Məhkəmə qərarları › İş №2(103)-4720/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4720/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4720/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «maddi zərər, məhkəmə aktının preyudisiallığı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi X4 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 nömrəli xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X21, X5, X13, X14 və X15 (yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X18 ilə birlikdə) iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılması; Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli cavabdeh İddiaçı alınaraq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə ilə Cavabdeh Rəşad Əliyev adı şəxsin vasitəçiliyi ilə bağ evinin İddiaçı 32000 ABŞ dollarına satılması ilə bağlı razılığa gəldiyi, lakin ona cəmi 8.000 ABŞ dolları ödənildiyinin etiraf etməsi və həmin məbləği də qaytarmağa hazır olduğu müəyyən edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(103)-2200/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 apellyasiya şikayəti təmin edilməmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3190/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(103)-2200/2023 saylı qətnaməsindən cavabdeh X6 apellyasiya şikayəti təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin qarşılığı olaraq 59500(35000 ABŞ dollarının hazırki məzənnə ilə qarşılığı - 35000 ABŞ dolları x 1,70 manat = 59500 manat) manatın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 270 manat rüsumun, ümumilikdə 59770 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilir ki, 2009-cu ildə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsi Cavabdeh 35000 ABŞ dolları məbləğində pul vəsaiti ödəyərək satın alınmış və bütün məbləği Cavabdeh tam şəkildə ödəmişdir. Buna görə də Cavabdeh xx.xx.2009-cu ildə həmin bağ sahəsinə dair ona xx.xx.2038-ci ilədək qüvvədə olan və özündə geniş səlahiyyətləri, o cümlədən sözügedən bağ sahəsinin üzərində sərəncam vermək səlahiyyətini əks etdirən baş etibarnamə vermişdir. Həmin etibarnamə əsasında sözügedən bağ sahəsinə çıxarış əldə etmişdir. Lakin əlavə xərc çıxmasın deyə çıxarışı Cavabdeh öz adına çıxartdırmışdır. Bundan sonra, ona təcili olaraq pul lazım olduğuna görə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsini dəyərindən daha ucuz qiymətə etibarnamə əsasında X1. Həmin bağ sahəsini Famiz Paşazadəyə satan zaman bağ sahəsinin Cavabdeh adına almış olduğu çıxarışı ona təqdim edərək gələcəkdə həmin bağ sahəsi üzərində hər hansı bir mübahisənin çıxmaması üçün sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməsini ona izah etmişdir. Hətta bir müddət sonra Famiz Paşazadədən sözügedən bağ sahəsini öz adına rəsmiləşdirib-rəsmiləşdirmədiyini soruşduqda ona artıq bağ sahəsini öz adına rəsmiləşdirdiyini bildirmişdir. X23 öz işinə məsuliyyətsiz və laqeyid yanaşaraq sözügedən bağ sahəsini öz adına rəsmiləşdirməmişdir. Həmçinin, Famiz Paşazadə həmin bağ sahəsini ondan satın aldıqdan sonra orada tikinti-təmir, bərpa işləri həyata keçirmiş və uzun müddət ailə üzvləri ilə birlikdə həmin bağ sahəsində yaşamışdır. Cavabdeh ona satmış olduğu Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinin plana düşdüyünü və söküləcəyi gözləndiyindən xəbər tutduqda bu yolla əlavə qazanac əldə edərək əsassız varlanmaq niyyəti ilə xx.xx.2020-ci ildə ona verdiyi etibarnaməni ləğv edərək, ona və digər cavabdehlərə qarşı bağ sahəsindən çıxarılma və sənədlərin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra Cavabdeh iddia tələbi təmin edilmişdir. Cavabdeh Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinin çıxarışının öz adına olmasından istifadə edərək xx.xx.2009-cu ildə ona verdiyi baş etibarnaməni xx.xx.2020-ci ildə ləğv etmiş və həmin bağ sahəsinə qarşı əsassız iddia qaldırmışdır. Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsini Cavabdeh 35000 ABŞ dollan məbləğində pul vəsaiti ödəyərək satın almış və bütün məbləği dollar şəklində Cavabdeh tam şəkildə ödəmişdir. Belə ki, qanuni qüvvələrini almış Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3275 nömrəli qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3190/2023 nömrəli qərarında da Cavabdeh tərəfindən həmin bağ sahəsinin satın alınması üçün ona pulun ödənildiyini qismən etiraf etmişdir. Cavabdeh bildirmişdir ki, guya sözügedən bağ sahəsini satın alan zaman 8000 ABŞ dolları məbləğində borcu qalmışdır və o, da buna görə həmin etibarnaməni ləğv edərək bağ sahəsinə qarşı iddia qaldırmışdır. Bu xüsusat pulun tam ödənilməməsi hissəsində tamamilə əsassızdır, pul Cavabdeh tam şəkildə ödənilmişdir. Əgər həmin bağ sahəsinin pulu Cavabdeh tam şəkildə ödənilməmişdirsə və onun cavabdehə borcu qalmışdırsa, nəyə görə 2021-ci il tarixinə kimi Cavabdeh heç bir iddia tələbi qaldırmamış, heç vaxt ondan pulunu istəməmiş, həmin bağ sahəsinə gedərək pulunu tam şəkildə ödəməklə bağlı heç bir mübahisə yaratmamış və ya tələb irəli sürməmişdir?! Həmin bağ sahəsinin qarşılığı olaraq 35000 ABŞ dollarını Cavabdeh tam şəkildə ödəmiş, Cavabdeh həmin bağ sahəsinin çıxarışını öz adına olduğunu əvvəlcədən bildiyi üçün, sözügedən bağ sahəsinin plana düşdüyünü və söküləcəyindən xəbər tutduqda əsassız varlanmaq niyyətini həyata keçirməyə üçün pulun tam ödənməməsi adı altında əsassız iddia tələbi irəli sürmüşdür. Cavabdeh pulu ödəməyini qismən etiraf etməsi ona həmin bağ sahəsinin pulunu tam şəkildə ödəməyinin bariz nümunəsidir. Həmçinin sözügedən bağ sahəsinin pulunu tam şəkildə ödəməyini təsdiq edən xüsusatlardan biri də Cavabdeh tərəfindən özündə həmin bağ sahəsi üzərində geniş səlahiyyətləri həyata keçirmək və etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsini özündə ehtiva edən uzun müddətli baş etibarnamənin verilməsidir. Belə ki, əgər mübahisəli bağ sahəsinin pulu Cavabdeh tam şəkildə ödənilməmişdirsə, nəyə görə cavabdeh ona verilmiş etibarnamə üzrə səlahiyyətlərinin başqa şəxslərə ötürülə bilməsinə razılıq vermişdir. Cavabdeh istədiyi zaman sözügedən bağ sahəsinin satması üçün etibarnamə əsasında ona verdiyi səalhiyyətlərin başqasına ötürülməsinə razılıq vermişdir. Sadəcə Cavabdeh öz əsassız varlanmaq niyyətini həyata keçirmək üçün bağ sahəsinin pulunu tam şəkildə ödəmədiyini bildirərək ona verdiyi etibarnaməni ləğv edib əsassız şəkildə sözügedən bağ sahəsinə qarşı iddia tələbi qaldırmış və bağ sahəsini geri almışdır. Buna görə də cavabdehin ona vurduğu maddi ziyanın qarşılığı olaraq Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinini satın almaq üçün ödənilmiş 35000 ABŞ dolları (dolların, bügünkü günə olan məzənnəsinə uyğun hesablanmaqla) məbləğində pul vəsaiti cavabdehdən tutluaraq ona ödənilməlidir. Bundan başqa Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-3190/2023 nömrəli qərarında cavabdehin bağ sahəsini almaq üçün ödənilmiş pulun geri qayatarmağa hazır olduğunu bildirməsi də öz əksini tapmışdır. X2 Ağası Balağa oğluna və ona qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə, həmçinin Cavabdeh ona və X7 qarşı "cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların cavabdehlərin hesabına sökülməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraçiət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7748/2023 saylı qərarı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-5881/2023 nömrəli qərardadı ilə bir icraatda birləşdirilmiş 2(001)- 365/2023 saylı mülki iş hal-hazırda Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Hətəmzadənin icraatındadır. Belə ki, 16 noyabr 2023-cü il tarixdə Cavabdeh və Famiz Paşazadəyə qarşı qarşılıqlı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-365/2023 saylı qəradadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməyərək geri qaytarılmışdır. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2024 saylı, 24 aprel 2024cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbinin qismən təmin edilərək Cavabdeh 8000 ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pulun və 61 (altmış bir) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi; 208,31 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi; qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşdırması zamanı müəyən olunmuşdur ki, tərəflər Goradil bağ massivində yerləşən 1362 V nömrəli bağ evinin etibarnamə əsasında alqı-satqısına dair razılığa gəliblər. Sonradan aralarında yaranan narazılıqlardan sonra Cavabdeh məhkəməyə müraciət edərək həmin bağ sahəsini İddiaçı və digər şəxslərdən geri tələb etmiş və məhkəmə qətnaməsi ilə də həmin iddia təmin edilmiş, adi çəkilən bağ sahəsi Cavabdeh geri qaytarılmışdır. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, hazırki iş üzrə cavabdeh ümumiyyətlə İddiaçı tanımadığını və ondan heç bir pul vəsaiti almadığını qeyd edir. İddiaçı isə Cavabdeh məhz Goradil bağ massivində yerləşən 1362 V nömrəli bağ evinin alqısatqısına görə 35000 ABŞ dolları məbləğində pul verdiyini iddia edir. Yəni, Nuriyevin Qədirova pul verməsi və verildiyi halda hansı məbləğdə və nəyə görə verilməsi işin mübahisəli halıdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında İddiaçı Cavabdeh 8000 ABŞ dolları məbləğində pul verməsi faktı öz əksini tapmışdır. Belə ki, cavabdeh məhkəmədə bu etirafı özü etmişdir. Həmçinin xüsusilə vurğulanmalıdır ki, hazırki iş üzrə cavabdeh qeyd olunan pul məbləğini 1701 saylı başqa bir bağ sahəsinə görə verdiyini israrla qeyd etsə də, Ali Məhkəmənin qeyd olunan qərarının 8-ci və 9-cu bəndlərinə nəzər saldıqda aydın şəkildə görünür ki, məhz 1362 V saylı bağ sahəsinə görə ilkin ödəniş olaraq onun 8000 ABŞ dolları məbləğində pul aldığını və həmin pulu geri qaytarmağa hazır olduğunu etiraf etmişdir. Bundan başqa, Cavabdeh İddiaçı tanımadığını və pulu Rəşad adlı “maklerə” verdiyini qeyd etsə də, məhkəmə buna belə münasibət bildirir ki, hər hansısa əmlakı satarkən yalnız “maklerlə” danışaraq əmlakını satdığın şəxsi tanımamaq bir o qədər də inandırıcı görünmür. Həm belə olmuş olsaydı da, həmin pulun məhz Nuriyev tərəfindən ödənildiyi aydın görünür. Belə ki, Binəqədi Rayon Məhkəməsində Cavabdeh torpaq sahəsini geri tələb edərkən də Rəşad adlı “makleri” yox, məhz İddiaçı cavabdeh kimi qoymuş və bağ sahəsini ondan da tələb etmişdir. Deməli, elə pulu ödəyən də İddiaçı olmuş və hazırda onun belə bir iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Beləliklə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinin Cavabdeh alınması üçün iddiaçı tərəfindən 8000 ABŞ dolları məbləğində pulun ödənilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən hazırkı işdə iştirak edən şəxslər tərəfindən yenidən sübut edilmir. Buna görə də iddia tələbi həmin hissədə təmin olunmalıdır. Qalan hissədə isə iddia təmin edilə bilməz. Çünki iddia tələbində qeyd olunan məbləğdə pulun verilməsinə dair heç bir sübut yoxdur. İddiaçının göstərdiyi dəlillər isə hamısı ehtimaldır. Ehtimala əsasən isə iddia təmin oluna bilməz. Bundan başqa, tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehlərdən tutulmalı olan cəmi 8000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü ildə ********** nömrəli qəbzlə 270 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cəmi 35000 ABŞ dolları məbləğində iddianın 8000 ABŞ dolları hissəsi (22,85 faizi) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 22,85 faizi, yəni 61,69 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 208,31 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib şikayətini bununla əsaslandırır ki: İddiaçı ümumiyyətlə tanımır, atası X19 və qardaşı X10 da İddiaçı tanımır. İddiaçı də onları tanımır və görməmişdir. İddiaçı onlara heç vaxt hər-hansı məbləğdə pul verməmişdir. 2009-cu ildə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 12 sotdan ibarət 1362V nömrəli bağ sahəsini satın almasına görə ona 35.000 ABŞ dolları ödədiyini göstərməsi tamamilə yalandır və böhtandır. Çünki 2009-cu ildə hərbi xidmətdə olmuş, lakin həqiqət ondan ibarətdir ki, 2009-cu ildə adından İddiaçı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 12 sotdan ibarət 1362V nömrəli bağ sahəsi üzərində sərəncam vermək hüququ ilə etibarnamə verilmişdir. Həmin dövrdə müddətli hərbi qulluqda olduğuna görə etibarnamə qardaşı X9 tərəfindən imzalanmış və Rəşad adlı şəxsə təqdim edilmişdir. Rəşad adlı şəxs isə öz növbəsində həmin etibarnaməni İddiaçı vermişdir. Etibarnamə qardaşı Asəf Ağasızadə tərəfindən notariat kontorunda imzalanan zaman İddiaçı notariat kontorunda olmamışdır. X12 adından İddiaçı adına hansı əsasla etibarnamə verməsini bilmir. Lakin Asəf etibarnaməni imzalayarkən yetkinlik yaşına çatmamışdır. Belə ki, adından İddiaçı adına verilmiş etibarnamə Bakı şəhəri 26 saylı dövlət notariat kontorunda 30 may 2009-cu il tarixdə dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmişdir. Adından etibarnaməni imzalamış qardaşı Asəf Ağasızadə etibarnaməni imzalayarkən yetkinlik yaşına çatmadığından məhdud fəaliyyət qabiliyyətli olmuşdur. Mülki Məcəllənin 30.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayandələrinin-valideynlərinin, övladlığa götürənlərinin və ya həmçinin yazılı razılığı ilə bağlayırlar. Göründüyü kimi, xx.xx.1991-ci il təvəllüdlü qardaşı X3 onun adından imzaladığı etibarnamə məhdud fəaliyyət qabiliyyətli olması səbəbindən etibarlı hesab edilə və ondan istifadə edilə bilməzdi. Odur ki, iddiaya qarşı məhkəməyə təqdim etdiyi yazılı etirazda və məhkəmə baxışında qeyd etdiyi maddi hüquq normasının tələblərinin pozulmasını məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə bu pozuntuya münasibət bildirməmişdir. Bunlarla yanaşı, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad edərək qeyd etmişdir ki, atası X19 nümayəndə olaraq onu həmin mülki işlər üzrə məhkəmə baxışında təmsil edərək guya İddiaçı 8000 ABŞ dolları beh aldığını etiraf etmiş və öədəməyə hazır olduğunu bildirmişdir. Həqiqətən də məhkəmənin sübut kimi istinad etdiyi məhkəmə aktlarında atası ona 8000 ABŞ dolları verildiyini etiraf etmiş və qaytarmağa hazır olduğunu bildirmişdir. Lakin atası Balağa Qədirov heç vaxt deməmişdir ki, ona İddiaçı 8000 ABŞ dolları beh vermişdir. Çünki əgər iddiaçını görməmişsə, onunla bağ sahəsinin ona satılması və bağın qiyməti ilə bağlı hər hansı razılaşma olmamışdırsa, onda iddiaçı atasına, ümumiyyətlə onlara hansı əsasla pul verə bilərdi? X25 isə İddiaçı deyil, Rəşad adlı şəxs 8000 ABŞ dollarını beh olaraq hələ İddiaçı etibarnamə verilməzdən əvvəl vermişdir. Ona görə ki, atası Rəşad adlı şəxsə onun adına olan bağ sahəsinin sənədləri ilə yanaşı, X8 etibarnamə ilə aldığı 12 sotdan ibarət 701 saylı bağ sahəsinin sənədlərini də vermişdir. Rəşad adlı şəxs isə məhz 8000 ABŞ dollarını X11 adına olan 12 sot bağ sahəsinə görə atasına beh olaraq vermişdir. Birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad edib, atası X4 İddiaçı 8000 ABŞ dolları beh alması nəticəsinə gələrək iddianı qismən təmin etmin etməklə ondan 8000 (səkkiz min) ABŞ dolları (ödəniş gününə olan manat məzənnə ilə) məbləğində pulun, 61 (altmış bir) manat 69 (altmış doqquz) qəpik dövlət dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsini qət etməsi Mülki Məcəlləsinin 385-386-cı maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

9. İddiaçı dəftərxana vasitəsilə məhkəməyə təqdim etdiyi və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə yazılı etirazda qətnaməni qanuni və əsaslı hesab etmiş, ona görə də apellyasiya şikayətinin rədd edilib qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X19 və nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş etdilər.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il qərarında qeyd olunub ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Əvvəla, təmin edilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübhaisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılr.

22. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin iddiası təmin edilərək digər cavabdehlərin bağ sahəsindən çıxarılmasının qət olunması ilə yanaşı, mübahisə predmeti olmuş bağ sahəsinə dair daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əslinin cavabdeh İddiaçı alınaraq, iddiaçı Cavabdeh verilməsi də qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh Rəşad Əliyev adı şəxsin vasitəçiliyi ilə bağ evinin İddiaçı 32000 ABŞ dollarına satılması ilə bağlı razılığa gəldiyi, lakin ona cəmi 8.000 ABŞ dolları ödənildiyini etiraf etməsi və həmin məbləği də qaytarmağa hazır olduğunu bəyan etməsi müəyyən edilmişdir. Başqa sözlə həmin işdə iddiaçı tərəf özü həmin faktları etiraf və təsdiq etmişdir. Onu buna məcbur edən olmamışdır. Cavabdehin həmin işdəki etirafedici izahatı, iddiaçını iddia etdiyi halları sübut etmək yükündən azad edir. Demək ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin qətnamə qanuni qüvvəyə mindiyi üçün o işdə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı hazırkı prosesdə tərəflər mübahisə edə bilməzlər.

25. Ancaq cavabdeh iddia qismən təmin edilsə də bununla da razılaşmır. Şikayətində iddiaçını özü, atası və qardaşının tanımadığını, ondan hansısa məbləğdə pul almadığını, həmin vaxt hərbi xidmətdə olduğu üçün etibarnaməni onun adından yetkinlik yaşına çatmayan, yəni tam fəaliyyət qabiliyyəti olmayan qardaşı imzaladığından bu maddi hüquq normasının pozulmasına məhkəmənin münasibət bildirmədiyini göstərir. Ancaq cavabdehin yaxud onun yaxın qohumlarının iddiaçını tanımaması həqiqi olsa belə bu hal iddianın əsassızlığına dəlalət etmir. Çünki iddiaçını tanımırdılarsa yaxud ondan təmin edilən məbləğdə pul vəsaiti alınmamışdırsa bağ sahəsinə dair onun adına etibarnamə verilməsinin də inandırıcı və ağlabatan səbəbləri olmalıdır. Ancaq cavabdeh tərəf belə səbəbin olduğuna dair ciddi arqument irəli sürmür. Etibarnamənin onun adından yetkinlik yaşına çatmayan qardaşının imzalaması halı da həqiqi olsa belə bu da heç nəyi dəyişmir. Əvvəla ona görə ki, cavabdeh heç vaxt, o cümlədən digər işdədə bu dəlildən istifadə etməmiş və buna dair məhkəməyə sübut təqdim etməmişdir. İkincisi, bu dəlil həqiqi olsa belə etibarnamənin uzun illər qüvvədə qalması cavabdehin onu bəyənməsinə dəlalət edən hal hesab edilir. Ona görə də bu cür dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edlməsi üçün əsas ola bilməz.

26. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı qeyd olunur ki, cavabdeh tərəf 8000 ABŞ dollarını hələ iddiaçıya etibarnamə verməmişdən əvvəl Rəşad adlı makler tərəfindən verildiyini bəyan edirsə, onda etibarnaməni və bağ sahəsinə dair digər sənədləri niyə məhz Rəşad adlı şəxsə deyil iddiaçıya verməsinin ağlabatan səbəblərini də göstərməlidir. Ancaq göstərə bilmir. Çünki bu cür bəyanat həyatda həmişə baş verən hallara uyğun gəlmir. Başqa sözlə, insan tanımadığı və görmədiyi başqa şəxsə heç bir səbəb olmadan öz əmlakına dair hüquqmüəyyənedici sənədləri və sərəncam vermək də daxil olmaqla, istənilən səlahiyyətin verilməsini etibar edə bilməz. Mütləq ki, bunun bir ciddi səbəbi olur.

27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar