Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4737/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı2 və iddiaçıların nümayəndəsi vəkil X2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6344/2021 saylı işi üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11017 manat məbləğində dəymiş ziyan və dövlət rüsumuna görə ödənilmiş 30 manat, ümumilikdə 11047 manat məbləğində pulun tutulması ilə bağlı iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6344/2021 saylı işi üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, 3800 manat və ödəniş gününə qüvvədə olan məzənnə ilə 100 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, bərabər bölünərək iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 95.1, 95.2; Mülki Prosessual Məcəllənin 385.1, 442, 739.2, 1091.1, 1092, 1097.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi ki, cavabdeh iddiaçılardan 3800 manat və 100 ABŞ dolları məbləğində pul borc almışdır, iddianı bu hissədə qəbul edir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli Cinayət işi başlanılmasının rədd edilməsi haqqında Qərara əlavə edilmiş Cavabdeh Rafiq qızının Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində verdiyi yazılı izahatının surətindən görünür ki, o, İddiaçı2 5 faizlə borc pul götürdüyünü bildirmişdir. O, İddiaçı2 və İddiaçı1n qızıl-zinət əşyalarını aldığını inkar edərək Abasova Ayse 3800 manat və 100 ABŞ dolları məbləğində borcu olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X3 verdiyi izahatında göstərmişdir ki, Aysel həmin qızılları Samirəyə satmaq üçün verdiyini bildirdi. Samirə isə nə qızılları, nə də onların pulunu Ayselə qaytarmamışdır. Sözügedən qızılların, təxminən, 8000-9000 manat məbləğində dəyəri var idi. Mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh ayrı-ayrı vaxtlarda 3800 manat və 100 ABŞ dolları məbləğində pul vermişdir.İddiaçılar tərəfindən cavabdehə 4350 manat və 200 ABŞ dolları məbləğində pul verildiyi, 11288 manat dəyərində qızıl-zinət əşyalarının verilməsi bildirilsə də bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan səs yazıları və bağlı qeyd edir ki, həmin səs yazılarının nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması məlum olmadığından, o cümlədən gizli yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir. Məhkəmə iddiaçının təqdim etdiyi "Whatsapp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmalarla bağlı qeyd edir ki, həmin yazışmaların həqiqiliyini müəyyən etmək mümkün olmadığından məhkəmə tərəfindən yazılı sübut kimi qəbul edilmir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 2.İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam olaraq təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.2,217.3; Azərbaycan Respublikası Mülki Məcəllənin 739.2, 1091.1, 1097.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Samirənin ağlamaqları, yalvarmaqları və yataq xəstəsi olan oğlu Talehin durumu bütünlüklə onların fikirlərini məşğul etmişdi, iki insanın yaşaması üçün demək olar ki, özlərindən cox cavabdehə bazarlıq edir, oğluna və özünə lazım olan ərzaqları, dərmanlan və digər zəruri şeyləri alıb apanrdılar.Bir müddət sonra Samirə oğlu ilə birgə aynca kirayə evə köçdü və bundan sonra onun başqa problemləri başladı. Belə ki, hardasa, 450-500 AZN məbləğində olan kirayə haqqı da verə bilmir, bundan sonra onlara yalvarırdı ki, “mənə borc tapın evin pulunu verim, yoxsa küçədə qalmalı olacam”. Onların isə ona ürəkləri yandığından, nəinki, özlərindən, hətta yaxın qohumlardan belə borc alaraq ona vermişlər. 26-27 yaşlarında əlil arabasında olan oğlu ilə birgə bu qadın küçədə necə qala bilər?Nəhayət, 2016-cı ilin dekabrında cavabdeh onlara yalvararaq xahiş edir ki, ona 1500 manat pul tapsınlar. Dubaya gedib ordan mal gətirəcək, “Sədərək bazarına bir yerdən satıb həm borcları qaytaracaq, həm də öz vəziyyətini düzəldəcək. Onlar ona inandıqlarından qohum-tanışlardan həmin məbləği toplayıb ona vermişlər. Təxminən, dekabr ayının 4-ü, 5-i Samirə onu (Tamara) xəstə oğlunun yanında qoyub Dubaya getdi və 4-5 gündən sonra həqiqətən də televizor, telefon, duxu, pastel dəsti, siqaret və s. mallar gətirib “Sədərək”də satdı. Satıb pulunu götürəndən sonra xahiş etdi ki, həmin pulu əlində fırladaraq bir neçə dəfə gedib- gəlsin sonra onların pullarını qaytarsın. 2017-ci ilin yanvar ayında yenə də Dubaya getdi. Lakin, gələndən sonra dedi ki, “bu dəfə ziyan elədim, batırdım pulu”. Texminən, mart-aprel aylarında cavabdeh yenə Dubaya getdi. Bu dəfə gedəndə isə, onlardan 2750 manat və 100 ABŞ dolları pul aldı. Qayıdanda yenə gətirdiklərini satdı və onlara 1500 manat və 700 manat olmaqla, cəmi 2 200 manat pul qaytardı. Bundan 10 gün sonra cavabdeh yenidən Dubaya getdi, bu dəfə gedəndə onlardan 1900 manat və 100 ABŞ dolları olmaqla, yenidən pul aldı. Lakin, qayıdanda yenə də onlara pul qaytarmadı. Bəhanəsi də bu oldu ki, “mənim Lyudmilaya faizlə borcum var, 1600 manat + 80 manat faizi. Onu verim, sonrakı gedişlərdə sizin pulunuzu qaytararam”. Onlar həmin vaxt Lyudmila adlı qadını tanımırlar, onun düz, yaxud yalan danışdığını, həqiqətən də Lyudmilaya pul verib vermədiyini bilmirlər. Amma bu hadisələrdən sonra onlar Lyüdmilanın telefon nömrəsini əldə etmişlər və onunla danışmışlar. O, həqiqətən də Samirəyə pul verdiyini etiraf etdi, lakin faizlə yox, sadəcə borc olaraq. Beləliklə, Samirənin onlardan alıb geri qaytarmadığı pul vəsaiti ümumilikdə, 4350 AZN və 200 ABŞ dolları oldu. Bundan başqa, onlar kirayədə yaşadıqlarından qərara gəlmişlər ki, hər ikisi qızıl-zinət əşyalarını satıb özlərinə ev alsınlar. Lakin sata bilmədiklərindən “lom”a vermək istəmişlər. Bundan xəbərdar olan Samirə onlara dedi ki, “heyifdi bu qızıllar “lom”a verməyin, mənim tanıdığım imkanlı adamlar var, aybaay ödəmək şərtilə mən sataram”.Beləliklə, Cavabdeh ilkin olaraq onlardan, hər ikisi qızıl olmaqla, 1 ədəd qolbaq + l ədəd boyunbağı ( cəmi 32 qram), qiyməti - 2700 manat və 1 ədəd qızıl üzük, qiyməti - 450 manat götürdü. Həmin qızılların pulundan onlara, 50 manat bir dəfə, 100 manat da bir dəfə olmaqla, cəmi 150 manat pul ödədi, qalan 3000 manat hələ də onda qalır. Samirənin öz dediyinə görə guya həmin qızılları 3 aya hissə-hissə ödəmək şərtilə Ülviyyə adlı rəfiqəsinə və xalası Afaya satmışdı. Bundan başqa, ikinci dəfə onlardan, hamısı qızıl olmaqla, 1 ədəd qolbaq (12.5 qr., qiyməti - 937.50 manat), ədəd boyunbağı (12.2 qr., qiyməti - 915 manat), 1 ədəd üzük (5.8 qr., qiyməti - 435 manat), xırda-xırda brilyant qaşlarla 1 ədəd kişi üzüyü, qiyməti - 630 manat), 5-i böyük, qalanları xırda brilyant qaşlarla 1 ədəd qadın üzüyü, (qiyməti - 750 manat) götürüb. Qızılların qramını o vaxtkı bazar qiymətinə uyğun olaraq, 75 manatdan hesablamışlar. İkinci dəfə verdikləri qızılların ümumi dəyəri 3367. 50 manat oldu. Beləliklə, cavabdehin satmaq adı ilə bizdən götürdüyü qızılların həmin vaxtkı bazar qiyməti ilə ümumi dəyəri 6667.50 AZN oldu. Lakin aradan illər keçməsinə baxmayaraq, verilən qızılların, nə də ki pulun qaytarılması barədə cavabdeh tərəfindən hər hansı bir hərəkət edilmədi. Bu haqda dəfələrlə xəbərdarlıq edilsə də, cavabdeh müxtəlif bəhanələr uyduraraq tələbin yerinə yetirilməsindən birmənalı boyun qaçırmışdı. Hal-hazırda cavabdehin onlardan alıb qaytarmadığı vəsait, 11017.50 AZN və 200 ABŞ dollan məbləğindədir ki, onu da heç cür ondan ala bilmirlər. Nəhayət, cavabdeh nə pul, nə də qızılları qaytarmaq niyyətində olmadığını bildirdiyinə görə onlar, 07.01. 2020-ci il tarixində pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Baxan hakim özünün qəbul etdiyi qiyabi qətnamədə sübut hesab etdiyi eyni halları, yenə də eyni iş üzrə özünün qəbul etdiyi digər qətnamədə sübut hesab etməyib.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, iddiaçıların qızılların dəyəri ilə bağlı sübut təqdim edə bilmədiklərini, qarşı tərəfin bildirdiyi məbləğlə razı olmadıqlarını, cavabdehin iddiaçılara yalnız 3800 manat və 100 dollar borclu olduğunu bu səbəbdən də iddianı qismən etiraf etdiklərini bildirmişdir.
4. İddiaçıların nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin səs yazısında qızıllarını aldığını etiraf etdiyini bildirmiş və apellyasiya şikayətinin tam təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı2 cavabdehin səs yazısında qızıllarını aldığını etiraf etdiyini, lakin cavabdehin borcun məbləği barədə heçnə söyləmədiyini, səs yazısından başqa əlavə sübutlarının olmadığını bildirmişdir.
Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21,385-390, 739, 1096; Mülki Prosesual Məcəllənin 14.2, 48-49, 72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir, cavabdehlik sübuta yetirildiyi təqdirdə belə məhz pul vəsaitlərinin təyinatı üzrə məbləğının müəyyən edilməsi üçün bunu sübut edəcək təkzibedilməz sübutlar təqdim edilməlidir. 8.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6344/2021 saylı işi üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.