Məhkəmə qərarları › İş №2(103)-4726/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4726/2021

27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4726/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X4 vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakı ilə X4 Cavabdeh qarşı “maddi ziyanın əvəzinin, habelə hüquqi yardıma görə çəkilmiş xərcin və dövlət rüsumunun ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Seyid Arzu oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 yanvar 2020-ci il tarixdə, təxminən saat 13:40 radələrində özünə məxsus “AUDİ” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Hənifə Ələsgərova küçəsi ilə hərəkətdə olarkən Xan Şuşinski küçəsi ilə hərəkətdə olan Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomaşının onun maşınına soldan çırpıldığını, hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edildiyini və Cavabdeh inzibati məsuliyyətə cəlb olunduğunu, qəza nəticəsiində avtomobilinə dəymiş ziyanı aradan qaldırmaq üçün ehtiyat hissələrinə 33 470 manat, görüləcək işlərə 3370 manat olmaqla cəmi 36 840 manat tələb edildiyinin 03.02.2030-ci il tarixli aktla təsbit edildiyini, məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı 500 manat ödəyərək hüquqi yardım haqqında müqavilə bağladığını bildirmiş, buna görə də cavabdehdən zərərin əvəzi qismində 36 840 manatın, hüquqi xidmət xərcinin əvəzi qismində 500 manatın, habelə 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 24 601 (iyirmi dörd min altı yüz bir) manatın və dövlət rüsumunun 15 (on beş) manat hissəsinin tutularaq X5 ödənilməsi, 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatının iddiaçıdan, 50 (əlli) manatının Cavabdeh tutularaq X2 hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və maddi zərərin əvəzi qismində ondan 7500 manatın iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğini düzgün müəyyənləşdirmədiyi, ekspert rəyinin mübahisəyə tam aydınlıq gətirmədiyini, iddiaçı ilə aralarında iddiaçının avtomobilinə dəymiş ziyanın 12 500 manat təşkil etdiyi və sığortanın ödədiyi 5000 manat çıxıldıqdan sonra iddiaçıya 7500 manat ödəyəcəyi barədə razılaşdıqlarını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Zaur Abiyev apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs qəzanın baş verməsini və qəza nəticəsində iddiaçının avtomobilinə zərər yetirilməsini inkar etmir, lakin iddiaçının avtomobilinə dəymiş ziyanın məbləği “European Cars” LTD tərəfindən qiymətləndirilərkən həddindən artıq şişirdilmişdir. Hamıya məlumdur ki, həmin avto servis ölkənin ən bahalı avto təmir xidmətlərini göstərir və orada göstərilən xidmətlər bazar qiymətlərindən çoxdur. İş üzrə təyin edilmiş ekspertiza da düzgün aparılmamış, ekspert yalnız hazır qüsur aktına əsaslanaraq rəy vermişdir. Onlar özləri də avtomobilin təmiri ilə maraqlanmış, maşına dəymiş ziyan verilmiş siyahı üzrə 12500 manat dəyərində qiymətləndirilmişdir. Bütün bunlarla yanaşı dəymiş zərbə də güclü olmamışdır və zərbənin nəticəsində maşının hava yastıqlarının açılması və arxa oturacaqdakı təhlükəsizlik kəmərinin sınması mümkün deyildir. Çünki avtomobilin panelində zədələnmələr yoxdur. Həmçinin avtomobilin hissələrinin köhnəlmə faizləri çox aşağı göstərilmişdir. Belə ki, avtomobilin detallarının illik 4 faizlə köhnəlməsi qeyri-mümkündür və köhnəlmə 12 faiz olmalıdır. Avtomobilin təmirinə bazar qiymətlərinə uyğun olaraq 12 500 manat məbləğində xərc tələb olunur və sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat məbləği nəzərə almaqla, iddiaçıya 7500 manat ödəməyə etiraz etmirlər. İddiaçının məhkəmə iclasında iştirak edən vəkili şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı ümumiyyətlə şikayət verməmiş, cavabdeh isə qətnamənin iddianın təmin olunması ilə bağlı hissəsini mübahisələndirmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi və məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh 28.01.2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X5 məxsus “Audi A6” minik markalı **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşşmuş, hadisə nəticəsində “Audi A6” minik markalı avtomobilə ziyan dəymiş, hadisənin törənməsində Cavabdeh təqsirli bilinmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “Audi A6 minik” markalı avtomobilin rəsmi servisi (distryubutoru) olan “European Cars” LTD tərəfindən həmin avtomobilə dəymiş zərərin məbləği dəyişdirilməli hissələr və görülən işlər daxil olmaqla 36 840 manat müəyyənləşdirilmiş, “Mercedes Benz” markalı avtomobilin sahibinin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti “Audi A6 minik” markalı avtomobilə dəymiş ziyanın 5000 manat hissəsini Murad Şahmalıyevə ödəmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, 2017-ci il buraxılışlı “Audi A6 minik” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə tətbiq edilməklə təxminən 29 601 manat təşkil edir. İddiaçı, məhz işin müəyyən olunmuş sözügedən hallarına istinad etməklə avtomobilinə dəymiş ziyanın ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə həmin ziyanı ödəməli olduğunu mübahisələndirməsə də, ziyan məbləğinin düzgün müəyyənləşdirilmədiyini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, yüksək təhlükə mənbəyi olan “Mercedes Benz” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu mübahisələndirilməyən Cavabdeh üzərinə qoymaqda haqlı olmuşdur. Kollegiya iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, həmin məbləğ həm “Audi” markalı avtomobilin rəsmi distryubutorunun verdiyi rəylə, həm də məhkəmənin təyin etdiyi ekspertiza rəyi ilə müəyyən olunmuş, ziyan məbləğinin şişirdilmiş olmasını təsdiq edə biləcək heç bir sübut isə apellyator tərəfindən təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 saylı iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar