Məhkəmə qərarları › İş №2(103)-474/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-474/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-474/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh3, X1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-308/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 5269.50 manat məbləğində əsas borc, 5395,56 manat məbləğində faiz borcu, 4700.78 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixiə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 774,53 manat pulun, cəmi 16140.47 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ASC (Ləğv prosesindədir) Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, Cavabdeh3h oğlunun cavabdeh kimi işə cəlb edilməsini; Cavabdeh2 və Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 5269.60 manat məbləğində əsas borc, 5395,56 manat məbləğində faiz borcu, 4700.78 manat məbləğində cərimə borcu, 774,53 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 16140,47 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3h oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,24 kv. m, yaşayış sahəsi 27,94 kv.m olan 2 otaqdan ibarət 32 saylı mənzilə yönəldilməsi, qeyd olunan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq Ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli, 703-14 №li kredit müqaviləsinə əsasən Cavabdeh2 Zeyfullah qızı İddiaçı ASC-dən illik 26%-lə 36 ay müddətinə 11.500 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişlər.xx.xx.2020-ci il tarixədək Cavabdeh2 banka 5269.60 manat məbləğində əsas borcu 5395.56 manat məbləğində faiz borcu, 4700.78 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 774.53 manat borc olmaqla, cəmi 16140.47 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bundan başqa, 703-14 saylı, 21 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Seyfulllah oğlu tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 27.94 kv.m olan iki otaqdan ibarət 32 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-308/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 5269.60 manat məbləğində əsas borc, 5395.56 manat məbləğində faiz borcu, 407 manat məbləğində cərimə borcu, 774.53 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 11846.69 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutularaq ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3h oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,24 kv. m, yaşayış sahəsi 27,94 kv. m olan 2 otaqdan ibarət 32 saylı mənzilə yönəldilməsi, qeyd olunan əmlakın ilkin satış qiymətinin 52.900 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərcinin Cavabdeh2 aid edilərək, ondan tutulub "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 09 iyul 2021-cu il tarixli 2(002)-308/2021 saylı qətnaməsinin ekspertiza vasitəsilə faiz borcun dəqiq hesablanmaqla və iddia müddətinin tətbiq edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi hərtərəfli və obyektiv araşdırmamışdır. Bildirir ki, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə versə də, məhkəmə ərizəni təmin etməmişdir. Əsas kimi qətnamədə qeyd edilmişdir ki, ”Dəmirbank” ASC tərəfindən 21 oktyabr 2020-ci il tarixdə poçtla iddia ərizəsi kuryer firmasına təqdim edilmişdir. Halbuki, həmin müddətin ötürüldüyünü görən bank köhnə tarixə qəbz almaqla ərizəni vaxtında verilmə görüntüsü yaratmışdır. Belə ki, kuryer firması tərəfindən Bakı şəhəri ərazisində sürətli halda bir günə çatdırma imkanı olduğu halda, 15 gündən sonra çatdırılma səbəbi məhkəmədə araşdırılmamışdır. Bundan başqa, əsas borcdan artıq olan 5395 manat faiz borcu azaldılmalı, kredit üzrə faizlər müqavilə müddətinə hesablanmalı idi. Müqavilə müddəti bitdikdən sonra isə illik 5 faiq tutula bilərdi. Göründüyü kimi, 5269 manat əsas borca 5395 manat faiz borcunun hesablanması qanunveruciliyə zidd olmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. İş materiallarından göründüyü kimi Cavabdeh2 tərəfindən şikayət verildiyindən qətnamə yalnız ona münasibətdə, müqavilə üzrə faiz borcunun tutulması hissəsində yoxlanılır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması zaminlərin hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, qətnamə iddiaçı tərəfindən də mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi də apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-308/2021 nömrəli qətnaməsi xx.xx.2014-cü il tarixli, 703-14 №li kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində dəyişdirilməli, xx.xx.2014-cü il tarixli, 703-14 №li kredit müqaviləsi üzrə faiz borcu 639,46 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə Cavabdeh2 münasibətədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: İş materiallarında olan 21 oktyabr 2014-cü il tarixli, 703-14 saylı krediti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nın Nərimanov filialı tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 26 % ödəmək şərti ilə 11.500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 14 oktyabr 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli, 581189 saylı kredit müqaviləsi üzrə 15 sentyabr 2020-ci il tarixinə yaranmış 5269.60 manat əsas borc, 5395.56 manat faiz borcu, 4700 manat cərimə borcu təşkil edir. İş materiallarında olan 703-14 saylı, 21 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Seyfulllah oğlu tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 27.94 kv. m olan iki otaqdan ibarət 32 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 27.94 kv.m olan iki otaqdan ibarət 32 sayl mənzilin likvid qiyməti 52.900 manat təşkil edir. İş materiallarında olan və apellyasiya instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/8190 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 703-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 6.370, 42 manat, faiz borcu üzrə 639,46 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Qeyd olunan müddəaya əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı (tələbkar) tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh (borclu) isə üzərinə düşən öhdəlikləri lazımı qaydada tam yerinə yetirməmişdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-nin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini əsas götürməklə Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli, 703-14 №li kredit müqaviləsi faiz borcu qismində 5395.56 manat məbləğində borcun tutulması hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/8190 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 703-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 6.370, 42 manat, faiz borcu üzrə 639,46 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2014-cü il tarixli, 703- 14 saylı kredit müqaviləsi üzrə məhz ekspert rəyində göstərilən həddə faiz borcu müəyyənləşdirilməklə Cavabdeh2 İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Kollegiya apellyasiya şikayətinin bank tərəfindən iddia müddətinin ötürülməsi dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2014-cü il tarixli, 703-14 №li kredit müqaviləsinə əsasən Cavabdeh2 Zeyfullah qızı İddiaçı ASC-dən illik 26%-lə 36 ay müddətinə 11500 manat məbləğində kredit götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə müraciətin son tarixi xx.xx.2020-ci il olmuşdur. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olsa da, mülki iş materiallarına əlavə olunmuş qaimədən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi xx.xx.2020-ci il tarixdə poçta təqdim edilmişdir. Bu baxımdan Cavabdeh2 Zeyfullah qızı tərəfindən apellyasiya şikayətində qeyd edilmiş iddia müddətinin ötürülməsi dəlili əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qətnaməni dəyişdirə bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)- 308/2021 nömrəli qətnaməsi xx.xx.2014-cü il tarixli, 703-14 №li kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində dəyişdirilməli, xx.xx.2014-cü il tarixli, 703-14 №li kredit müqaviləsi üzrə faiz borcu 639,46 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iş üzrə keçirilmiş məhkəmə-mühasibatşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-308/2021 nömrəli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin və cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 639,46 manat müəyyən edilsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar