Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4744/2024 04.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Rafiq Abdullayevin iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pensiya kartının bərpa olunması və yığılmış pensiyanın karta köçürülməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2086/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.X1 (bundan sonra – kart sahibi) aid olan pensiya kartı ilə bağlıdır. 2.Kart sahibi xx.xx.1932-ci il təvəllüdlüdür. O, xx.xx.2024-cü ildə vəfat edib. İddiaçı kart sahibinin arvadıdır, onların nikahı xx.xx.2000-ci ildə bağlanıb. Kart sahibinin əvvəlki nikahdan olan övladı – xx.xx.1972-ci il təvəllüdlü X4 apellyasiya icraatı zamanı üçüncü şəxs kimi tanınıb. 3.Pensiya kartı cavabdeh bank tərəfindən bloklanıb. Cavabdeh bloklanmanın səbəbini belə izah edir ki, kart sahibinin övladı X2 bloklanması üçün əvvəlcə şifahi, sonra isə yazılı formada banka müraciət edib. O, müraciətində pensiya kartının kart sahibində olmadığını və kart sahibinin sağlamlıq vəziyyətinə görə kartdan istifadə etmək iqtidarında olmadığını bildirib, habelə müvafiq tibbi sənədləri banka təqdim edib. 4.Kart sahibinin övladının banka verdiyi ərizə iş materiallarına əlavə edilib (iş v. 41). Ərizə xx.xx.2023-cü ildə verilib. Ərizədən görünür ki, kart sahibinin övladı xahiş edib ki, pensiya kartı bloklansın. O, ərizəni belə əsaslandırıb ki, atası xeyli vaxtdır tibb müəssisəsində reanimasiya şöbəsində müalicə alır, huşsuz vəziyyətdədir, pensiya kartından istifadə etmək iqtidarında deyil, pensiya kartı atasında və ya özündə deyil, atasının bütün xərclərini övladı kimi özü qarşılayır, atası sağalana kimi pensiyanın başqa şəxslər tərəfindən xərclənməsini istəmir. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsi kart sahibinin ölümündən 10 gün sonra - xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində tələb olunub ki, kart sahibinin adına olan pensiya kartı bərpa olunsun, pensiya kartı bloklandıqdan sonra yığılmış pensiya məbləği karta köçürülsün və kartın iddiaçıya verilməsi cavabdehə həvalə olunsun. 6.İddia onunla əsaslandırılıb ki, kart sahibi hazırda xəstədir və müalicə olunur. Müalicəsi ilə əlaqədar pensiyanı bankomatdan özünün çıxarması fiziki cəhətdən mümkün deyil. Bu səbəbdən pensiya kartı iddiaçıda idi. İddiaçı kart sahibinin arvadı kimi onun pensiyasını bankomatdan çıxardaraq birgə yaşayışa xərcləyirdi. 2024-cü ilin yanvar ayında iddiaçı pensiya məbləğini bankomatdan çıxartmaq istədikdə məlum olmuşdur ki, kart bloklanıb və bankomat kartı qaytarmamışdır. Bunun səbəbini öyrənmək üçün cavabdeh banka müraciət etdikdə ona bildirmişlər ki, kartın itməsi barədə məlumat daxil olduğuna görə kart bloklanıb. Kart sahibi hazırda ağır xəstədir, bu səbəbdən onun özünün pensiya kartının itməsi barədə banka məlumat verməsi qeyri-mümkündür. Pensiya kartı ilə bağlı məlumatı banka kart sahibinin arvadı kimi iddiaçı verə bilər, lakin iddiaçı da belə məlumat verməyib. 7.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, kart sahibinin adına olan pensiya kartının blokdan açılması vəzifəsi cavabdehin üzərinə qoyulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. 9.Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Rafiq Abdullayev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 10.İddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. 11.Kart sahibinin övladı X4 apellyasiya icraatı zamanı cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmış, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 12.“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə görə, qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda aşağıdakı məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir: 1) ödəniş alətinin təhlükəsizliyinin təmin olunması; 2) ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması; 3) ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması. 13.Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 12/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair” Qaydaların 10.6-cı bəndidə qeyd olunub: “Emitent kart əsaslı ödəniş aləti ilə bağlı fəaliyyətin təşkil edilməsi üzrə azı aşağıdakıları müəyyən edən daxili qaydalara malik olmalıdır”. 10.6.2ci bənddə həmin qaydalardan biri belə göstərilib: “kart əsaslı ödəniş alətinin istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə risklərin idarə edilməsi, o cümlədən bloklaşdırılması qaydası”. 14.Kartın bloklaşdırılması zamanı yuxarıdakı qaydalara əməl edilib-edilmədiyinin yoxlanılması üçün məhkəməyə iddianı müvafiq subyektiv hüququ malik olan şəxs verilməlidir. İddiaçı belə subyektiv hüquqa malik deyil, həmin hüquq kart sahibinə - ödəniş xidməti istifadəçisinə məxsusdur. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 1.1.37ci maddəsinə görə, ödəniş xidməti istifadəçisi – ödəyici və (və ya) vəsait alan qismində ödəniş xidmətlərindən istifadə edən şəxsdir. Həmin Qanunun 11-ci maddəsinə görə, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən şikayətin daxil olduğu tarixdən 7 iş günü müddətində müraciətə baxır və nəticəsi barədə ödəniş xidməti istifadəçisini məlumatlandırır. Müraciətə baxılması bu müddətdə mümkün olmadığı halda həmin müddətdən gec olmayaraq şikayətə baxılması müddətinin artırılmasının səbəblərini əsaslandırmaqla şikayətə baxılması müddəti barədə ödəniş xidməti istifadəçisinə məlumat verir. Ödəniş xidməti təchizatçısına şikayətin verilməsi ödəniş xidməti istifadəçisinin məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır. 15.İddiaçının kart sahibin rəsmi nikah üzrə arvadı olması ona belə bir tələb irəli sürmək üçün subyektiv hüquq vermir. Bundan başqa, o, iddia ərizəsində qeyd edib ki, kart sahibi hazırda xəstədir və müalicə olunur. Halbuki, kart sahibi iddianın verilməsindən 10 gün əvvəl ölüb. Ölmüş şəxsin pensiya kartı ilə bağlı belə tələb irəli sürülə bilməz. 16.Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. 17.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2086/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pensiya kartının bərpa olunması və yığılmış pensiyanın karta köçürülməsi barədə” iddiası rədd olunsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat İddiaçı alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4744/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4744/2024
04.10.2024 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver