Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4738/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı "dəymiş maddi ziyanın ödənilməsi" tələbinə dair 2(006)-234/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inşaat materiallarına görə 1414 manat, mənzilin təmir-bərpa işləri üçün usta xidmətinə görə 600 manat olmaqla, cəmi 2014 manat dəymiş zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən maddi zərərin əvəzi kimi 1693 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1723 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh X3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi araşdırmamışdır. Belə ki, xx.xx.2018-ci il tarixli aktla təsdiq olunur ki, 4-cü mikrorayon, Mir Cəlal küçəsi 36 saylı binanın 110-cu mənzilinə baxış keçirilən zaman mənzilə üst mərtəbədən (113-cü mənzil) heç bir su axıntısı müşahidə olunmamışdır. Kimliyi bəlli olmayan orada yaşayan kirayənişin də bildirmişdir ki, heç bir su axıntısı yoxdur. xx.xx.2019-cu il tarixli aktla da təsdiq olunur ki, 110 saylı mənzilə baxış zamanı su axıntısı aşkar olunmamışdır. Hamam otağında mətbəx yerləşdiyindən orada divar kağızı qopmuşdur. Belə olan halda göründüyü kimi 110 saylı mənzilin sahibi tərəfindən mənzildə aparılan layihədənkənar işlər nəticəsində mənzilə müəyyən ziyan dəyə bilərdi. Lakin işə baxan məhkəmə 110 saylı mənzildə qeyri-qanuni aparılan layihədənkənar işlərin görülməsinə, kirayə müqaviləsi olmadan orada başqa şəxsin yaşamasına və beləliklə də mənzil sahibinin vergidən yayınmasına hüquqi qiymət verməmiş, həmin aktları tərtib edən şəxsləri, 110 və 113 saylı mənzillərdə yaşayan şəxsləri iş üzrə şahid qismində dindirməməklə, obyektiv həqiqətin müəyyən olunmasında maraqlı olmamışdır. Ona görə də yalnız həmin xüsusatlar araşdırıldıqdan sonra nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunmalıdır. xx.xx.2018-ci il tarixli kirayə müqaviləsi ilə mənzilini Adışov Röya Əlyar oğluna kirayə vermişdir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi qeyri-obyektiv olmaqla və reallığı əks etdirməməklə, qiymətləndirmə həddindən artıq şişirdilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikahyətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 36, mənzil 110 İddiaçı, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 36, mənzil 113 X1 mülkiyyətindədir. 77 saylı MKİS-in əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş akta əsasən, 110 saylı mənzilə baxış keçirən zaman su axıntısı aşkar olunmamışdır. Ancaq mənzil sahibinin dediyinə görə su axıntısı bir il bundan əvvəl olmuşdur. Köhnə su axıntısının təsirindən mətbəx otağında, tavanda, emulsiya, divarda isə kağız qopmuşdur. Koridorda divar kağızı qopmuşdur. Hamam otağında mətbəx yerləşdiyindən orada da divar kağızı qopmuşdur. Eyni zamanda, 113 saylı mənzilin hamam otağında vanna olmamış, trap sistemi quraşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24961 nömrəli, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36 saylı evin 110 saylı mənzilinin tavanı, divarı, döşəməsi üzərində su sızma ləkələrinin olduğunu nəzərə alaraq, həmin mənzilə yuxarı mərtəbədəki 113 saylı mənzildən suyun sızması müəyyən olunmuş, mənzilin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1693 manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1115-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36 saylı evin, 110 saylı mənzilinə cavabdeh X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36 saylı evin, 113 saylı mənzilindən su axıtması baş verdiyindən və bunun nəticəsində iddiaçıya cəmi 1693 manat məbləğində maddi ziyan dəydiyindən, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, tələbin təmin olunmuş hissəsində cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması iş materialları ilə sübuta yetirilmişdir. Bununla yanaşı, iş üzrə ekspert rəyi əsaslıdır və onu şübhə altına alan hal yoxdur. Birinci instansiya məhkəməsi vurulmuş həmin ziyan məbləğini su axıdılan mənzilin mülkiyyətçisi olan cavabdehdən tutmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin tələbinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-234/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4738/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4738/2020
04.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver