Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4725/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2023 nömrəli 03 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən ünvan 1 ünvanına olan X1 adına olan fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmış və 8812,80 manat dəymiş zərər hesablanmışdır.
2. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 1 ədəd maksimal saatlıq qaz sərfi 1,2 m3 olan PQ4, 1 ədəd maksimal saatlıq qaz sərfi 3 m3 olan QSSQ, 2 ədəd maksimal saatlıq qaz sərfi 1,4 m3 olan Dəmir soba və 1 ədəd maksimal saatlıq qaz sərfi 1,5 m3 olan İran sobası olduğu qəbul edilərək, X1 adına 73440 m3 itirilmiş qaz hesablanmışdır.
3. 13.04.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X4 ilə X3 arasında olan nikah pozulmuşdur.
4. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli AKX 05087xx/xx-2023 nömrəli Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zuvanov-H.Heybətov küçəsi ev 8 ünvanı yeni sayğac ilə əvəzlənmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8812,80 manat məbləğində dəymiş zərər və ödənilmiş 108,13 manat dövlət rüsumu, ümumilikdə isə 8920,93 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə abonent arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AKX-05087xx/xx-2023 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 8812,80 manat zərər dəymişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 may 2023-cü il tarixli 2(008)-1876/2023 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1684,80 manat məbləğində dəymiş zərər və ödənilmiş 36,85 manat dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən maksimal saatlıq qaz sərfi 1,2 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd PQ4, maksimal saatlıq qaz sərfi 3 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd QSSQ, maksimal saatlıq qaz sərfi 1,4 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 360 gün olan 2 ədəd Dəmir soba və maksimal saatlıq qaz sərfi 1,5 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd İran sobası olduğu qəbul edilərək, 73440 m3 itirilmiş qaz hesalanaraq 8812,80 manat ziyan hesablanmışdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2120/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zuvanov-H.Heybətov küçəsi ev 8 ünvanında 1 ədəd PQ, 1 ədəd QSSQ, 1 ədəd Dəmir soba və 1 ədəd İran sobası olduğu müəyyən edilmişdir. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda olunmamışdır. Habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejmi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, “Qaz təchizatı haqqında” qanuna və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir, abonentin özü tərəfindən tam ödənilməlidir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
21. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
22. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
23. Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
24. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
25. “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə yalnız iddiaçının apellyasiya şikayətinə münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən (iddia tələbinin təmin edilməyən) hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Göründüyü kimi yoxlayıcı tərəfindən qanunsuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda olunmamışdır. Ancaq cavabdeh həmin halı mübahisələndirməmiş, qətnamə ilə razılaşaraq şikayət verməmişdir. Ona görə də cavabdehin qaz xəttinə qanunsuz qoşulması mübahisə doğurmur.
35. Məhkəmə haqlı olaraq göstərmişdir ki, qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejmi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir.
36. Məhkəmə tərəfindən göstərilənlər nəzərə alınmaqla vurulmuş zərər yenidən hesablanmaqla tutulmalı olan borcun məbləği 1684,80 manat müəyyən edilmişdir.
37. Kollegiya hesab edir ki, məhkəmənin qalan hissədə iddia tələbinin rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
38. Apellyasiya şikayəti əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas vermir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2023 nömrəli iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.