Məhkəmə qərarları › İş №2(103)-4741/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4741/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4741/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1997/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25.000 ABŞ dolları pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 162A, 33 saylı mənzil iddiaçının həyat yoldaşı X2 mülkiyyətindədir. İddiaçının həyat yoldaşının bacısı oğlu X11 ticarətlə məşğul olmasını və ona pul lazım olduğunu bildirərək, bunun üçün mənzili bank vasitəsilə ipoteka krediti ilə kreditləşdirərək bankdan pul götürmələrini onlardan xahiş etmişdir. İddiaçı qohum olduğu üçün ona razılıq vermiş, bu məqsədlə həmin vaxt olduğu Rusiya Federasiyasının Kazan şəhərindən həyat yoldaşının qardaşı X4 adına etibarnamə göndərmişdir. Həmin etibarnamə əsasında X10, iddiaçının həyat yoldaşı X6 və bacısı oğlu X7 arvadı X8 birgə Bakı şəhəri 43 saylı Notariat Kontoruna gedərək 26 sentyabr 2007-ci il tarixdə mənzilə dair alğı-satqı və ipoteka müqaviləsi bağlamış, mənzili “Nikoyl” banka girov qoyaraq 55250 manat məbləğində kredit götürmüşlər. Danışıq belə olmuşdur ki, Ramiz və Aynur birgə krediti qaytaracaq və iddiaçının mənzili ona geri qaytarılacaq. Lakin sonradan məlum olmuşdur ki, kreditin ödənilməsi üçün daha 25000 dollar vəsait tələb olunur, X11 və X8 mənzili geri qaytarmaq niyyətində deyillər və iddiaçıdan 25000 dollar vəsaiti də ödəməyini tələb edirlər. İddiaçı məcburiyyət qarşısında qalaraq həmkəndlisi olan X12 27 may 2015-ci il tarixdə 25000 dollar vəsait göndərmişdir. Həmin vəsaiti Şəki Əsgərov Bakı şəhərində Səməd Vurğun bağının yanında olan Zaminbankdan almış və Aynur Məhərrəmovanın yaşadığı evə gedib ona vermişdir. Bir müddət keçdikdən sonra həmin pulun Aynur Məmmədova tərəfindən mənimsənilməsi məlum olmuşdur. İddiaçı X12 və X5 qarşı 25000 dolların ona geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(012)-230/2018 saylı qətnaməsi ilə iddia tələbi X5 münasibətdə təmin edilmişdir. Belə ki, məhkəmədə gəlib şəxsən ifadə verən zaman Aynur həqiqətən həmin pulun X15 tərəfindən ona verilməsini etiraf etmişdir. Buna baxmayaraq, qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra Aynur Məmmədova həmin qətnamədən apelyasiya şikayəti vermiş, məhkəmədə dediklərini təhrif etmiş və pulun ona deyil, atası Cavabdeh verildiyini demişdir. İşə Sumqayıt Apelyasiya Məhkəməsində baxılan zaman ifadə verən X15 ona İddiaçı tərəfindən göndərilən pulu Aynur Məmmədovanın atası evinə apararaq Aynur və atası Cavabdeh birgə evdə olduqları zaman sonuncuya verdiyini demişdir. Həmin məhkəmədə ifadə verən zaman Aynur Məmmədova öz izahatında göstərmişdir ki, Şəki Əsgərov onun əri Ramiz Məmmədovun borclarının ödənməsi üçün atası Məhərrəmə pul vermişdir. Həmin pulun Şəki Əsgərova kim tərəfindən göndərilməsini bilmir. Daha sonra məhkəmədə şahid kimi dindirilmiş Cavabdeh ifadə verərək göstərmişdir ki, Şəki Əsgərov tərəfindən 19.500 manat pul vəsaiti qızı Aynura deyil, ona verilmiş, o isə həmin pulu qızının keçmiş həyat yoldaşı Ramiz Məmmədovun ona olan borcu hesabına göndərildiyini bilib qəbul etmişdir. Bunları əsas götürərək Sumqayıt Apelyasiya Məhkəməsi borcun X1 tutulması hissəsində qətnaməni ləğv etmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, lakin kassasiya instansiyası da həmin hallara, yəni hazırkı borc münasibətlərində Aynur Məmmədovanın tərəf olmadığına və pulun əslində Cavabdeh tərəfindən qəbul edilməsinə istinad edərək, şikayəti təmin etməmişdir. Qeyd olunan məhkəmə aktlarından da görünür ki, mülki işin məhkəmə araşdırılması zamanı həqiqətən İddiaçı Aynur Məmmədovaya verilməsi üçün 25.000 ABŞ dolları göndərməsi, həmin pulun Şəki Əsgərov tərəfindən qəbul edilməsi və Aynurun atası hazırkı iş üzrə Cavabdeh verilməsi, sonuncunun isə Şəki Əsgərovdan həmin pulu qəbul etməsi tam təsdiq olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh və Aynur Məmmədov arasında pulun göndərilməsindən əvvəl nə də ki, sonra heç bir danışıq aparılmamışdır. Və buna dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, pulun bank vasitəsi ilə kim tərəfindən göndərilməsi də araşdırılmamışdır. Bank vasitəsi ilə həyata keçirilən köçürmələrin göndərilməsi barədə bildirişlərdə və qəbzlərdə köçürmənin təyinatı göstərilir. Bundan başqa, həqiqətən də pul İddiaçı tərəfindən bank vasitəsi ilə köçürmə yolu ilə göndərilmiş olsaydı ötən 7 il müddətində iddiaçı bu barədə tələblə müraciət edərdi. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən X9 şəhərindən cavabdeh Şəki Əsgərova 25.000 ABŞ dolları məbləğində pul vəsaitinin bank vasitəsilə göndərilməsi və sonuncu tərəfindən həmin pul vəsaitinin xx.xx.2015-ci il tarixdə “Zaminbank”dan alınması barədə iş materiallarında heç bir sübut əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı tərəfindən Rusiya Federasiyasının Kazan şəhərindən Şəki Əsgərova 25.000 ABŞ dolları məbləğində pul vəsaitinin bank vasitəsi ilə göndərilməsini yoxlamaq üçün iddiaçıdan sübut tələb etməli ya özü bu barədə sorğu ilə banka müraciət edə bilərdi. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamə ilə müəyyən olunmuş halları bütöv olaraq deyil, yalnız pulun qəbul edilməsi hissəsində qəbul etmişdir. Halb ki Şəki Əsgarov “Zaminbank”dan 25.000 ABŞ dolları deyil 19500 manat qəbul etmiş və va Cavabdeh 25.000 ABŞ dolları deyil 19500 manat pul vermişdir. Cavabdeh pulun əsl sahibin kim olmasını da bilməyə borclu deyildi. Yalnız cavabdehə məlumdur ki, Ramiz Məmmədovun sahibkarlıq fəaliyyətindən yaranmış borcuna görə ona 19500 manat məbləğində pul Şəki Əsgərov tərəfindan ona ödənilmişdir. Bundan başqa, məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə İddiaçı Cavabdeh qızı Aynur Məmmədova verilməsi üçün 25.000 manat pul göndərmiş, həmin pulu Şəki Əsgərov bankdan qəbul edərək Aynur Mammadovaya va Cavabdeh 25.000 ABŞ dolları pul vermişdir. Mahkəmənin nəyə əsasən həmin pulu göndərənin İddiaçı olmasını müəyyən etməsi işdən görünmür. Belə ki, birinci instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş halları bütöv olaraq deyil, yalnız pulun qəbul edilməsi hissəsində qəbul etmişdir. Halbuki, Şəki Əsgərov “Zaminbank”dan 25.000 ABŞ dolları deyil, 19500 manat qəbul etmiş və Məhərrəm ulieva da 25.00 ABŞ dolları deyil 19500 manat pul vermişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili şikayətin qismən təmin edilməsinə, iddianın 19500 manat hissəsində təmin edilməsinə razı olduqlarını bildirdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh şikayət vermişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, аpеllyаsiyа şikаyəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(012)-230/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X15 və X5 qarşı pul tələbi qismən təmin edilərək, X1 25.000 ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxtın Azərbaycan manatı məzənnəsinə ekvivalentinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Aynur Məmmədova məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(012)-230/2018 saylı qətnaməsi qismən ləğv edilərək iddia tələbi cavabdeh X5 münasibətdə təmin edilməmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2186/2019 saylı iş üzrə 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yuxarıda sadalanan məhkəmə qətnamələri ilə həqiqətən də İddiaçı Aynur Məmmədovaya verilməsi üçün 25.000 ABŞ dolları pulu göndərməsi, həmin pulun X15 tərəfindən qəbul edilməsi və X3 atası hazırkı iş üzrə Cavabdeh verməsi, Cavabdeh isə həmin pulu Şəki Əsgərovdan qəbul etməsi tam təsdiq olunmuşdur. Öncəki mülki işlərin baxılması zamanı məhkəmə iclaslarında şahid qismində dindirilmiş Cavabdeh öz izahatında Şəki Əsgərovdan 25.000 ABŞ dolları pul vəsaitini qəbul etdiyini etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, tutulmalı olan pul məbləği ilə bağlı məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsininn istinad etdiyi qanuni qüvvəyə minmiş Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, hazırki iş üzrə Cavabdeh şahid qismində verdiyi ifadəsində Şəki Əsgərov tərəfindən 19.500 manat pul qızı Aynura deyil, ona verildiyini bildirmişdir. Həmin iş üzrə cavabdeh olan Şəki Əsgərovda öz izahatında bildirmişdir ki, iddiaçı tərəfindən onun adına bank vasitəsilə 25.000 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş və iddiaçının xahişi ilə həmin pul vəsaitini bankdan ABŞ dolları ilə deyil, manata olan məzənnə ilə təxminən 19.500 manat məbləğində pul vəsaitini alıb A.M.Məmmədovanın atası evinə apararaq, Aynur və atası Məhərrəm Quliyevin birgə evdə olduqları zaman sonuncuya vermişdir. Göründüyü kimi həmin üzrə verilmiş izahatlarda hazırki iş üzrə cavabdeh Məhərrəm Quliyevə 25000 ABŞ dolları deyil 19.500 manat verildiyi təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı mübahisənin halları ilə bağlı, həmçinin nəzərə alınmalıdır ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il tarixli Plenum Qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki-Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur- konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır Beləliklə, qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlir və yuxarıda göstərilənlər kontekstində belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən borc pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən 19500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1997/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsi cavabdehdən tutulacaq pul məbləğı hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulacaq məbləğ 19.500 (on doqquz min beş yüz) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar