Məhkəmə qərarları › İş №2(103)-4734/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4734/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4734/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(010)-1754/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 680 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı arasında bağlanmış 21 yanvar 2016-cı il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan dəyəri 950 manat olan «TV BEKO LCD-42» markalı televizor və dəyəri 40 manat olan Tüner əldə etmişdir. Cavabdeh göstərilən məbləği hər ay 82,5 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə öhdəliyini qismən icra etdikdən sonra qalıq 680 manatı ödəməkdən imtina etmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən «xxxx» MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilmiş. Lakin cavabdeh iddiaçının nümayəndəsinə 28 dekabr 2019-cu il tarixli ərizə ilə müraciət edərək, iddiaçıya cəmi 180 manat borcunun qaldığını bildirsə də, ödənişlər etməsi barədə qəbzlər təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(010)- 1754/2020 saylı qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddianın təmin edilməməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, iddianın təmin olunmalı olmasını, cavabdeh tərəfindən də iddiaçı ilə müqavilənin bağlanmasının, müqaviləyə əsasən dəyəri 950 manat olan «TV BEKO LCD- 42» markalı televizor və dəyəri 40 manat olan Tüner əldə edilməsinin etiraf olunmasını, həmçinin müqavilədə cavabdehin imzasının olmasını, sadəcə imzanın üzərinə ştamp düşdüyündən onun aydın görünməməsini, cavabdeh tərəfindən borcun hissə-hissə ödənilməli olmasını, lakin öhdəliyin lazımınca yerinə yetirilməməsini, cavabdehin xəbərdarlıq məktubuna cavabında müqavilə üzrə 180 manat borcunun qalmasını da etiraf etməsini, birinci instansiya məhkəməsinin isə bütun bu halları nəzərə almamasını, iddianın əsassız olaraq rədd edilməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən cavabdehdən dəyəri 950 manat olan «TV BEKO LCD- 42» markalı televizor və dəyəri 40 manat olan Tüner alaraq, dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, əşyaları 2016-cı ildə deyil, 2014-cü ildə almışdır. Həmin vaxtı 40 manat tünerin pulunu dərhal ödəmiş, televizorun pulundan isə hissə-hissə 480 manat ödəniş etmiş, bu barədə ona qəbzlər verilmişdir. Həmin qəbzləri məhkəməyə təqdim etmişdir. Bununla yanaşı, bir-neçə dəfə də ödəniş etmiş, lakin ona qəbz verilməmişdir. Bütün ödənişlərini hesabladıqda iddiaçıya cəmi 180 manat borcu qalmışdır. İddiaçı isə ondan əsassız olaraq 680 manat pul tələb edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 21.01.2016-ci il tarixli 010 №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan dəyəri 950 manat olan TV BEKO LCD-42 markalı televizor və dəyəri 40 manat olan Tüner əldə etmişdir. İşdə olan 30.12.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh alqısatqı müqaviləsi üzrə 680 manat qalıq borcu qalmışdır. İşdə olan 19.12.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 5 gün müddətndə borcun könüllü olaraq ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. İşdə olan cavabdeh tərəfindən tərtib olunmuş 28 dekabr 2019-cu il tarixli ərizədən görünür ki, cavabdeh iddiaçıdan 21 yanvar 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlıqları almasını təsdiq etmiş, lakin cavabdehə cəmi 180 manat borcunun qalmasını qeyd etmişdir. İşdə olan 17.02.2020-cu il tarixli, ********* №-li qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, iddiaçı cavabdehlə bağlanmış 21.01.2016-ci il tarixli, 010 №-li alqı-satqı müqaviləsini təqdim etsə də, qeyd olunan müqavilədə alıcı Cavabdeh oğluna məxsus imza yoxdur. Həmçinin, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək müqaviləni 2016-cı ildə deyil, 2014-cü ildə bağladığını, 2016-cı ildə tərtib olunmuş müqavilədə onun imzasının olmamasını bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh istər pretenziyaya cavab olaraq yazdığı 28 dekabr 2019-cu il tarixli ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatlarında iddiaçıdan dəyəri 950 manat olan «TV BEKO LCD-42» markalı televizor və dəyəri 40 manat olan Tüner almasını və onların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürməsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını, işdə olan sübutları və izahatı nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda kifayət qədər subyektiv (tələb) hüquqa malikdir. Çünki, tərəflər arasında həqiqətən iddia tələbində göstərilən əşyaların alqı-satqısı sahəsində münasibətlər yaranmış, həmin əşyalar cavabdehə təhvil verilmiş, cavabdeh isə dəyəri hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin müqavilənin tarixinin fərqli bildirməsi isə vəziyyəti dəyişdirmir. Hər bir halda tərəflər müqavilənin digər şərtlərini mübahisələndirmirlər. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi cavabdeh pretenziyaya cavab olaraq yazdığı 28 dekabr 2019-cu il tarixli ərizəsində iddiaçıdan 21 yanvar 2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən məişət avadanlıqları almasını təsdiq etmiş, lakin cavabdehə cəmi 180 manat borcunun qalmasını qeyd etmişdir. Göründüyü kimi cavabdehin etirazı aldığı əşyalara görə borcunun 680 manat deyil, 180 manat olması ilə bağlıdır (cavabdeh müqavilənin özünü mübahisələndirməmişdir). Cavabdeh etirazının əsası kimi birinci instansiya məhkəməsinə ödəniş qəbzlərini təqdim etmişdir. Həmin qəbzlərə görə cavabdehin ödənişlərinin ümumi məbləği 480 manat təşkil etmişdir. Cavabdeh bundan əlavə də ödənişlər etməsini göstərsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir (cavabdehin özü də izahatında həmin ödənişlərə görə qəbz almamasını bildirmişdir). Bununla yanaşı, cavabdeh dəyəri 40 manat olan Tunerin pulunu dərhal ödəməsini bildirmiş, bunun sübutu kimi özündə olan ödəniş cədvəlini təqdim etmişdir. Həmin cədvəldən görünür ki, tünerin dəyəri olan 40 manatın üzərindən xətt çəkilmiq, qalıq borc kimi isə 950 manat (televizorun dəyəri) qeyd edilmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası cavabdeh tərəfindən dəyəri 40 manat olan tünerin pulunun ödənilməsi nəticəsinə gəlir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, işdə olan sübutlarla cavabdehin iddiaçıdan aldığı - dəyəri 950 manat olan «TV BEKO LCD-42» markalı televizor və dəyəri 40 manat olan Tünerə görə iddiaçıya 470 manat borcunun qalması müəyyən olunur. Tərəflər tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə borcun 180 manat olması istiqamətində mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin, Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Həmçinin işdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün 30 manat pul vəsaiti (dövlət rüsumu) ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin də cavabdehdən alınıb iddiaçıya verilməsi hissədə təmin olunmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, cavabdehdən iddiaçının xeyrinə 470 manat pul və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(010)-1754/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(010)- 1754/2020 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 470 (dörd yüz yetmiş) manat pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 500 (beş yüz) manat pul vəsaiti tutulsun, iddia qalan hissədə təmin olunmasın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar