Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4721/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borc müqaviləsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində reyestrdə 3M-969 nömrə ilə qeydə alınmış kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh2 125 000 ABŞ dolları məbləğində faizsiz borc vermiş, Cavabdeh2 xx.xx.2022-ci il tarixinədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı kredit müqaviləsi üzrə 212 500 manat məbləğində pulu notariusun "xxxx" ASC-də olan AZ44MUGA**********00001AZM27 nömrəli depozit hesabına mədaxil etmişdir.
3. ünvan 1 ünvanlayaraq kredit müqaviləsi üzrə ödənilməli olan 212 500 manatın Cavabdeh2 verilməsi üçün bankda olan AZ44MUGA**********00001AZM27 nömrəli depozit hesaba qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh2 aldığı borcdan 8000 ABŞ dollarını İddiaçı qaytarmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı (iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən xeyrinə 117 000 ABŞ dollarının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə arasında 125 000 ABŞ dolları borc verilməsinə dair Bakı şəhəri 5 saylı notariat ofisində xx.xx.2022ci il tarixdə 3M-969 reyestr nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin 2-ci bəndinə görə Cavabdeh2 borcu xx.xx.2022-ci il tarixinədək bütövlükdə və ya hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə görə “Borc verən” bu müqavilənin 1-ci bəndində göstərilən borc məbləğini Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixinə ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə əsasən (1 ABŞ dolları-1.70 manat) notariusun bankda açılan depozit hesabı vasitəsi ilə “Borc alana” ödəmişdir. Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edərək Cavabdeh2 125 000 ABŞ dollarını borc şəklində versə də, cavabdeh üzərinə düşən öhdəliyi müqavilədə qeyd edilən müddətə icra etməmişdir. Cavabdeh tərəfindən alınmış pulun bir hissəsi, yəni 8000 ABŞ dolları qaytarılmış, 117 000 ABŞ dolları isə bu günədək qaytarılmamışdır. Cavabdeh1 Cavabdeh2 arvadı olduğundan alınmış borc onların birgə nikahları dövründə yaranmış öhdəlikləridir. Buna görə borc cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Tərəfindən dəfələrlə pulun ödənilməyən hissəsinin geri qaytarılması tələb edilsə də, heç bir nəticəsi olmamışdır.
7. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 izahatında bildirmişdir ki, müqavilə bağlandıqdan sonra qeyd edilən borc üzrə iki dəfə 20 000 ABŞ dolları olmaqla cəmi 40 000 ABŞ dolları ödəniş edilmişdir. Odur ki, ödənişlər nəzərə alınaraq iddia qismən təmin edilməlidir.
8. Məhkəmənin şahid qismində dindirdiyi X4 ifadəsində göstərmişdir ki, Cavabdeh2 ilk növbədə onun dostudur, çox yaxın münasibətləri var və dostluqdan başqa Cavabdeh2 sürücüsüdür. 2018-ci ildən başlayaraq dəfələrlə Cavabdeh2 tərəfindən göndərilmiş fərqli məbləğlərdə pulları iddiaçıya aparıb vermişdir. Bir müddət əvvəl Cavabdeh2 ilə iddiaçının yaşadığı məhəlləyə getmiş, Cavabdeh2 onun yanında 20 000 ABŞ dolları sayıb İddiaçı vermişdir. Bundan bir həftə - on gün sonra, cavabdehlə yenidən iddiaçının yaşadığı məhəlləyə getmiş, lakin pulu götürməyə iddiaçının oğlu düşmüşdür. Cavabdeh2 iddiaçının oğluna 34 000 manat məbləğində pul vermişdir. Onlar yolda gedərkən, iddiaçı, Cavabdeh2 zəng edərək, pulun ona ABŞ dolları şəklində lazım olduğunu bildirmiş, bundan sonra pulu ABŞ dollarına çevirib iddiaçıya vermişlər.
9. Birinci instansiya məhkəməsinin 12 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 117 000 ABŞ dollarının (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:
10.1. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyini yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Belə ki, İddiaçı tərəfindən Cavabdeh2 125 000 ABŞ dolları məbləğində pulun verilməsi tərəflər arasında yazılı şəkildə bağlanmış borc müqaviləsi, həmçinin kassa qəbzi ilə öz təsdiqini tapmışdır. Borcun qaytarılmasını sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh iddia tələbini təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. 10.2. Məhkəmə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 müqavilədən sonra cavabdeh tərəfindən borc üzrə ümumilikdə 40000 ABŞ dolları ödəniş etməsi ilə bağlı izahatına, həmin halın təsdiq edilməsi üçün təqdim edilmiş şahid ifadəsinə münasibətdə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə təqdim edilmiş şahidin ifadəsini möhtəbər sübut kimi qəbul etmir. Belə ki, təqdim edilmiş şahid öz ifadəsində Cavabdeh2 ilə yaxın dost olduğunu və həmçinin sonuncunun sürücüsü işləməsini qeyd etmişdir. Bunlar isə şahidin cavabdehin xeyrinə ifadə verməsini istisna etmir və bunu nəzərə alaraq məhkəmə şahid ifadəsini möhtəbər sübut kimi qiymətləndirmir. 10.3. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, müqavilənin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. 10.4. Məhkəmə iddianın borcun eyni zamanda digər Cavabdeh1 da tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, borc müqaviləsi İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, Cavabdeh1 həmin müqavilə üzrə tərəf olmamış və heç bir öhdəlik götürməmişdir. İddiaçı kreditin birgə nikah müddətində götürülməsi səbəbdən borclunun arvadı-Cavabdeh1 cavabdeh qismində göstərmişdir. Lakin götürülmüş borc məbləğinin Cavabdeh1 aid olmasına, həmin məbləğin ailə ehtiyacları üçün götürülməsinə dair sübut təqdim etməmişdir. 10.5. Məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, Cavabdeh2 müqavilə üzrə öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cavabdeh2 tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə 125000 ABŞ dolları borc yaranmış və həmin borcdan 8000 ABŞ dolları ödənilməsi iddiaçı tərəfindən bildirilmişdir.
11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 739.1-ci, 740-cı maddələrinə istinad etmişdir.
12. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh2 nümayəndəsi onun ləğv olunmasını və iddia tələbinin etiraf olunan həcmdə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə qarşı birinci instansiya məhkəməsində verilən etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, şahid ifadəsini əsassız olaraq mötəbər sübut kimi qəbul etmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
14. Məhkəmə iclasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasına qərar verilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
16. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
17. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
21. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
26. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsə də, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə, qətnamənin Cavabdeh1 ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
38. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
39. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
40. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə əsasında 125 000 ABŞ dolları borc verdiyini, cavabdehin borcdan 8000 ABŞ dollarını qaytardığını, lakin qalan hissəsini müəyyənləşdirilmiş vaxt ərzində qaytarmadığını irəli sürür; cavabdeh isə iddiaçıya borcunun olduğunu inkar etməməklə yanaşı, borcundan 40 000 ABŞ dolları ödəniş etdiyini bildirməklə iddiaya qismən etiraz edir.
41. Beləliklə, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739.1ci maddəsi nəzərdən keçirilə bilər (§ 23) və nəzərə alınmalıdır ki, Cavabdeh2 125 000 ABŞ dolları borc verdiyini sübutetmə yükü iddiaçının, həmin borc məbləğindən 40 000 ABŞ dollarını geri qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
42. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
43. Cavabdeh2 iddiaçıdan 125 000 ABŞ dolları borc aldığını etiraf etdiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır (§ 32).
44. Cavabdeh isə borcundan 40 000 ABŞ dolları ödədiyini sübuta yetirə bilməmişdir.
45. Onun həmin halı sübuta yetirmək üçün təqdim etdiyi şahid ifadəsi əsaslı şübhədən kənar sübut kimi qiymətləndirilə bilməz – belə ki, şahid onun yaxın dostu və eyni zamanda sürücüsü olmuşdur.
46. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
47. Həmçinin qeyd olunmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (§ 30).
48. Göstərilənlərə əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1080/2023 saylı iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 117 000 ABŞ dollarının (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə