Məhkəmə qərarları › İş №2(103)-4753/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4753/2023

11.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4753/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «maddi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1772/2023 saylı, 18 may 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh ilə sürücü İddiaçı arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır.

2. xx.xx.2017-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh-ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, baş vermiş yol-nəqliyyat hadisələri zamanı onun günahı üzündən nəqliyyat vasitəsinə və zərərçəkmişə dəymiş ziyana görə tam məsuliyyət daşıyır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(001)-3749/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 12595,30 (on iki min beş yüz doxsan beş manat otuz qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı cavabdeh İddiaçı tutularaq, "xxxx" ASC-nə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (yüz iyirmi) manatın 20 (iyirmi) manat hissəsinin iddiaçı "xxxx" ASC-dən, 100 (bir yüz) manat hissəsinin isə cavabdeh İddiaçı tutulub dövlət gəlirlərinə alınması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)- 5240/2020 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-5240/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərara əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3749/2019-014 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam icra olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12595 (on iki min beş yüz doxsan beş) manat, 30,40 (otuz manat, qırx qəpik) manat və 100(yüz) manat olmaqla ümumilikdə 12725 (on iki min yeddi yüz iyirmi beş) manat alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiada göstərilir ki, iş üzrə Cavabdeh ilə bağlanmış 15 may 2017-ci il tarixli əmək müqaviləsi üzrə sonuncu sürücü kimi işə götürülmüşdür. Habelə onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və o, sürücü vəzifə təlimatı ilə təlimatlandırılmışdır. Sonradan cavabdeh tərəfindən iş üzrə iddiaçının mülkiyyətində olan “Daewoo BS090” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən, "xxxx" ASC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. İş üzrə müvafiq olaraq qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında müəyyən edilmişdir ki, həmin yolnəqliyyat hadisəsi iş üzrə hazırki Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri ucbatından baş vermiş və subroqasiya hüququ üzrə "xxxx" ASC-nin işəgötürənə, yəni İddiaçı qarşı qaldırılması öz təsdiqini tapmış və nəticədə həmin iddia təmin edilərək, İddiaçı 12595 manat məbləğində pul vəsaiti, 30,40 manat və 100 manat olmaqla, ümumilikdə 12725 manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə ididaçı tərəfindən icra olunmuş və icra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla icraata xitam verilmişdir.Qanuni qüvvəsini almış məhkəmə qərarlarında iş üzrə iddiaçıya izah edilmişdir ki, İddiaçı hazırki iddia tələbi üzrə ondan tutulmuş zərərin əvəzi olan məbləğini digər Cavabdeh reqres qaydada tələb etmək hüququna malikdir. Ona görə də, İddiaçı hazırda "xxxx" ASC-yə ödədiyi həmin pul məbləğini reqres qaydada iş üzrə cavabdeh olan Cavabdeh tələb edir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1772/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia tələbinin təmin edilərək Cavabdeh 12595 (on iki min beş yüz doxsan beş) manat məbləğində pul vəsaiti, 30,40 (otuz manat qırx qəpik) manat və 100 manat olmaqla ümumilikdə 12725 (on iki min yeddi yüz iyirmi beş) manatın İddiaçı xeyrinə tutulması; ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə İddiaçı hazırki iddia tələbi üzrə ondan tutulmuş zərərin əvəzi olan məbləğini Cavabdeh reqres qaydada tələb etmək hüququ izah olunmuş, 12595 (on iki min beş yüz doxsan beş) manat məbləğində pulun İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilməsi müəyyən olunmuşdur. Belə olan halda, iddiaçının reqres iddia tələbi təmin edilməlidir.Cavabehin iddia müddətinin tətbiq olunması barədə etirazına münasibətdə məhkəmə qeyd edib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinin tələbi baxımından, həmin müddət ötürülməmişdir. Belə ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında fərdi müqavilələrin olmasını vurğulayır. İşin faktiki hallarından göründüyü kimi, maddi ziyanın ödənilməsi tələbi üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Lakin məhkəmə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “iddia müddətinin tətbiq edilməsi haqqında” ərizəni əsassız hesab edərək onu təmin etməmişdir. Mülki hüquqların müdafiəsi müddəti dedikdə elə müddət başa düşülür ki, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının müdafiəsini və yaxud məcburi qaydada həyata keçirilməsini tələb edə bilər. Maddi zərərin vurulması ilə nəticələnən avtonəqliyyat hadisəsi 2018-ci il tarixində baş vermiş və ən sonuncu məhkəmə qətnaməsi 03 fevral 2021-ci il tarixində qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticə düzgün olmuşdur.

22. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün iddia haqlı sayılırdı.

23. Belə ki, hazırki iddia tələbinın əsaslı olması işin mübahisəsiz halıdır və ən azından tərəflər bu faktı mübahisələndirmir. Mübahisələndirilən hal iddia müddəti və onun axımının hansı vaxtdan başlanılması ilə bağlıdır. Birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı hesab edib ki, Mülki Məcəllənin 377.4-cü maddəsinin tələbi baxımından, həmin müddət ötürülməmişdir, belə ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Cavabdeh isə nə iddiaçının, nədə məhkəmənin bu mövqeyi ilə razılaşmır və səbəblərini apellyasiya şikayətində göstərir.

24. Mülki Məcəllənin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərara əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3749/2019-014 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə qeyd olunan tələb tam icra olunmuşdur. İddiaçı isə həmin icra sənədi üzrə əsas öhdəliyini tam icra etdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

25. Demək ki, iddiaçının başqa şəxsin(hazırki iş üzrə cavabdehin) vurduğu zərərin əvəzini ödəmiş şəxs kimi cavabdehə qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ icra sənədini tam icra etdiyi vaxtdan yarandığından, iddia müddətinin axımı da 2023-cü ildən başlanır. İddiaçı isə xx.xx.2023-cü il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edib, deməli iddia müddətini ötürməmişdir.

26. Cavabdeh şikayətində göstərib ki, maddi zərərin vurulması ilə nəticələnən avtonəqliyyat hadisəsi 2018-ci il tarixində baş vermiş və bununla bağlı ən sonuncu məhkəmə qətnaməsi isə 03 fevral 2021-ci il tarixində qəbul edilmiş, buna görə də iddia müddəti ötürülmüşdür. Lakin hazırki iddia üzrə iddia müddətinin axımının başlanılmasının zərərin vurulması yaxud müəyyən edilməsi tarixi ilə yaxud məhkəmə qətnaməsinin qəbul edilmə tarixi ilə başlanılması barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. Çünki, hazırki iddia üzrə tələb(reqres) hüququnun hansı qaydada və vaxtda yarandığı Mülki Məcəllənin 1114.1-ci maddəsinin, bu cür öhdəliklər üzrə iddia müddətinin axımının başlanması anı isə həmin Məcəllənin 377.4-cü maddəsinin dispozisiya şərtlərində dəqiq, aydın və imperativ şəkildə göstərilmişdir. Ona görə də cavabdeh tərəf hazırki iddia üzrə yaranmış öhdəliyini digər mülki hüquq münasibətlərindən(müqavilədən) yaxud əmək münasibətlərindən yaranmış öhdəlik kimi qiymətləndirməyə cəhd edib iddia müddətinin keçdiyini bəyan etməsi şikayətinin əsaslılığına heç bir təsir etmir.

27. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1772/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1772/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar