Məhkəmə qərarları › İş №2(103)-472/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-472/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-472/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (R Group Azerbaijan” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1659/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsində iddiaçının cavabdehə 9.000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verdiyi, cavabdeh isə həmin məbləğdə krediti xx.xx.2022-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürdüyü göstərilmişdir.

2. E-gov.az elektron portalından edilmiş çıxarışa (elektron əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə) əsasən Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, bundan sonra o, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə "xxxx" MMC-yə sürücü vəzifəsinə işə qəbul olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021ci il tarixdə xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 9 000 manat məbləğində borcun və 110 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən onun tərəfindən cavabdehə 12 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək geri qaytarmaq şərtilə 9.000 manat məbləğində borc verilmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2-ci maddəsinə əsasən "Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək "Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci maddəsinə görə “Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin cavabdeh müqavilənin qeyd edilən şərtləri pozaraq kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin ona hazırkı tarixə 9.000 manat borcu qalmışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1659/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 9.000 manat məbləğində pul və 110 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmuşdur. (hakim X3)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, tərəflər arasında mübahisələndirilən məsələ borcun qaytarılması ilə bağlıdır. İddiaçı cavabdehin ona 9.000 manat borcu olduğunun təsdiqinə dair xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiqlənmiş kredit müqaviləsini və şahid ifadəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh isə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan borc aldığını, lakin həmin məbləği ödədiyini bildirsə də, qeyd etdiyi halları təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin o halı da nəzərə almışdır ki, cavabdeh tərəfin izahatı özü-özlüyündə iddianın əsaslı olmaması üçün yetərli sübut kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə şahid ifadəsinə də qiymət verərək qeyd etmişdir ki, şahidin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, şahid baş verənləri aydın və müfəssəl təsvir etmiş, şahidin ifadəsi mülki işin materialları ilə təkzib edilməmiş və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 390.1-ci, 390.5-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 739.1-ci, 740-cı, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci, 88-ci, 119.1-ci, 217.3-cü, 217.4-cü, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, müqavilənin hansı notarius tərəfindən təsdiqləndiyi qeyd edilməmiş və sadəcə müqavilənin kserosurəti məhkəməyə təqdim edilmişdir. O, ümumiyyətlə iddiaçıdan borc götürməmişdir. Məhkəmə tərəfindən həmin depozitə köçürülən 9.000 manatın aqibəti araşdırılmamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim olunan sübutları hərtərəfli tədqiq etməmişdir. O, notariusun depozitindən pul götürməmişdir. Cavabdehlə aralarında olan münasibətlər işlə bağlı yaranmışdır. Belə ki, o yük maşını sürücüsü olaraq işləmiş, ona 2 dəfə yük maşını təhkim edilmiş, həmin müddətdə təminat olaraq iddiaçı ilə aralarında borc müqaviləsi rəsmiləşdirilmişdir. Halbuki heç vaxt o, iddiaçıdan borc pul götürməmişdir. O, almadığı borca görə heç bir öhdəlik daşımır. Yük maşınını da lazımi qaydada geri qaytarmışdır. Sonradan həmin şirkətlə əməkdaşlıq münasibətləri pozulmuş və onlarla əlaqəsi kəsilmişdir.

10. Bundan sonra Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi uydurma müqavilədir. O, 2021-ci ilin oktyabr ayında "xxxx" MMC şirkətinə işə qəbul edilmişdir. İşə qəbul olarkən yük daşıyan maşının (tırın) ona etibar edilməsi üçün şirkətə depozit qoyulması və ya notariusda borc müqaviləsi bağlanması məcburiyyəti qoyulmuşdur. Onun da maddi imkanı olmadığı üçün ikinci ilə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə onu işə götürən X8 göndərdiyi İddiaçı ilə Xırdalan şəhərində yerləşən notariusda borc müqaviləsi bağlamışdır. Halbuki həmin müqavilə üzrə 1 manat da olsun belə ona pul verilməmişdir. Həmin müqavilənin mahiyyəti işə başlamaq üçün hamının “depozit” adlandırdığı bir məsələdir. Onunla müqavilə bağlanan gün digər iki işçi ilə də borc müqaviləsi bağlanmışdır. Daha sonra Rusiya Federasiyasına və Türkiyə Respublikasına 2 dəfə səfər etmiş, lakin X14 onun pulunu kəsmişdir. Aralarında mübahisə yaranmış, Rəmiş depoziti ondan alacağına dair whatsappda onu təhdiddə etmişdir. xx.xx.2021-ci il tarixli borc müqaviləsindən əvvəl onlar biri-birini tanımırdılar. İlk dəfə həmin gün görüşmüşdülər. Borc müqaviləsində cəmi 2 gün sonra onunla əmək müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində şahid kimi ifadəsi alınmış Zəkrəm Cəfərov isə "xxxx" MMC-nin rəhbəri X8 atasıdır. O da həmin şirkətdə işləyibdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin dedikləri borcu verməməkdən ötrü bəhanələrdir. Belə ki, borc verilərkən notariusun kassası vasitəsi ilə cavabdehin hesabına vəsait mədaxil olmuşdur. Həmin vəsaiti də cavabdeh özü götürmüşdür. O, maddi yardım üçün bir neçə iş yoldaşına və digər şəxslərə köməklik göstərmişdir. Lakin cavabdeh və digər iş yoldaşları vicdanlı olaraq borcunu qaytarmaq əvəzinə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınırlar və məsələni başqa şəxlərin üzərinə atırlar. Cavabdeh və onunla bir iş yerində işləyən bəzi sürücülər vicdanlı olmadıqlarına görə əmək məcəlləsinin müvafiq maddələri ilə onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Bu şəxlər nəinki aldıqları borcu qaytarmaq digər şəxslərə qarşıda götürdükləri müqavilə öhdəliklərini yerinə yetirmirlər. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

13. İddiaçı məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə qarşı yazılı etirazında həmçinin, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bundan sonra məhkəmə iclasında məhkəmənin istifadəsində olan telefon nömrəsi vasitəsi ilə iddiaçının istifadəsində olan telefon nömrəsinə zəng etməklə onunla əlaqə yaranmış və məhkəmə kollegiyasının suallarına cavab olaraq, iddiaçı bildirmişdir ki, cavabdehlə 2 il olar ki, tanışdır. xx.xx.2021-ci il tarixdə aralarında kredit müqaviləsi bağlanan zaman cavabdehlə elə bir yaxın münasibəti olmamış, cavabdehi həmin vaxtdan biraz əvvəl tanımışdır. Cavabdeh onun işlədiyi cəmiyyətdə işləyirdi, bu səbəbdən ona borc vermişdir. Ehtiyacı olan və ondan borc istəyən hər kəsə qaytarmaq şərti ilə borc vermişdir. O, bir neçə işçiyə borc vermişdir. Onlardan bəziləri borcu qaytarmış, bəziləri isə qaytarmamışdır. Cavabdehdə borcunu istəmiş, lakin cavabdeh bəhanələr gətirərək, qaytarmamışdır. X14 ilə cavabdeh arasında olan depozit münasibətlərindən məlumatı yoxdur. Bu onların öz işləridir.

14. Məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Məhkəmə iclasında iştirakı Cavabdeh tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bilrimişdir ki, o, da sürücü vəzifəsində işləmişdir. Həmin şirkətin müdiri Rəmiş adlı şəxsdir. Hazırda azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan cəmiyyətin işlərini onun atası aparır. Onunla və digər sürücülərlə, o cümlədən Fərhad İsmayılovla, Ağdaşlı Həsən, Yalçın, Hikmət və Canbulaqla da borc müqavilələri bağlanmışdır. Lakin Vüqar hazırda bu halı etiraf etmir, boyun qaçırır. Onda Vüqarla olan danışığın səs yazısı da mövcuddur. Həmin səs yazısında Vüqar notariat kontorunda ona pul vermədiyini etiraf edir. Vüqar ona qarşı da borcun tutulması tələbi ilə Şirvan Şəhər Məhkəməsində iddia qaldırmış, lakin onun tərəfindən qeyd edilən səs yazısı məhkəməyə təqdim edildikdən sonra həmin iddia rədd edilmişdir. Vüqarla onun arasında borc müqaviləsi bağlanan zaman Vüqarı cəmi 1 gün idi ki, tanıyırdı.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir; 739.1-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.2-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; 200-cü maddəsinin 2-ci hissəsinə əsasən işlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər; 200-cü maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Nəticələr üzrə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir və yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, habelə apellyasiya şikayətinə qarşı etirazı nəzərə alıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsində iddiaçının 9.000 manat məbləğində pulu cavabdehə borc verdiyi, cavabdehin isə həmin məbləğdə krediti xx.xx.2022-ci tarixinədək qaytarmağı öhdəsinə götürdüyü göstərilmişdir. Hazırda iddiaçı həmin məbləğdə pul vəsaitini cavabdehə verdiyini, lakin cavabdehin bu məbləği bugünədək ona qaytarmadığını iddia edir və cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, həmin məbləğin ona borc qismində verilmədiyini, iş üzrə üçüncü şəxs olan "xxxx" MMC-yə sürücü vəzifəsinə işə qəbul edilən zaman gələcəkdə vurula biləcək zərərin qarşılanmasının təminatı olaraq, ona depozitə pul vəsaitinin qoyulmasının və ya borc müqaviləsinin bağlanmasının təklif edildiyini, o da maddi vəsaitinin olmaması səbəbindən borc müqaviləsinin bağlanmasına razılıq verdiyini, lakin ona hər hansı məbləğdə borcun verilmədiyini, həmin cəmiyyətdə formalaşmış qaydaya görə digər sürücülərlə də belə müqavilələrin bağlandığını bildirir və iddianın rədd edilməsini xahiş edir.

27. Məhkəmə kollegiyası tərəflərin mövqeyinə istinadən vurğulayır ki, həm iddiaçı, həm də cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləmişlər. Cavabdeh həmin şirkətə kredit müqaviləsi bağlandıqdan iki gün sonra, yəni xx.xx.2021-ci il tarixdə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixədək həmin cəmiyyətdə işləmişdir. İddiaçı özü də etiraf edir ki, aralarında müqavilə bağlanan zaman cavabdehlə elə bir yaxın münasibəti olmamış, cavabdehi həmin vaxtdan biraz əvvəl tanımışdır. Halbuki, müqavilə bağlanan xx.xx.2021ci il tarixdən əvvəl onları biri-birini tanıması müəyyən edilmir. Ötən dövr ərzində iddiaçının bu məbləği cavabdehdən tələb etməsini təsdiq edən hər hansı sübut, o cümlədən yazışma və ya bu istiqamətdə hər hansı hərəkətin edilməsi halı mövcud deyil.

28. Cavabdeh iddiaçının borc verdiyi yeganə iş yoldaşı deyil. Belə ki, X22 adlı şəxs xx.xx.2021-ci il tarixdə həmin cəmiyyətə beynəlxalq yük daşıyan sürücü vəzifəsinə işə qəbul edilmiş və bundan sonra xx.xx.2021-ci il tarixdə onunla da iddiaçı arasında 9.000 manat məbləğində pulun xx.xx.2022-ci il tarixədək borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə X15 və X12 adlı şəxslər arasında ayrı-ayrılıqda 13.500 manat məbləğində pul vəsaitinin borc verilməsinə dair xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə isə onların hər ikisi cəmiyyətə beynəlxalq sürücü vəzifəsinə işə qəbul edilmişlər. İddiaçı ilə X9 arasında 3.400 manat məbləğində pul vəsaitinin verilməsinə dair kredit müqaviləsinin bağlanması və sonuncunun da həmin cəmiyyətə beynəlxalq sürücü vəzifəsinə işə qəbul edilməsi eyni, yəni xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. İş materiallarına əsasən iddiaçı ilə cəmiyyətdə sürücü işləyən digər şəxslər arasında da kredit müqavilələri bağlanmış, lakin onların işə qəbul tarixi barədə məhkəməyə hər hansı məlumat təqdim edilməmişdir.

29. İşə birinci instansiya məhkəməsində baxılan zaman xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh iddia tələbi ilə razılaşmadığını, iddiaçıya borcunun olmadığını bildirmişdir. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin bu mövqeyini aydınlaşdırmamış, ümumiyyətlə Mülki Prosessual Məcəllənin 167-ci maddəsinin tələblərinə uyğun hər hansı prosessual hərəkət yerinə yetirilməmişdir. Növbəti məhkəmə iclaslarında isə cavabdeh iştirak etməmişdir. Halbuki, iddia tələbinin əsaslığına dair xx.xx.2021-ci il tarixli kredit müqaviləsi iş materiallarına əlavə edilmişdir. İddiaçı da müqavilədə göstərilən məbləğin bugünədək ona ödənilmədiyini iddia etmişdir. Başqa sözlə, bunun üçün bütün prosessual imkanlar mövcud olmuşdur.

30. İddiaçı tərəfin də iştirak etdiyi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təmin edilmiş vəsatətə uyğun olaraq ifadə verən şahid X10 iddiaçı və cavabdehlə bir yerdə işlədiyini, iddiaçının cavabdehə 9.000 manat məbləğində borc verdiyini, cavabdehin isə həmin borcu qaytarmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi də öz qətnaməsində şahidin verdiyi məlumatları şübhədənkənar faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün sübut növü kimi qiymətləndirmiş və bunu şahidin baş verənləri aydın və müfəssəl təsvir etməsi, şahidin ifadəsinin mülki işin materialları ilə təkzib edilməməsi və hadisələrin məntiqi ardıcıllıqla əks etdirilməsi ilə əsaslandırmışdır. Halbuki, şahidin ifadəsi iki cümlədən ibarət olmuşdur. Nəticə etibarı ilə şahidin iddiaçının cavabdehə borc verməsi və cavabdehin bu borcu qaytarmaması barədə hansı qaydada (şəxsən görüb, yanında söhbət olub və sair) məlumatlı olması kimi əsas suala cavab alınmamış, ümumiyyətlə şahidin adı məhkəmə iclas protokolunda və qətnamədə Əkrəm olaraq səhv göstərilmişdir.

31. Nəzərə alınmalıdır ki, şahid X10 iddiaçının və cavabdehin, habelə iddiaçı ilə borc müqaviləsi bağlamış yuxarıda göstərilən digər şəxslərin işlədiyi "xxxx" MMC-nin qanuni təmsilçisi olan və səsli smsdə cavabdehə aralarında depozitin olmasını bildirdən X8 atasıdır. Halbuki, cavabdehin hər hansı məbləğdə pulu həmin vaxt işlədiyi "xxxx" MMCnin və ya bu cəmiyyətlə bağlı olan hər hansı şəxsin xeyrinə depozitə qoyulması nə öz təsdiqini tapır, nədə ki, müəyyən edilir. Həmin şirkətin əməkdaşı olan iddiaçı da telefon vasitəsi ilə ona verilən suallara cavab olaraq depozit barədə məlumatlı olmadığını bildirmişdir. Həmçinin, digər işçilərdən fərqli olaraq şahid kimi ifadəsi alınmış X10 ilə iddiaçı arasında hər hansı borc müqaviləsi də bağlanmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər mübahisənin düzgün həll edilməsinin, o cümlədən işin bütün halarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsi baxımından mötəbər sübut kimi qəbul edilməlidir.

32. Bununla belə, məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini və buna uyğun olaraq aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi onun tərəflərinin, yəni iddiaçı və cavabdehin əsl hüquqi niyyətlərini əks etdirmir və müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun deyil.

33. Həmin müqavilə bağlanarkən qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə (müqavilə yazılı bağlanmış, notariat qaydada təsdiq olunmuş, pul vəsaiti notariusun depozit hesabından dövr etmişdir) formal baxımdan əməl olunmuşdur. Halbuki, əqdin etibarlı olması üçün təkcə sadalanan tələblərə əməl edilməsi kifayət deyil. Zahirən əqdlərə dair tələblərə uyğun şəkildə bağlanmış müqavilənin mütləq şəkildə etibarlı olması kimi birmənalı qiymətləndirilmə “əqdlərin etibarsızlığı” institutunun əhəmiyyətsizliyinə gətirib çıxarmış olardı.

34. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə beynəlxalq yük daşıyan sürücü vəzifəsinə işə qəbul olunmuş və buna uyğun olaraq, əsas əmək funksiyası başqa ölkələrə yük daşımaqdan ibarət olmuşdur ki, bu işin yerinə yetirilməsi zamanı da hər hansı səbəbdən işəgötürənə (həmin vəziyyətdə "xxxx" MMC-yə) maddi ziyanın vurulması və bu nəticənin cavabdehin qanunazidd hərəkəti (təqsirinin olması) ilə bağlı olması istisna deyil. Cavabdehin işə qəbul olunmasından 2 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə kredit müqaviləsinin bağlanması da məhz yaranmış əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq cavabdehin üzərinə tam maddi məsuliyyətin qoyulması məqsədini daşımışdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməyən və görüntü üçün bağlanmış, həqiqətdə cavabdehin cəmiyyət qarşısında tam maddi məsuliyyətini yaradan tam maddi məsuliyyət daşıması barədə yazılı müqaviləni pərdələyən müqavilə kimi qiymətləndirilməlidir. Qeyd edilənlər öz növbəsində həqiqətdə iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə pulun borc qismində verilmədiyini, müqavilənin yalan əqd olduğunu, əmək münasibətlərindən irəli gələrək, yaranacaq hər hansı maddi zərərin ödənilməsini təminat altına almaq məqsədi ilə bağlandığını və bu baxımdan etibarsız olmasını təsdiq edir.

35. Bu müqavilənin etibarsız olması həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, həmçinin, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri ilə də təsdiq edilir. Belə ki, ümumi mənzərəyə əsasən kredit müqaviləsi bağlanan zaman 400 manat əmək haqqı alan iddiaçı həmin tarixədək tanımadığı cavabdehə birdən birə özünün 22 aylıq əmək haqqı məbləğinə bərabər olan və bu baxımdan kifayət qədər yüksək hesab edilən məbləğdə pulu xx.xx.2021-ci il tarixdə, cəmi 4 ay müddətinə (faktiki olaraq müqavilə müddətinə, xx.xx.2022-ci il) borc verir. Bundan iki gün sonra cavabdeh iddiaçının işlədiyi cəmiyyətə aylıq 500 manat məbləğində əmək haqqı nəzərdə tutulan və bu baxımdan həmin borcun şərtləşdirilmiş müddətdə qaytarılmasını nəinki sual altına alan, ümumiyyətlə qeyrimümkün edən sürücü vəzifəsinə işə düzəlir. Eyni zamanda, iddiaçı həmin tarixdə cəmiyyətdə sürücü vəzifəsində işləyən və 500 manat əmək haqqı alan X16 da eyni, yəni xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə həmin, yəni 9.000 manat məbləğində pulu borc verir. Bu müqavilələri cəmiyyətdə sürücü işləyən X17 (13.500 manat), X11 (13.500 manat) və X7 (13.500 manat) 18 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, yenə də 4 ay müddətinə ümumilikdə 40.500 manat məbləğində pulu borc verdikdən sonra bağlayır (ümumiyyətlə borc verdiyi şəxslərin hamısı qeyd edilən cəmiyyətin sürücüləridir). Cavabdehlə cəmiyyət arasında bağlanmış müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq, sonrakı dövrdə pulunu tələb etmir (hər hansı yazışma və ya iddiaçının cavabdehə müraciəti müəyyən edilmir), yalnız müqavilə müddəti bitdikdən, 9 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə icra qeydinin aparılacağı barədə cavabdehə bildiriş göndərir (icra qeydi verilməmişdir, belə bir hal müəyyən edilmir) və xx.xx.2023-cü il tarixdə ona qarşı məhkəmədə iddia qaldırır.

36. Kredit müqaviləsinin cavabdehin işə qəbul edilməsindən 2 gün əvvəl bağlanması isə cavabdehin hər hansı qanunazidd hərəkəti nəticəsində işəgötürənə bu məbləğdə (ümumiyyətlə hər hansı məbləğdə) maddi zərərin vurulmasının etirafı xaraktekrini daşımamışdır.

37. Lakin tərəflər arasında kredit müqaviləsi bağlanarkən əslində onların işçi olduqları cəmiyyətin cavabdehlə tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilənin bağlanmasının nəzərdə tutulmasına baxmayaraq, həmin cəmiyyət iddiaçı olmadığından, habelə cavabdehin işçi olduğu dövrdə cəmiyyətə hər hansı məbləğdə maddi zərər vurması barədə ümumiyyətlə hər hansı fikir söylənilmədiyindən tam maddi məsuliyyət haqqında müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən qaydaları tətbiq etmək mümkün deyildir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə nəinki 9.000 manat, ümumiyyətlə hər hansı məbləğdə pul vəsaiti borc verilməmiş, bu müqavilə cavabdehin həmin vaxt sürücü vəzifəsində işlədiyi "xxxx" MMC qarşısında tam maddi məsuliyyətini yaradan tam maddi məsuliyyət haqqında yazılı müqaviləni pərdələmək məqsədi ilə bağlanmışdır. Bu da öz növbəsində həmin müqavilənin yalan əqd olmaqla, əhəmiyyətsiz olmasını təsdiq edir və bu müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə hər hansı məbləğdə pulun tutulmasını istisna edir. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1659/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar