Məhkəmə qərarları › İş №2(103)-4726/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4726/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4726/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2688/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. xx.xx.2023-cü il tarixində cavabdehlər vəsatət ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Cavabdeh2 və “XXİ ƏSR“ MTK-ya qarşı borcun ödənilməsi barədə ləğvetmə prosesində olan "xxxx" ASC-nin iddia ərizəsinə baxılır. Nəzərə alınmalıdır ki, digər cavabdeh “XXİ ƏSR“ MTK hüquqi şəxsdir və iddiaçı ilə MTK arasında olan münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan münasibətlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu”nun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Göründüyü kimi iddia ərizəsinə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər.

4. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2688/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair iş üzrə Cavabdeh2 nümayəndəs və vəkilinin vəsatətinin təmin edilməməsi qərara alınmışdır.

5. Qərardaddan Cavabdeh2 tərəfindən şikayət verilərək, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-2688/2023 nömrəli qərardadının ləğv edilməsi və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

Tətbiq edilən hüquq normaları:

6. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

7. Həmin Məcəllənin 269.1-ci maddəsində qeyd edilir ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.

8. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

9. Məcəllənin 269.3-cü maddəsində qeyd edilir ki, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

10. Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

11. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.

13. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2688/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatət təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən şikayət verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 şikayətinə Mülki Məcəllənin 269-cu maddəsində göstərilmiş qaydada münasibət bildirilməmiş, qanunvericiliklə müəyyən edilmiş bu tələbə əməl edilmədən iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

15. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əməl edilmədiyi üçün apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-2688/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsi ilə müəyyən edilmiş qaydada münasibət bildirilməsi üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar