Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4752/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh «xxxx» ASC tərəfindən 4000 manat vurulmuş maddi ziyan, 900 manat əldən çıxmış fayda, 110 manat vəkil xidməti və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, cavabdeh «xxxx» ASC-dən İddiaçı xeyrinə 2500 manat vurulmuş maddi ziyan, 500 manat əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh “xxxx” ASC, apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı, ona dəymiş zərərin cavabdehin hərəkətləri ilə səbəbli əlaqədə olmasını və cavabdehin buna görə təqsirinin olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildimişdir ki, hadisə örüş ərazisində deyil, elektrik şəbəkəsinin mühafizə zolağında baş vermişdir, hansı ki, həmin əraziyə girmək qadağandır. Qeyd olunan hadisə isə, məhz iddiaçı tərəfin bu qadağanı pozması nəticəsində baş vermişdir. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, həmçinin bildirmişdir ki, kəndlərin bütün örüş ərazilərindən elektrik xətləri keçir və həmin ərazilərin mühafizə zolağı olmasını bildirən hər hansı nişan və yaxud mühafizə çəpərləri yoxdur. Göstərilənlərə əsasən, şikayətin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, 13.09.2019-cu il tarixdəTovuz rayonu, Çatax kəndi ərazisində İddiaçı məxsus bir baş inək, cavabdehin sərəncamında olan qırılıb düşmüş elektrik xəttinə toxunaraq tələf olmuşdur. Ölmüş heyvanın qeydiyyatı aparılmış və müayinə zamanı heyvanın rənginin qara-ala, diri çəkisinin təxmini 280-300 kq, köklük dərəcəsinin orta olması müəyyən edilmişdir. «Nəsimi» firması tərəfindən verilmiş 07.02.2020-ci il tarixli arayışına əsasən, hal-hazırda Tovuz rayon mal bazarında orta çəkili (300-350 kq) sağlam inəyin qiyməti 2500-3000 manat civarında dəyişir. İddiaçının dediyinə görə, inəyin günlük süd sağımı 10 litr olmuşdur. Qeyd olunanlar iddia ərizəsi, Tovuz rayonu İcra Hakimiyyəti başçısının Tovuz rayonu Çatax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş 13.09.2019cu il tarixli aktlar, «Nəsimi» firması tərəfindən verilmiş 56 №-li, 07.02.2020-ci il tarixli arayış, fotoşəkillər və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, baş vermiş hadisə nəticəsində ona dəymiş real zərərin və hadisənin baş verməsindən sonra zərərin əvəzinin cavabdeh tərəfindən ona ödənilmədiyi təxminən üç aylıq müddət üçün sağılmalı olan süd pulunun əldən çıxmış fayda kimi ona ödənilməsini tələb edir. Cavabdeh isə, hadisə elektrik şəbəkəsinin mühafizə zolağında baş verdiyindən, təqsirli olmadığını bildirərək, iddiaya etiraz edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçı, Mülki Məcəllənin 1096.1-ci, 1097.1-ci və 1108-ci maddələrinə əsasən, bu tələbini irəli sürməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakışərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Azərbaycan Respublikası NK-nin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 1-ci bəndinə görə, mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydaların 3-cü bəndinin b) yarımbəndinə əsasən, mühafizə zonası gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma Qaydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələrdir. Qeyd olunanları nəzərə alan Kollegiya hesab edir ki, cavabdeh «xxxx» ASC-nin hərəkəti mülki hüquq pozuntusudur (deliktdir). Çünki, yuxarıda istinad olunan Qaydaların tələblərindən göründüyü kimi, elektrik şəbəkələrinin qorunmasını, onların mühafizə zonasını müəyyən etmək bilavasitə cavabdehin vəzifəsidir. Belə olan halda, cavabdehin bu Qaydaların tələblərini pozması, dolayısı ilə, təqsirli olaraq hüquqa zidd əməl törətməsi, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqa zidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Eyni zamanda, Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Odur ki, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1503/2020 saylı iş üzrə 20 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-4752/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4752/2020
03.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver