Məhkəmə qərarları › İş №2(103)-4722/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4722/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4722/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X8 qarşı “alimentin artırılması” tələbinə dair ilkin, iddiaçı X5 cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alimentin miqdarının artırılması və alimentin azaldılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh X5 iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-206/2022 nömrəli, xx.xx.2022-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq xx.xx.2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay 400 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 206/2022 nömrəli, xx.xx.2022-ci tarixli qətnaməsi ilə cavabdeh xx.xx.1989-cu il təvəllüdlü X12 xx.xx.2020-ci il təvəllüdlü X11 atası olması faktı müəyyən edilərək, xx.xx.2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 193 manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X16 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanılması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət etmişdir. İddiaçı heç bir yerdə işləmir və başqa heç bir gəliri yoxdur, bir valideyn kimi övladının tələbatlarını ödəməkdə çətinlik çəkir. Hazırki aliment övladının tələbatını ödəmir. Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və maddi durumu xeyli yaxşıdır.

3. Eyni zamanda X12 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-206/2022-035 nömrəli qətnaməsi ilə X1 üçün müəyyən edilmiş 193 manat məbləğində aliment miqdarının azaldılaraq 120 manat məblbğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşlıqlı tələb onunla əsaslandırılmışdır ki, Elnarə Abbasova hazırda iddia ərizəsi ilə müraciət edərək, alimentin artırılmasını tələb edir. İddia tələbi əsassızdır. Elnarə Abbasovanın tələbi üzrə aliment müəyyən ediləndən sonra onun ailə və maddi vəziyyətində ağırlaşma olmuş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1436/2022 nömrəli qətnaməsi ilə onun rəsmi nikahdan olan övladları X13 və X14 üçün hər bir uşağa 120 manat olmaqla, 240 manat aliment müəyyən edilmişdir. Uşaqların hüquqları bərabərdir, hesab edir ki, iki uşaq hər biri 120 manat aldığı üçün, həmçinin, maddi vəziyyətinin ağırlaşdığı üçün Yusif Bayramzadə üçün müəyyən edilıriş 193 manat aliment azaldığlıb 120 manat müəyyən edilməlidir.

5. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (Ruslan Mirzəliyev) ilkin iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-206/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının artırılması, 04 avqust 2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment tutularaq, İddiaçı ödənilməsi, mediasiya xidməti üçün ödənilmiş 50 (altmış) manat cavabdehdən tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutlaraq, dövlət nəfinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

6. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəliləri:

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozub Ərkyani Bayramzadənin üç uşağı olmasını nəzərə almayıb. Aliment elə müəyyən edilməlidir ki, cavabdehin hər üç övladının mənafeləri bərabər təmin edilsin. Məhkəmə işə baxarkən cavabdehin üç uşağı olmasını nəzərə almamışdır. İddiaçı ilə cavabdehin bir uşağı olsa da cavabdehin əvvəlki həyat yoldaşından da iki uşağı vardır. Belə olan halda məhkəmə aliment müəyyən edərkən cavabdehin üç uşağa görə ödəməli olduğu aliment miqdarını nəzərə almalıdır. Uşaqların hüquqları bərabərdir. Onun ailə və maddi vəziyyəti ağırlığı diqqətəlayiq hal kimi nəzərə alınmamışdır. Məhkəmə tərəfindən alimentin miqdarı xx.xx.2022-ci il tarixli qətnamə ilə müəyyən olunmuşdur. Bundan sonra ailə və ya maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır, əksinə maddi vəziyyəti ağırlaşmışdır, digər iki uşağa görə də aliment ödəyir. Hazırda alimentin artırılması üçün Ailə Məcəlləsi ilə müəyyən olunmuş hüquqi əsaslar yoxdur. Məhkəmə qətnamə qəbul edərkən Aliə Məcəlləsinin 112-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçı iddia tələbinin, yəni alimentin artırılmasının hüquqi və faktiki əsaslarını sübut edə bilməmişdir. Məhkəmə zamanı alimentin artırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hüquqi əsasların və faktiki halların olmasına dair heç bir sübut məhkəməyə təqdim olunmadı, əksinə, sübuta yetdi ki, məhkəmə tərəfindən aliment müəyyən ediləndən hal hazırkı günə onun ailə və maddi vəziyyəti ağırlaşmışdır. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsinə, 04 avqust 2020-cü ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 120 manat miqdarında aliment tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında cavabdeh Ə.Bayramzadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda aliment tələb edilən uşağın atası olması məlum deyil, uşağın neçə yaşı olmasını belə bilmir. Bununla yanaşı o, başqa nikahdan olan iki uşağa görə də aliment ödəyir. Hazırda aliment miqdarının artırılmasına etiraz edir. Səhhəti ilə əlaqədar olaraq ağır işlərdə işləyə bilmir. Taksi fəaliyyəti ilə məşğuldur. Günlük qazancı 30-40 manat təşkil edir. Həmin qazancla da artırılmış məbləği ödəmək mümkün deyil. Əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləği çətinliklə ödəyirdi.

10. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir.

11. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

12. Bakı şəhəri Sabunçu Məhkəməsinin 2(008)-206/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh xx.xx.1989 cu il təvəllüdlü X12 xx.xx.2020-ci il təvəllüdlü X11 atası olması faktı müəyyən edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 193 manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X16 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanılması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

13. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013) 1436/2022 nömrəli qətnaməsi ilə, X15 ilə X12 arasında xx.xx.2013-cü il tarixdə Ağdam rayon Qeydiyyat Şöbəsində 84 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X6 X7 himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat ümumilikdə 240 manat X3 pul məbləğində aliment tutulması və xx.xx.2020-ci il təvəllüdlü X6 3 yaşına çatana kimi saxlanılması üçün X4 hər ay 80 manat aliment tutularaq, X9 ödənilməsi qət edilmişdir.

14. Xətai rayonu 4 nömrəli Uşaq Polikilinikasının xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.2020-ci il təvəllüdlü X16 həkim psixiatrda qeydiyyatdadır uşaq autizmi simdromu var.

15. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

16. 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir.

17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

18. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

19. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur;

20. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər;

21. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

22. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

25. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

35. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

37. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə ilkin iddianın təmin edilən və qarşılıqlı iddianın rədd edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Sabunçu Rayon Məhkəməsinin 2(008)-206/2022 nömrəli, xx.xx.2022-ci tarixli qətnaməsi ilə cavabdeh xx.xx.1989-cu il təvəllüdlü X12 xx.xx.2020-ci il təvəllüdlü X11 atası olması faktı müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat manat sabit pul məbləğində aliment tutulması işin mübahisələndirilməyən halıdır.

40. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi bildirmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırkı dövrdə uşaqlar üçün müəyyən edilmiş 235 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, həmin məbləğ onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, həmçinin uşaq autizim xəstəsi olması ilə bağlı vaxtaşırı onun müalicə və dərmanlarını qarşılamağa iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb edildiyindən məhkəmə hesab edir ki, cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır.

41. Kollegiya hesab edir ki, X2 üçün cavabdehdən uşağa görə əvvəlki qətnamə ilə hər ay 193 manat manat sabit pul məbləğində aliment tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm də uşağın tələbatları artmışdır.

42. Göründüyü kimi rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

43. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti verən cavabdehin əsas dəlili onun maddi vəziyyətində dəyişiklik olmaması, başqa nikahından da iki övladının olması, eləcə də həmin uşaqlara görə də ümumilikdə 240 manat aliment ödəməsi olmuşdur ki, Kollegiya bununla bağlı aşağıdakıları bildirir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

45. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

46. Alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Cavabdehin maddi qazancının az olması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan təlabatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

47. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.

48. Beləliklə, cavabdehin apellyasiya şikayətinin onun aylıq gəlirinin olmaması, başqa nikahından da iki övladının olması, eləcə də həmin uşaqlara görə də ümumilikdə 240 manat aliment ödəməsi barədə dəlilləri onun əvvəlki nikahından olan uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmədiyindən, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

49. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

50. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehin maddi vəziyyətində pisləşmənin olmasını müəyyən etməmiş və haqlı olaraq iddia tələbini təmin etməmişdir.

51. Belə ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.

52. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh Ə.Bayramzadənin başqa nikahdan olan uşaqlarına da aliment ödəməsi hazırki alimentin azaldılması üçün əsas hesab edilə bilməz, belə ki, o, bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. Nəticə:

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddianı qismən təmin etməkdə, qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin mübahisələndirilən hissədə ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

54. «MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda, ilkin iddia tələbinə münasibətdə cavabdehdən tutulan alimentin bir il ərzində miqdarı (235-193=42x12=504) 504 manat, qarşılıqlı iddia tələbinə münasibətdə isə (235-120=115x12=1380) 1380 manat təşkil etdiyindən, MPM-in 402.1-ci maddəsinə əsasən, müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar