Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4734/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın adından onun buna səlahiyyəti olan nümayəndəsi cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 15.655,30 manat, əsas kredit borcun hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.049,38 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 202,52 manat, cəmi 16.907,20 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140,72 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan illik 19 faiz dərəcəsi ilə 21.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit məbləğinə hesablanacaq faizləri müqavilə şərtlərinə uyğun olaraq 24 ay müddətində, hissə-hissə və aybaay Banka ödəyəcəkdir. İş üzrə digər Cavabdeh2 isə borcalan Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürdüyü öhdəliyin vaxtına və tam həcmdə icra edilməsinə zamin durmuşdur. Bununla bağlı olaraq Bank ilə cavabdehlər arasında xx.xx.2022-ci il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Göstərilənlərə baxmayaraq, cavabdehlər, qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun bir qismini qaytarmış, qalan borcu qaytarmamışlar. Nəticədə onların Banka 15.655,30 manat məbləğində əsas kredit borcu və 1.049,38 manat məbləğində faiz borcu yaranmışdır. Cavabdehlər üzərilərinə götürdükləri öhdəlikləri pozduqlarına görə, Bank, qeyd edilən müqavilələrin şərtlərini əsas götürərək cavabdehlərə 202,52 manat məbləğində cərimə (dəbbə) borcu hesablamışdır. Bank, borcun ödənilməsini cavabdehlərdən tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 140,72 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat
4. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, cərimə və faiz borcunun silinməsi, kredit məbləğinin aylara bölünərək qrafik üzrə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cərimə tənasübsüz yüksək hesab olunsa da tam olaraq silinməmiş və ya yetəri qədər azaldılmamışdır. Cavabdeh öhdəliyin icra edilməsindən boyun qaçırmır, sadəcə borc məbləği həddən artıq şişirdilmişdir. Cavabdehin maddi imkanı olmadığı üçün gecikmələri olmuşdur. Borcun düzgün hesablanmamasına baxmayaraq, iş üzrə ekspertiza təyin olunmamışdır. Beləliklə, maddi və prosessual hüquq normalarının tələbləri pozularaq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. d) apellyasiya baxışı icraatında iş üzrə tərəflərin iştirakı və apellyasiya baxışında iştirak etmiş şəxslərin izahatları barədə məlumat
6. Cavabdeh1 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlilərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
7. İddiaçı Bankın nümayəndəsi və digər Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri barədə məlumat
8. Rayon Məhkəməsinin qətnaməsi ilə iddia həmçinin zamin – Cavabdeh2 aid hissədə də təmin olunsa da, o, qətnamədən apellyasiya şikayəti verməmişdir.
9. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, mübahisə
10. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, MPM-in 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin cavabdeh (zamin) Cavabdeh2 aid hissəsinin, yəni zaminin məsuliyyətinin yaranması əsaslarının əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən illik 19 faiz dərəcəsi ilə Bankdan 21.000 manat məbləğində kredit götürmüşdür.
13. Müqavilənin şərtlərindən görünür ki, Cavabdeh1 həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit məbləğinə hesablanacaq faizləri müqavilə şərtlərinə uyğun olaraq 24 ay müddətində, hissə-hissə və aybaay Banka ödəyəcəkdir.
14. Bank ilə cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Zaminli müqaviləsindən” görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürdüyü öhdəliyin vaxtına və tam həcmdə icra edil məsinə zamin durmuşdur.
15. Bank bildirir ki, cavabdehlər, qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun bir qismini qaytarmış, qalan borcu qaytarmamışlar.
16. Bank tərəfindən təqdim edilmiş hesablamadan görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcu 15.655,30 manat, əsas kredit borcuna hesablanmış faiz borcu isə 1.049,38 manat məbləğindədir. Bank tərəfindən cavabdehlərə “Kredit müqaviləsinin” şərtlərinə əsasən tətbiq edilmiş cərimə 202,52 manat məbləğindədir.
17. İşdə olan sənədlərdən görünür ki, Bank, cavabdehlərə yazılı xəbərdarlıq göndərək borcun ödənilməsini tələb etmişdir.
18. “Ödəniş tapşırığından” görünür ki, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 140,72 manat məbləğində dövlət rüsumu ödəmişdir.
19. Göstərilənlərə əsasən işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir.
20. Borcalan Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, Bank tərəfindən kredit borcunun məbləği düzgün hesablanmamış, şişirdilmişdir.
21. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh borcun məbləğinin düzgün hesablandığını şübhə altına alsa da, bu xüsusatı təsdiq edə və müəyyən edilmiş borcun məbləğini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə öz təşəbbüsü ilə sübut toplamır. Belə ki, MPM-in 9.3-cü maddəsinə görə, hakim (məhkəmə) bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
23. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
24. Məhkəmə hesab edir ki, Bankın təqdim etdiyi hesablamaların əsaslılığına hər hansı bir şübhə olmadığından cavabdehlərin mövcud borcunu əks etdirən maliyyə arayışı mötəbər sübut kimi qəbul edilməlidir.
25. Belə olan halda işin halı kimi müəyyən edilir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə borc mövcuddur. Cavabdeh1 iddiaçı Banka borcun şişirdildiyini bildirsə də, bu hal öz təsdiqini tapmır.
26. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).
27. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcu və faiz borcu iddia ərizəsində göstərilən məbləğdə Banka ödənilməlidir.
28. Bununla da müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
29. Yuxarıda artıq qeyd edildiyi kimi, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş Bank onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 202,52 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
30. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə bu tələbin təmin edilməsini, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 202,52 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsini qət etmişdir. Rayon Məhkəməsi bu nəticəsini onunla əsaslandırmışdır ki, cavabdehlərin iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri iş materialları ilə təsdiq edilir. Belə olan halda hesab edilməlidir ki, Bank, “Kredit müqaviləsinin şərtlərindən çıxış edərək cavabdehlərdən onun xeyrinə cərimə (dəbbə) borcunun tutulmasını tələb etməkdə haqlıdır.
31. Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsi də apellyasiya baxışının predmetini təşkil etdiyindən Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).
32. Qeyd edilən maddi hüquq normalarının tələblərini, iddiaçı Bank onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsində” müqavilə üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinə görə cərimənin (dəbbənin) tətbiq edilməsinin nəzərdə tutulmasını, cavabdehlərin iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməməsinin işin halları ilə müəyyən edilməsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı, apellyasiya şikayətinin bu nəticəyə dair dəlili isə əsassızdır. Dəbbə pulunun miqdarı əsas borcun məbləğinə mütənasibdir. g) apellyasiya baxışının nəticəsi
33. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ
Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Hazırkı qətnamədən, qətnamə iş üzrə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.