Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4745/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-305/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək 7100 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, Bakı şəhəri Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində yerləşən 1-ci zona, 7-ci sıra, 3-cü korpus, 71 və 72 saylı oğlu X3 icarəsində olan mağazalarda qadın-kişi alt paltarları və pərdəlik parçaların topdan və pərakəndə satışı ilə məşgul olur. Satdığı malların çox hissəsini Çin və Türkiyə Respublikalarından gətirməklə işlətdiyi mağazalarda satıb əldə etdiyi gəlir hesabına ailəsini dolandırmağa və mağazada işləyən satıcıların əmək haqqlarını ödəməyə çalışır. “Sədərək” Ticarət Mərkəzində olan bir çox dükanların sahibləri kimi bir sıra hallarda o da daimi müştəriləri olan şəxslərə nisyə istədikləri malları topdan verməklə qısa müddətdə malını satıb dəyərini ona ödəyəcəklərinə dair verdikləri vədlərinə inanaraq, onlara malları nisyə vermək məcburiyyətində qalmışdır. Həmin müştərilərdən biri də Cavabdeh olmuşdur. Belə ki, cavabdeh ondan mütəmadi olaraq satıb pulunu ödəmək şərti ilə nisyə pərdə və pərdələrin tikilməsi üçün cəmi 30.000(otuz min) manat dəyərində mal götürmüş, həmin borcdan iddiaçıya 7100 (yeddi min yüz) manat borcu qalmış, hazırda uzun müddətdir ki, o, borcunu ödəməkdən boyun qaçırır, son zamanlar isə ümümiyyətlə ona olan borcunu inkar edir. Məcburiyyət qarşısında qalaraq 2018-ci ildə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Faktla əlaqədar araşdırmalar aparılarkən Cavabdeh izahatında ondan satmaq məqsədi ilə nisyə pərdələr aldığını, lakin həmin pərdələri satıb pulu ödədiyini bildirmiş və bu faktı təsdiq edən heç bir subut təqdim etməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-305/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 7100 (yeddi min bir yüz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı verilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-305/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin həmin qətnaməsi əsassız və qanunsuzdur. Qətnamə çıxarılarkən hakim iddiaçı tərəfindən təqdim edilmiş sənədləri və sübutları araşdırmadan, həmin sübutlara obyektiv hüquqi qiymət vermədən, yalnız özünün şəxsi və subyektiv mövqeyinə, mülahizələrinə əsaslanmaqla, mülki işi tam, hərtərəfli, obyektiv olaraq araşdırmadan, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur.Cavabdeh həm Bakı şəhəri, Qaradağ RPİ-də, həm də birinci instansiya məhkəməsində 2017-ci ilin yay aylarında iddiaçı ilə tamamilə hesablaşdığını, ona hər hansı bir məbləğdə borcu qalmadığını bildirmişdir.Ancaq birinci instansiya məhkəməsi heç bir sübuta əsaslanmadan qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir.Belə ki, qətnamənin beşinci səhifəsində göstərilir ki, İddiaçı cavabdeh 2008-ci ildən 2018-ci ilə kimi müxtəliff vaxtlarda nisyə mal almış və sataraq pulun iddiaçıya ödəmişdir.İddiaçı 2018-ci il tarixdə cavabdehdən 5000 və 4000 manat məbləğində nisyə mal aldığını və ondan 7100 manat borcun olduğunu bildirmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının vəkili X4 iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili polis kapitanı İbrahim Dadaşov tərəfindən İddiaçı ünvanlanmış arayışın surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş izahatda İddiaçı ilə ticarət əlaqələrinin olduğunu və pulu tam şəkildə ödədiyini, hal-hazırda İddiaçı borcunun olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Məzlum qızı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh izahat alınmış, Cavabdeh vermiş olduğu izahatda İddiaçı ilə ticarət əlaqələrinin olduğunu və pulu tam şəkildə ödədiyini, hal-hazırda İddiaçı borcunun olmadığını qeyd etmişdir. Cavabdeh tərəfindən Qaradağ RPİ-nin 10-cu PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru Kənan Abışova vermiş olduğu yazılı izahatın surətindən görünür ki, İddiaçı 2008-ci il tarixdən tanıyır. O, əvvəllər İddiaçı “Sədərək” Ticarət Mərkəzində işlətdiyi mağazadan mütəmadi pərdə alaraq satmışdır. Həmin pərdələri Nizami rayonu, Q.Qarayev prospektində yerləşən mağazada satırdı. Lakin o, İddiaçı aldığı malların borcunu tam olaraq bağladığını və İddiaçı borcunun olmadığını bildirmişdir. xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2012-ci il tarixli qərarında göstərmişdir ki, “Əmlak və əmlakla bağlı qeyriəmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən: 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 324.1-ci maddəsinə əsasən “Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” 389.1-ci maddəsinə əsasən “Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.” 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” 448.1-ci maddəsinə əsasən “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.” Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından, birinci instansiya məhkəməsində alınmış şahid ifadələrindən (xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolunda) və eyni zamanda tərəflərin məhkəmə iclaslarında vermiş olduqları izahatlarından da (xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdeh sonuncu dəfə 2018-ci ilin axırında iddiaçıdan mal aldığını etiraf etmişdir). göründüyü kimi, İddiaçı ilə Cavabdeh Məzlum qızı arasında nisyə alqı-satqı münasibətləri olmuşdur.Cavabdeh İddiaçı 2008-ci ildən 2018-ci ilə kimi müxtəlif vaxtlarda nisyə mal almış və sataraq pulun iddiaçıya ödəmişdir. İddiaçı 2018-ci il tarixdə cavabdehin 5000 və 4000 manat məbləğində nisyə mal aldığını və ondan 7100 manat məbləğində borcunun olduğunu bildirmişdir. Cavabdeh 1-ci instansiya və apellyasiya baxışı zamanı iddiaçıdan nisyə mal aldığını, lakin almış olduğu malların borcunu ödədiyini və iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiklərini qismən etiraf edərək, iddiaçıdan nisyə mallar aldığını, lakin onların pullarını ödədiyini və borcunun olmadığını bildirmişdir. Lakin cavabdeh iddiaçıya borcunun olmadığı barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh mal almadığına görə iddiaçının ona qərəzli şəkildə tələb irəli sürdüyünü bildirsə də, bununla bağlı da hər hansı sübut iş materiallarında mövcud deyildir.Əksinə, iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-309/20 saylı, Masallı rayon məhkəməsinin 05 dekabr 2(050) 2932/19 saylı Qətnamələrindən görünür ki, iddiaçı nisyə mal alqı-satqısı qaydasında ticarətlə məşğul olmuş və müxtəlif şəxslərə qarşı iddiaçının borcunun ödənilməsinə dair tələbləri məhkəmə qətnamələri ilə təmin olunmuşdur. Apellyasiya şikayətinə əlavə olunmuş qaimələrlə bağlı apelyatorun dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, qaimələr hətta sübut kimi qəbul olunarsa belə, 2018-ci ildən əvvəlki tarixlərə aiddir, hazırkı borc isə 2018-cil də alınmış malın dəyərinin ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-305/2020 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4745/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4745/2020
30.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver