Məhkəmə qərarları › İş №2(103)-4753/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4753/2022

26.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4753/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(007)-95/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 2 və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5 A ünvanlarında yerləşən əmlakların Cavabdeh tərəfindən heç bir icazə alınmadan qanunsuz sökülməsi nəticəsində əldən çıxmış faydaya görə 360000 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m olan 5/1 saylı mağaza Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışına əsasən və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5 A ünvanında yerləşən, ümumi sahəsi 71.3 kv.m olan 5/1 saylı çörək mağazası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* qeydiyyat nömrəli çıxarışına əsasən onun mülkiyyətindədir. Həmin mağazaların yerləşdiyi ərazidə 2018-ci ilin əvvəllərindən Cavabdeh tərəfindən hündürmərtəbəli binanın tikinti işləri aparılmışdır. Cavabdeh tərəfindən tikinti işləri aparılarkən onun həmin torpaq sahəsində yerləşən yuxarıda qeyd etdiyi mağazaların heç bir icazə alınmadan, qanunsuz sökülərək məhv edilmiş, mağazalarının yerləşdiyi və onun mülkiyyətində olan torpaq sahələri qanunsuz zəbt edilərək hündürmərtəbəli binalarin tikintisinə davam etdirilmişdir. Belə ki, cavabdeh “Babək-94" X3 nümayəndələri bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulan əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətini törətmişlər. Həmin əmlakların məhv edilməsi nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Cavabdeh tərəfindən ona məxsus həmin qeyri-yaşayış sahələrinə görə heç bir kompensasiya ödənilməmişdir. Bundan başqa cavabdeh tərəfindən həmin mağazaların yerləşdiyi torpaq sahələri də zəbt edilmişdir. Həmin ərazidə cavabdeh tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin mağazalara görə cavabdeh tərəfindən ona kompensasiya verilsə belə, mülkiyyətində olan torpaq sahəsində artıq hündürmərtəbəli tikili mövcuddur. Bununla da o, həmin torpaq sahəsində ticarət obyekt tikmək imkanından da məhrum olunmuşdur. ünvan 2 və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5 A ünvanlarında yerləşən əmlakların təyinatı mağaza idi. Həmin mağazalar tərəfindən gəlir əldə etmək məqsədilə özəlləşdirilmişdir. Cavabdeh tərəfindən sökülməsəydi həmin mağazaları özü işlədə və ya aylıq 600 manat olmaqla icayə verə bilərdi. “Babək-94" X5 tərəfındər mağazalarının heç bir icazə alınmadan sökülməsi və məhv edilməsi nəticəsində o, faktiki olaraq həmin gəlirlərdən məhrum olmuşdur. Buna görə də o hesab edir ki, əldən çıxmış faydaya görə 360000 manat (600 manat x 12 ay x 50 il) cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(007)-95/2022 saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddanın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5 A xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. İşdə olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5 B xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. İşdə olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-74/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı məxsus mağazaların sökülməsi ilə əlaqədar dəymiş zərərə görə Cavabdehndən 97500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9062/2019 saylı və xx.xx.2021-ci il tarixli, 2(103)-342/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və xx.xx.2019-cu il tarixli qətnaməsinin iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(102)-5896/2021 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsininxx.xx.2021-ci il tarixli, 2(103)-342/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. İşdə olan “LegalPrime” Hüquq və Konsaltinq şirkətinin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən qeyri yaşayış binalarının müqayisə yanaşması ilə 5A saylı qeyri yaşayış binasının hazırki aylıq kirayə qiyməti 340 manat, 2018-ci il tarixdə aylıq kirayə qiyməti 320 manat, 5B saylı qeyri yaşayış binasının hazırki aylıq kirayə qiyməti 380 manat, 2018-ci il tarixdə aylıq kirayə qiyməti 360 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından və eyni tərəflər arasında eyni daşınmaz əmlaklarla bağlı olan digər mübahisə üzrə qanuni qüvvədə olan məhkəmə qərarlarından göründüyü kimi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m olan 5/1 saylı və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5 A ünvanında yerləşən, ümumi sahəsi 71.3 kv.m olan 5/1 saylı çörək mağazası iddiaçının mülkiyyətində olmuş, həmin mağazaların yerləşdiyi ərazidə 2018-ci ilin əvvəllərindən Cavabdeh tərəfindən hündürmərtəbəli binanın tikinti işləri aparılmış, tikinti işləri aparılarkən iddiaçıya məxsus əmlaklar sökülmüş, bu səbəbdən də iddiaçı daha əvvəl dəymiş ziyanın ödənilməsi üçün müvafiq iddia qaldırmış və Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(002)-74/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, mağazaların sökülməsi ilə əlaqədar dəymiş maddi zərərə görə cavabdehdən 97500 manat məbləğində pul vəsaitinin tutulması qət olunmuşdur. İddiaçı hazırki iddia tələbində - mülkiyyətində olan əmlakların sökülməsi nəticəsində cavabdehdən əldən çıxmış fayda kimi 360000 manat məbləğində pulun tutulmasını tələb etmiş, iddia etmişdir ki, cavabdeh tərəfindən sökülmüşəsəydi həmin mağazaları özü işlədə və ya aylıq 600 manat olmaqla icayə verə bilərdi, lakin o, faktiki olaraq həmin gəlirlərdən məhrum olmuşdur. Buna görə də hesab edir ki, əldən çıxmış faydaya görə 360000 manat (600 manat x 12 ay x 50 il) cavabdehdən tutularaq ona ödənilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən mağazaların sökülməsinə görə iddiaçıya dəymiş maddi ziyan 97500 manat müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən həmin mağazalar sökülməsəydi onları işlədə və ya aylıq 600 manat olmaqla icayə verə biləcəyindən, cavabdeh tərəfındən mağazaların heç bir icazə alınmadan sökülməsi və məhv edilməsi nəticəsində o, faktiki olaraq həmin gəlirlərdən məhrum olduğundan əldən çıxmış faydaya görə 360000 manat tələb etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, həmin obyektlər qeyri-yaşayış sahələri olsa da iddiaçı onlarıdan əldə etdiyi 2012-ci il tarixdən sahibkarlıq fəakiyyətində təyinatı üzrə istifadə etməklə gəlir əldə etməmiş, həmçinin həmin qeyri-yaşayış sahələri sökülməmişdən öncə məcburi köçkünlər orada məskunlaşmış, obyektlər sökülərkən onlar başqa yerlərdə yerləşdirilmişlər. Yəni həmin mağazalar sökülməsəydi belə həmin mağazalardan iddiaçı yenə də qeyd olunan məsələ öz həllini tapanadək nə özü istifadə edə biləcək nə də ki, başqa şəxlərin istifadə verə biləçəkdi. Digər tərəfdən artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə obyektlərin sökülməsinə görə cavabdehdən dəymiş ziyan qismində 97500 manat vəsait iddiaçının xeyrinə tutulmuşdur. Göründüyü kimi iddiaçı qeyri-yaşayış sahələri onun mülkiyyətində olsa da faktiki onlardan istifadə etmədiyi halda bu obyektlərdən hansı qaydada faydalanmaqla gəlir əldə edə biləcəyi barədə məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir. Digər tərəfdən iddiaçının artıq 2018-ci ilin əvvəllərində sökülmüş obyektlər üçün həmin vaxt da daxil olmaqla ümumilikdə gələcək illər üçün də əldən çıxmış fayda tələb etməsi ağlabatan deyildir. Belə olan halda iddiaçının 50 il müddət üçün əldən çıxmış faydanın tələb edilməsinə dair iddiası təmin olunarsa bu hal özlüyündə onun tərəfindən artıq mövcud olmayan həmin obyektlərə görə sonsuz bir müddət üçün fayda tələb etməsi halını yaratmış olacaqdır ki, bu isə ümumilikdə mülki dövriyyənin ümumi prinsiplərinə zidd olacaqdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən – iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, tələbinin əsası kimi məhkəməyə hər hansı mötəbər sübut təqdim etməməsinə və s. əsaslanmışdır. Məhkəmə kollegiyası iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı maddi zərər kimi əldən çıxmış faydanı tələb etdiyi halda bu halı sübut etmək yükünü daşıyır. İşin hallarından isə görünür ki, iddiaçı cavabdeh tərəfindən sökülmüş daşınmaz əmlaklarla bağlı ona iddia tələbində göstərilən məbləğdə gəlir əldə edə biləcəyini (həmçinin həmin gəlirlərin 50 il müddətində davam etməsini), lakin həmin gəlirlərdən məhrum olmasını və s. bu istiqamətdə istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Yəni, iddiaçı həmin əmlaklar sökülməmişdən əvvəl oranı icarəyə verməsi və icarə haqqı almasına və ya orada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rəsmi gəlir əldə etməsinə, habelə qeyri-yaşayış sahəsinə dair digər şəxslərlə real olaraq icarə müqaviləsini bağlamasına, məhz cavabdehin təqsiri üzündən bunun baş tutmamasına və s. dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Əksinə, işin hallarından mübahisəsiz olaraq müəyyən edilir ki, iddiaçı uzun müddət ərzində həmin əmlakları icarəyə verməmiş, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq hər hansı gəlir əldə etməmiş, əmlaklar sökülən anadək orada məcburi köçkünlər məskunlaşmışdır (iddiaçı tərəf də bu halı mübahisələndirmir). Qanuni qüvvədə olan məhkəmə qərarına əsasən iddiaçıya sökülmüş əmlaklarına görə kompensasiya ödənilməsi halı isə özü-özlüyündə hazırki iddia tələbinin əsaslı olması ilə nəticələnə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı əldən çıxmış faydanın mövcudluğu ilə bağlı tələbini sübut etmək yükünü daşıyır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia əsassızdır, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda iddiaçının bildirdikləri (izahatı) də iddianın əsaslı sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(007)-95/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(007)- 95/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar