Məhkəmə qərarları › İş №2(103)-4723/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4723/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4723/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Əkbər Yusubovun iştirakı ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X2 və Cavabdeh1 qarşı “borc tələbinə dair” 2(009)-872/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X2 və Cavabdeh1 qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə məhkməyə müraciət edərək, 1571,85 avro faiz borcunun, 465,11 avro cərimə borcunun və 59,40 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə ödəmək şərtilə borcluya illik 32 % tətbiq edilməklə 3000 avro məbləğində kredit verilmişdir. Digər Cavabdeh1 ilə isə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl dövrə təsadüf edir. Halbuki cavabdehlər borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi yalnız onunla əsaslandırılmışdır ki, borc məbləği tam ödənildiyindən iddia tələbi rədd edilməlidir. Kredit borcunun ödənişinin daha çox əsas məbləğə yönləndirilməsi nəticəsində müştərinin faiz və cərimə borcunun məbləği minimal hesablanmışdır və bu müştərinin öz istəyi, razılığı ilə həyata keçirilir. Yalnız borclunun silinməni öz mülahizəsinə əsasən həyata keçirməsi etibarsızdır və kreditor tərəfindən birmənalı olaraq qəbul edilmir. Lakin hazırki mübahisə üzrə iddiaçı bank silinməni həyata keçirmişdir və mülki qanunvericilik belə halı qadağan etmir, belə bir qadağanın mövcudluğu haqda qanunvericilikdə norma mövcud deyil. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit kartı vasitəsi ilə verilən kredit xətti” müqaviləsinə bank tərəfindən Ə.Yunisə 24 ay müddətinə illik 32 % dərəcəsi ilə 3000 avro məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəlik zaminliklə təmin olunmuş, zamin 24 ay müddətinə bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu X3 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu X1 müqavilə üzrə 1571,85 avro faiz borcu və 465,11 avro cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin (faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi) silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasinın 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndinə əsasən Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Həmin Qaydaların 5.2.2-ci maddəsinə əsasən kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir. Məhkəmə kollegiyası borclunun qeyd edilən kredit müqaviləsi üzrə əsas borcunun mövcud olmadığını və həmin kredit müqaviləsinin sözügedən Fərmanın təsir dairəsinə düşdüyünü nəzərə alaraq hesab edir ki, iddiaçının hazırda cavabdehlərə qarşı faiz və cərimə borcu tələbi irəli sürməsi hüquqdan sui-istifadə olduğundan iddia tələbi təmin edilə bilməz. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 aprel 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminliyin verilmə müddəti 24 ay müəyyən edilmiş, iddiaçının zaminə qarşı tələb hüququ 17 aprel 2015-ci ildə bitsə də hazırkı iddia ərizəsi ilə məhkəməyə 2022-ci ildə müraciət etmişdir. Belə olan halda zaminliyə onun verilmə müddəti ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyinə görə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci müqaviləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(009)-871/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar