Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4752/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: icraatın dayandırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1358/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 1358/2024 nömrəli qərardadı ilə (hakim S.Ə.Eyvazova) iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı müqavilənin hissəvi etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-3105/2024 nömrəli mülki iş yekunlaşanadək (iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(011)-1358/2024 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır.
3. Məhkəmə hesab etmişdir ki, hal-hazırda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı müqavilənin hissəvi etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxılıb yekunlaşanadək İddiaçı Cavabdeh qarşı pul tələbinə dair hazırki mülki iş üzrə yekun qərarın qəbul edilməsi qeyri-mümkündür.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən həmin sübutları düzgün qiymətləndirməmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılan işin perspektivsizliyini müəyyən etməmişdir. Bununla məhkəmədə prosessual hüquq normasını pozmuşdur.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
9. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadı: Bənd 14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Bənd 15. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bənd 36. Konstitusiya Məhkəməsinin qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olubolmamasına görə mübahisəni həll edir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-110/2024 nömrəli qərardadı ləğv edilməli və işə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
12. İşdən görünür ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsaslanan pul tələbidir.
13. Yuxarıda da qeyd olunduğu kimi, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
14. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan əqdin etibarlılığın mübahisələndirilməsi ilə bağlı başqa məhkəmənin icraatında digər işə baxılıb həll edilənədək hazırki iş üzrə icraatın dayandırılması barədə gəldiyi qənaət düzgün olmamışdır.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1358/2024 nömrəli qərardadı ləğv edilsin və işə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: