Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4738/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Paşa Bank» ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: cərimə borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbinə dair mülki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1208/2023 saylı, 31 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTC- 29723İB/2021 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verməyi, “borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 4.480,50 manat əsas, 1.106,51 manat faiz, 2.252,61 manat cərimə borcu olmaqla, ümumilikdə 7.839,62 manat məbləğində borcu yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. LPO İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0064072AZN09450 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4.480,50 (dörd min dörd yüz səksən manat əlli qəpik) manat əsas borc, 1.106,51 (bir min yüz altı manat əlli bir qəpik) manat faiz borcu, 2.252,61(iki min iki yüz əlli iki manat altmış bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 7.839,62(yeddi min səkkiz yüz otuz doqquz manat altmış iki qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-29723İB/2021 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X8 çərçivəsində0064072AZN09450 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2023-ci il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 180% olmaqla, 5.000 (beş min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 505 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi 4.480,50 (dörd min dörd yüz səksən manat əlli qəpik) manat əsas borc, 1.106.51 (bir min yüz altı manat əlli bir qəpik) manat faiz borcu, 2.252,61 (iki min iki yüz əlli iki manat altmış bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 7839,62 (yeddi min səkkiz yüz otuz doqquz manat altmış iki qəpik) manat təşkil edir. X6 4cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. X6 4-cü bölməsinin 5.2-ci bəndinə əsasən bu Müqavilə çərçivəsində Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər (5.2.1). Eyni zamanda X7 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 99 (doxsan doqquz) manat dövlət rüsumu ödəmişdir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1208/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2021-ci il tarixli, GTC-29723İB/2021 saylı kredit müqaviləsinə görə 4.480 (dörd min dörd yüz səksən) manat, 50 (əlli) qəpik əsas, 1.106 (bir min bir yüz altı) manat, 51 (əlli bir) qəpik faiz, 100 (yüz) manat cərimə olmaqla, ümumilikdə 5.687 (beş min altı yüz səksən yeddi) manat, 01 (bir) qəpik məbləğində borcun və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 76 (yetmiş altı) manat, 87 (səksən yeddi) qəpik dövlət rüsumunun tutulması qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, bununla da iddiaçının hüququnu pozmuşdur.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 328.1, 385.1, 386.1, 442, 445, 448.1, 467, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakışəhər Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1208/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-29723İB/2021 saylı Razılıq ərizəsi və həmin X8 çərçivəsində çərçivəsində 0064072AZN09450 saylı xx.xx.2021-ci il tarixli saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Lakin, cavabdeh 0064072AZN09450 saylı maliyyələşdirilməsi üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini 505 gün gecikdirmişdir. Odur ki, cavabdehdən 2.252,61 (iki min iki yüz əlli iki manat altmış bir qəpik) manat məbləğində cərimə borcunun tutulması məhkəmədən tələb edilmişdir. X5 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın cərimə borcunun ödənilməsi üzrə tələbin təmin olunmamış hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 21.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 22.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 23.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 24.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 25.462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 26.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 27.Bank Xidmətlərinin Göstərilməsinə Dair X6 3.11, 3.13, 5.2 və 5.3-ci bəndlərinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən ödəniş tarixdən sonra 7 (yeddi) gün ərzində ödəniş olmadığı təqdirdə, Müştəri müvafiq ərizə formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. Bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud Bankın xidmətlərini vaxtında ödəmədikdə Müştəri Banka hər ötən gün üçün cərimə ödəyir. Müqavilənin İİ.5.1. və İİ.5.2. bəndlərində qeyd olunan cərimə faizlərinin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsi ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
28.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 29.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. 32.Belə ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, vaxtında icra etməmişdir. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33.Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Tələb hüququna malik olan iddiaçı da öz növbəsində müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
34. Mülki qanunvericiliyə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin hаllаrı nəzərə аlınmaqla tənаsübsüz surətdə yüksək dəbbə pulunun аzаldılа bilməsi mümkündür. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. 35.Göründüyü kimi kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti də ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun hüquqlarına təsirsiz ötmür. 36.Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, həm də borclu şəxsin maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Belə ki, dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. 37.Hazırki işdən göründüyü kimi tərəflər müqavilədə cərimə tətbiqini nəzərdə tutmaqla, cəriməni əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. 38.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 100 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kollegiyanın qənaətinə görə isə həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 300 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcunun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır.
39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, GTC- 29723İB/2021 saylı kredit müqaviləsinə görə cərimə borcu olaraq 300 (üç yüz) manat məbləğində pul tutulmalıdır. 40.Mülki-Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 41.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 42.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda qətnamənin dəyişdirilən hissəsi beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1208/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilsin. İddia bu hissədə qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, GTC-29723İB/2021 saylı kredit müqaviləsinə görə cərimə borcu olaraq 300 (üç yüz) manat məbləğində pulun tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 50 manatın 25 manatı məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Akif İsgəndərov