvəli və faiz şərtləri tərəflərə əvvəlcədən aydın və qəbul edilmiş formada bəllidir. İpoteka predmeti (avtomobil) satılsa belə, bu sadəcə borcun bir hissəsini ödəyir - tam öhdəliyin bitməsi anlamına gəlmir. Borcalanm və ya zaminin öhdəliyi yalnız borcun tam ödənilməsi ilə başa çatır. Əgər borc tam ödənilməyibsə, hansı əsasla bank əlavə təklif göndərməlidir? Bu, hüquqda nə nəzərdə tutulmur, nə də məntiqli deyil. Qanuni qüvvəyə minmiş 17 mart 2016-cı il tarixli qətnamə artıq hüquqi əsası müəyyən edib. Sonradan ayrıca razılaşma tələb etmək absurddur. Məhkəmə yalnız əsaslandırılmış ehtiyac olduqda ekspertiza təyin edir. Sadəcə “etiraz edirəm” deməklə ekspertiza tələbi yaranmır. xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı ilə cavabdehə sənədlərin təqdim edilməsi və prosesi izləmək aydın şəkildə bildirilib. Buna baxmayaraq, cavabdeh öz iradəsi ilə məhkəmə iclaslarında iştirak etməmişdir. Prosesdən xəbərdar olub iştirak etməmək hüquqi baxımdan imtina sayılır və məhkəmə işi davam etdirməkdə tam haqlı olmuşdur. Yuxarıda göstərilənləri əsas tutaraq, cavabdehin apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli e- 2(009)-l 167/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılması xahiş olunmuşdur. ç) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin gecikdirilməsi sayılır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

e) Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Cavabdeh1 tərəfindən qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

19. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd edir ki, kredit məbləği 2013-cü ilin noyabr ayından 2017-ci ilin noyabr ayınadək qaytarmaq şərti ilə verilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur.

20. Bununla belə, cavabdeh borcun ödənilməsini gecikdirmişdir. Bununla da iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçının daha böyük məbləğ tələb etməsinə əsas yaradan hər hansı hal barədə sübut təqdim etməməsi, cavabdehin gecikdirilmiş vaxt üçün yalnız illik beş faiz ödəmək öhdəliyini yaratmış olur.

21. Məhkəmə kollegiyası hazırda müqavilə üzrə qalan borc məbləğinin 20699,04 manat əsas, 1664,03 manat faiz və 367,38 manat cərimə borcunun təşkil etdiyini, bu məbləğin xx.xx.2017-ci il tarixdə ödənilməli olduğunu, ödənilməməsi səbəbindən cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyinin yarandığını və hazırki iddianın xx.xx.2025-ci il tarixdə qaldırıldığını nəzərə alıb belə qənaətə gəlir ki, yaranmış borc məbləğinə illik 5 faiz hesablanmalıdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, həmin dövr üçün də ödənilməli olan faiz məbləği 7207,90 manat təşkil etməsinə dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə düzgündür.

23. Kollegiya həmçinin qeyd edir ki, qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçı ilə aralarında olan borc məbləğinin avtomobilə əsasən ödənildiyini, həmin avtomobilin satışından istifadə edərək gəlir, qazanc əldə edə edilə biləcəyini qeyd etsə də, apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılmasının yeri vaxtı barədə SMS-bildiriş və elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, apellyasiya şikayətini müdafiə etməməklə məhkəmə iclasında iştirak etməyə cəhd etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, ipoteka predmeti olan avtomobilin satılması borc məbləğinin tam ödənilmiş hesab edilməsi təsdiqini tapmadığından qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz.

24. Bundan əlavə ekspertizanın keçirilməməsinə dair apellyatorun dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, kredit müqaviləsi üzrə borc məbləği artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və həmin məbləğə dair də iddiaçı bank tərəfindən müvafiq hesablanma aparılaraq ödənilməli olan illik 5%-in məbləği dəqiqləşdirilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası yenidən ekspertizanın keçirilməsinə hər hansı bir zərurət görmür.

25. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1167/2025 nömrəli 26 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar