Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-472/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh1 MTK-nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mülkiyyətdə olan yaşayış sahəsinə vurulan zərərin əvəzinin ödənilməsi” tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-963/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı mülkiyyətdə olan yaşayış sahəsinə vurulan zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddiaçı onun hazırda yaşadığı və mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 nömrəli evin 21 nömrəli mənzilinə vurduğu zərər, tikinti başlananadək mənzilin mövcud olan bazar dəyəri məbləğində, 800.000 manat pul Cavabdeh1 MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, artıq 2018-ci ilin may ayından, ailəsi ilə yaşadığı binanın 5 metr aralığında Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli bina inşa edilir. Qazıntı işləri başlanan gündən onun mülkiyyətində olan mənzildə yaşamaq mümkün deyil. Tikintinin nəticəsində mənzilin və blokun divarlarında əmələ gələn əsaslı çatlar və zədələr mənzili qəzalı vəziyyətə salmış, onun və ailənin həyatına təhlükə yaratmışdır. Hətta tikinti başlanandan bir neçə dəfə sürüşmə baş vermişdir. İnşa olunan 18 mərtəbəli bina şəhərsalma və tikinti qaydalarına zidd yaşadığı binaya çox yaxın, demək olar ki, bitişik tikilir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69,5.1ci bəndinə əsasən digər tikililərlə binanın ara məsafə tikilən binanın divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Bu barədə qonşularla birgə dəfələrlə əlaqədar qurumlara) AR Fövqəladə Hallar Nazirliyinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və s.) müraciət etmişdir. Lakin heç bir təşkilat haqlı tələblərinə ağlabatan cavab verməyib. Ancaq qarşılarında ucaldan binanın “Pilot proekt” olduğunu iddia ediblər. Yəni “Pilot proekt” Azərbaycan Respublikasının qanunlarına əsasən inşa edilməli deyil, “Pilot proekt” insanların təhlükəsizliyinə, canına, malına qəsd edə bilər? 2018-ci ilin yayına qədər o, Bakı şəhərinin elit evlərindən biri sayılan gözəl binada yaşayırdı. Dənizə mənzərəsi, təmiz havası, geniş mənzili var idi. Mənzilinin 700-800.000 manat qiymətləndirilmişdir. Cavabdeh1 MTK-nın apardığı tikinti nəticəsində isə bina, o cümlədən mənzilinin yararsız və qəzalı hala salınıb, evinin çatlarla örtülüb və hər gün çatların artmasının şahidi olur. Onu və ailəsini belə təhlükəli şəraitdə yaşamağa məcbur edən, bahalı mənzilini dəyərsizləşdirən, bu müddət ərzində sağlamlığına, psixoloji durumuna vurulan zərərə kim məsuliyyət daşıyacaq. Nə cavabdeh, nə də 3-cü şəxslərin heç biri evinin qəzalı vəziyyətə düşməsinin qarşısını almaq üçün heç bir tədbir görməmişlər. Bundan başqa, tikintinin qanuni əsasını təsdiq edən sənədlərin mövcudluğu (tikintiyə icazə və s.) müvafiq dövlət orqanlar tərəfindən qanuni uyğun verilib-verilməməsi məsələsi də sual altındadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-963/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, həmçinin İddiaçı dövlət nəfinə keçirilmiş məhkəmə ekspertiza xərcinin əvəzi kimi 100 (bir yüz) manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla cavabdeh tərəfindən inşa edilən binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin 69.5.1-ci maddəsinin tələblərinə zidd olaraq inşa edilməsini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildimişdir ki, binalarının xarici divarlarının önündəki ara məsafəsi gözlənilməmiş, iş materiallarında onun mənzilinə zərər dəyməsi ilə bağlı mütəxəssis rəyi olsa da birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, iş üzrə verilmiş ekspert rəylərini şübhə altına alan heç bir səbəb yoxdur. Ekspert, məhkəmənin hakiminin iştirakı ilə də mübahisəli binaya və mənzilə baxış keçirmişdir. İddiaçının yaşadığı bina 100 ildən artıqdır ki, inşa olunub. 2000ci ildə Bakı şəhərində zəlzələ hadisəsi də baş vermişdir. Binada iri çatlar mövud deyil. İddiaçının mənzilində isə çatlar suvaq üstü yaranan çatlardır. Yəni nə binanın, nə mənzilin qəzalı vəziyyətdə olması təsdiq olunmur və müəyyən olunmur. Ona görə də qaldırılan iddianın heç bir hüquqi əsası yoxdur. Nümayəndəsi olduğu MTK tərəfindən tikilən bina tikinti norma və qaydalara uyğun inşa edilmişdir, hər hansı mülkiyyətçinin və sakinin hüquqlarını pozmur. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və X1 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, 26/1139 saylı məktubun kserosurətindən görünür ki, araşdırma zamanı ərazidə 1 ədəd ağacın zədələnməsi müəyyən edilmiş, cavabdeh şəxs barədə protokol tərtib olunmuşdur. Özül işlər aparılan zaman 5-6 kv.m. ərazidə torpaq uçqunu baş verməsi müəyyən olunmuş və bununla bağlı İddiaçı narahatlığını nəzərə alaraq müvafiq tədbir görülməsi məqsədi ilə aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyətinə telefonoqramma verilmişdir. İş üzrə Cavabdeh2 Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun kserosurətindən görünür ki, “Bakı şəhərinin rayonlarında, o cumlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarı əsasında, Bakı şəhərində, o cümlədən Bayıl yaşayış massivində istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan tikililərin sökülərək yerində yenilərinin tikintisi layihələndirilir. “Pilot layihə” çərçivəsində nəzərdə tutulan işlər Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Arxitektura Komitəsinin və qanunvericilikdə nəzərdə tutulmuş digər dövlət qurumları mütəxəssislərinin rəyi əsasında həyata keçirilir. İş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İddiaçı və digər sakinlərinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 37/A-01591 saylı məktubun kserosurətindən görünür ki, Cavabdeh2 Başçısının xx.xx.2018-ci il tarixli 116 nömrəli sərəncamı ilə Cavabdeh1 MTK-ya Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 32,34,36 ünvanlarda yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Binanın layihəsi Cavabdeh2 xx.xx.2018-ci il tarixli, 3/10-12 saylı məktubu ilə razılaşdırılmışdır. Binanın tikinti layihəsinə Agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən 25339 nömrəli, xx.xx.2018-ci il tarixli rəy verilmişdir. Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya tikinti işlərinin başlanması üçün xx.xx.2018-ci il tarixli 08 nömrəli “Xüsusi nişan” verilmişdir. Tikinti-quraşdırma işlərinin layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsinə mütəxəssislər tərəfindən nəzarət edilir. Nəzərinə çatdırırlar ki, hər hansı tikinti üçün torpaq sahəsinin icarəyə və yaxud istifadəyə verilməsi, şəhərsalma sənədlərinin tələblərinə uyğun obyektin yerləşdirilməsi, planlaşdırılması, ayrıc aktının tərtib və təsdiq edilməsi, memarlıq həlli, tikintiyə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə Cavabdeh2nə müraciət edilməsi məqsədəuyğundur. İş üzrə Səbail rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun kserosurətindən görünür ki, həmin ərazidə “Pilot layihə” əsasında tikinti işləri aparılır. Tikinti şirkətinin hərəkətlərindən narazı qaldığı təqdirdə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, 17/2126-01 saylı məktubun kserosurətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt” xidmətinə “bina tikintisi nəticəsində torpaq uçqununun baş verməsi və ərazidəki ağacların olması” ilə bağlı daxil olmuş xx.xx.2018-ci il tarixli məlumatlarında göstərilənlər əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı Cavabdeh2 Başçısının xx.xx.2016-cı il tarixli 116 nömrəli Sərəncamı ilə Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən uzunmüddətli istimar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Qurban Abbasov 32, 34, 36 küçələrinin əhatə etdiyi ərazidə yerləşən 1-2 mərtəbəli yaşayış evlərinin söküntüsünün Cavabdeh1 MMC tərəfindən yerinə yetirilməsinə, həmin cəmiyyətə bu ərazidə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verildiyi, Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli, 15/1542 nömrəli ekspertiza rəyinin olduğu müəyyən olunmuşdur. Sözügedən ünvanına keçirilən baxış zamanı həmin ərazidə torpaq uçqunu hadisəsinin baş vermədiyi, ağacların məhv olunması faktlarının olmadığı müəyyən edilmiş və ərazi əməkdaşları tərəfindən nəzarətə götürülmüşdür. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 8345 №-li rəyinə əsasən: 1-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın 4 saylı binaya münasibətdə Dövlət baş ekspertiza tərəfindən razılaşdırılmış eskiz layihəsində göstərilmiş ara məsafəsinə uyğun yerləşdiyi olduğunu və AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın Yanğın əleyhinə tələblərin 2-ci bəndinə əsasən binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların keçməsi üçün ara məsafəsinin inşaat norma və qaydalarına uyğun olduğu müəyyən edilir. 2-ci və 3-cü suallar üzrə: Cavabdeh1 MTK tərəfindən inşa olunmuş çox mərtəbəli binanın İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilin pəncərələrindən 21,2 m. kənarda yerləşdiyini və binalar arasındakı məsafənin razılaşdırılmış layihəyə uyğun olduğunu nəzərə aldıqda, çoxmərtəbəli binanın 4 saylı evin 21 saylı mənzilinə düşən təbii işığın və hava axımının qarşısını alınmadığı müəyyən olunur. Çoxmərtəbəli yaşayış binasının inşaat norma və qaydalarına uyğun inşa edildiyi, 21 saylı mənzilin texniki pasportunda göstərilən 8 və 10 saylı tikililərinə düşən təbii işığın və hava axımının qarşısı alınmadığı nəzərə alaraq, qərardadın 3-cü sualı üzrə tədqiqat aparılmadı. 4-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilinin divarları və tavanı üzərində müxtəlif şaquli və üfuqi nazik suvaq üstü çatların yaranma səbəbi (Cavabdeh1 MTK tərəfindən binanın inşası ilə əlaqədar olub-olmaması) və dəymiş ziyanın dəyəri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyi və smeta sənədləri təqdim edildikdən sonra müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə NəzarətDövlət Aqentliyinin mütəxəssis rəyinə əsasən, binada sakinlər tərəfindən sonradanartırmalar və eyvanların, böyük ölçülü şüşəbəndlərin inşa olunması, göstərilən əlavətikililər inşaat-norma və qaydaları gözlənilmədən yerinə yetirilmiş və həmçinin bu artırmalarbinanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binada yuxarıda göstərilən səbəblərdən vəuzun illər istismar nəticəsində bəzi yerlərdə kiçik ölçülü çatlar və suvaq çatları müşahidəolunur. Binada hər hansi bir ciddi deformasiya və zədələr müşahidə olunmamışdır.Göstərilən kiçik ölçülü çat və suvaq çatları binanın normal istismarına və insanların həyatvə sağlamlığına təhlükə törətmir. Göründüyü kimi həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya baxışı zamanı iş üzrə verilmiş ekspert rəylərindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 nömrəli evin 21 nömrəli məznilinə zərərin dəyməsinə Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli binanın inşa edilməsi səbəb olmamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin cavabdeh tərəfindən inşa edilən binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin 69.5.1-ci maddəsinin tələblərinə zidd olaraq inşa edilməsi barədə dəlilinə dair qeyd edir ki, göstərilən səbəblə iddiaçının cavabdehə qarşı məhkəməyə müraciət etmək də subyektiv hüququ yoxdur. Belə ki, binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin tələblərinə zidd olaraq inşa edilməsi barədə iddia tələbi ilə müvafiq icra hakimiyyəti oraqanı məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə apellyatora aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-963/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş eskpertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-472/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-472/2020
03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver