Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4746/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi Çingiz Dibirovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun ödənilməsi" tələbinə dair 2(006)-8/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanılmış xx xxxxxx 2009-cu il tarixli, № 139 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 2680 manat əsas borcu, 2495 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla cəmi 5375 manat pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2680 manat əsas borc, 20 manat cərimə olmaqla, cəmi 2700 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın 15 manatının alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, irəli sürülən iddia əsaslandırılmamış və kredit borcu düzgün hesablanmamışdır. Məhkəmə işin bütün hallarını lazımi dərəcədə qiymətləndirməmiş və cavabdehin mülahizələrinə qanuni hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Bu səbəbdən də məhkəmə qərarı qanuni və əsaslı hesab edilə bilməz. Həmçinin, cavabdehin məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə prosesi cavabdehin iştirakı olmadan keçirilmiş, məhkəmə yalnız iddiaçının dəlil və formal mülahizələrinə qiymət verərək qərar qəbul etmişdir, bununla da məhkəmənin ən başlıca ədalət prinsiplərindən biri olan tərəflərin bərabərliyi və çəkişmə prinsipləri pozulmuşdur. Əslində, cavabdeh kredit borcunu hər ay vaxtı-vaxtında ödəməklə, kredit borcunu tamamilə ödəyib bitirmişdir. İddiaçı banka cavabdehin 1 manat belə borcu qalmamışdır. Lakin bir neçə il keçdikdən sonra bank hansı isə fikirə düşmüş, cavabdehin haradansa borcu əmələ gəlmiş və faizlər hesablanmışdır. Bu tamamilə həqiqətə uyğun deyil. Belə ki, əgər cavabdeh banka 1 ay belə ödəniş etməsə, bank tərəfindən cavabdehə gecikmə barədə xəbərdarlıq olunardı. Müvafiq halda bank tərəfindən cavabdehə heç bir zaman xəbərdarlıq edilməmiş, borcunu tamamilə ödədikdən sonra, cavabdehə bildirilmişdir ki, kredit borcu bitmişdir. Hazırki iddia üzrə hesablanmış borc məbləğinin haradan əmələ gəldiyi cavabdehə naməlumdur. Cavabdeh bankdan götürdüyü kredit borcunu sonuna qədər vaxtı-vaxtında ödəyib, borcunu bağlamışdır. Çox təəssüf ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmədə iştirakını təmin etməmiş və cavabdehin mülahizələrini dinləmədən, mübahisənin dəlillərini düzgün araşdırmadan, məsələyə düzgün hüquqi qiymət vermədən əsassız qətnamə çıxarmışdır. Qeyd edir ki, məhkəmə tərəfindən həyata keçirilmiş, kredit və borc məbləğinin dəqiqləşdirilməsi üçün alınmış xx xxxxxx 2019-cu il tarixli, 25839 saylı rəy də həqiqəti əks etdirmir. Bu ekspertiza cavabdehin iştirakı olmadan, cavabdeh ekspert qarşısında qoyulmuş suallarla tanış edilmədən, cavabdehin qoya biləcəyi suallar nəzərə alınmadan həyata keçirilmişdir. Ona görə də apellyasiya məhkəməsi baxışı zamanı təkrar məhkəmə maliyyə və hesablanma ekspertizası keçirilməklə, cavabdehin banka olan borcunun məbləği, ödənilmiş əsas borc və faizlər bank qanunvericiliyinə müvafiq olaraq yenidən dəqiqləşdirilməli və məhkəmə tərəfindən nəzərə alınmalıdır. Eyni zamanda, cavabdehə məxsus ipoteka predmeti olan mənzilin də ilkin satış qiyməti daha ədalətli surətdə müəyyənləşdirilməlidir. Bu məsələlər aydınlaşdırılmadan qəbul edilmiş hər hansı qərar ədalətli hesab oluna bilməz. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25% ödəmək şərti ilə 3200 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. İş materiallarında olan xx xxxxxx 2009-cu il tarixli məxaric xəzinə orderinə əsasən cavabdeh həmin tarixdə İddiaçı ASC –dən 3200 manat məbləğində vəsait götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışna əsasən cavabdehin qeyd olunan müqavilə üzrə 2680 manat əsas, 2495 manat faiz və 200 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 25839 saylı ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxxxxx 2009-cu il tarixli 139 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx xxxxxx 2011-ci il tarixə (müqavilə müddətinin sonuna banka olan borcu 3855,69 manat məbləğində, o cümlədən əsas borc üzrə 2996,75 manat, faiz borcu üzrə 858,94 manat müəyyən olunur. İş materiallarında xx xxxxxx 2009-cu il tarixli 139 saylı kredit müqaviləsi üzrə hesablanan cərimmə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. Hazırki ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx xxxxxx 2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən xx xxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək 1100,00 manat məbləğində ödənişlər edilmişdir. 1100 manat məbləğində ödənişlər nəzərə alındığı təqdirdə 2755,69 manat (3855,69-1100) məbləğində borcu qalacaqdır (aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir). Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442, 443.1, 448.1, 449.1, 462.1, 467 və 739-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh banka borcu olmadığını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iş üzrə ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. İpoteka predmeti olan mənzilin ilkin satış qiyməti mübahisələndirilsə də, iddia tələbində ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi olmadığından hazırkı məhkəmə baxışında bu dəlilə qiymət verilə bilməz. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8/2019 nömrəli mülki iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4746/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4746/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver