Məhkəmə qərarları › İş №2(103)-4755/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4755/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4755/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, x4 və x1 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin vəkili x2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxx” ASC-yə qarşı “kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(006)-2964/2019 saylı qətnaməsindən cavabdeh “xxxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “xxxxxxxxxxx” ASC arasında bağlanmış 17 may 2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, onunla cavabdeh “xxxxxxxxxxx” ASC arasında bağlandığı bildirilən bitmə tarixi 23 noyabr 2020-ci il olaraq göstərilən 23 noyabr 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, mərkəzləşdirilmiş kredit reyestrindən onunla cavabdeh bank arasında 23 noyabr 2015-ci il tarixli kredit müqaviləsinin mövcudluğu barədə yanlış qeydin, eləcə də onun cavabdeh banka borcunun olmasına dair qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(006)- 2964/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı adına 23.11.2015-ci il tarixli 198BSKİ153270006 saylı hesab nömrəsi üzrə rəsmiləşdirilmiş kredit məlumatlarının (məlumat təchizatçısı (“xxxxxxxxxxx” ASC), kreditin qalıq məbləği 814 manat, faiz məbləği 1539,06 manat, kreditin verilmə tarixi 23.11.2015, kreditin ilkin müqavilə üzrə bitmə tarixi 23.11.2020, kreditin son müqavilə üzrə bitmə tarixi 23.11.2020, faizlərin gecikdirildiyi günlərin sayı 923, sonuncu ödəniş tarixi 23.11.2020, məqsədi fiziki şəxlərə istehlak kreditləri, əsas borcun gecikdirildiyi günlərin sayı 0) xxxxxxxxxxxxxxxxxxxxxxxxndan silinməsi məqsədi ilə bu barədə müvafiq məlumatın verilməsi vəzifəsinin “xxxxxxxxxxx” ASC-nin üzərinə qoyulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmuş hissəsini dəyişdirərək “İddiaçı adına rəsmiləşdirilmiş 23.11.2015-ci il tarixli kredit məlumatlarının silinərək 17.05.2007-ci il tarixli kredit müqaviləsi məlumatları kimi qeyd olunması barədə xxxxxxxxxxxxxxxxxxxxxxxxna müraciət olunması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 17.05.2007-ci il tarixdə götürülmüş kredit üzrə qalıq borc qaldığından və Bank tərəfindən iddia müddəti ötürüldüyündən həmin kredit üzrə borc 23.11.2015-ci il tarixdə balansdan silinmiş və balansdankənarda təqibə alınmışdır. Bu zaman MKR-də borc sıfırlanmış və yeni tarixdən borc formalaşmışdır. Hazırda iddiaçının adına 23.11.2015-ci il tarixdə MKR-də borcun formalaşması həmin tarixdə kredit müqaviləsinin bağlanmasına əsas vermir. Belə ki, MKRdə 17.05.2007-ci il tarixə kredit müqaviləsi qeyd olunsa da, 23.11.2015-ci il tarixə olan məlumatda kredit müqaviləsi deyil, borcun silinməsi görünür. Bununla da bank tərəfindən iddiaçının 17.05.2007-ci il tarixli kredit müqaviləsinin balansdankənar təqibə keçirildiyi anlaşılır. 17.05.2007-ci il tarixdə iddiaçı tərəfindən Bankdan kreditin götürülməsi iddia ərizəsində və məhkəmə prosesində etiraf edilmiş, həmçinin bu, qətnamədə də öz əksini tapmışdır. İddiaçı həmin krediti bağladığını iddia etsə də, bu barədə hər hansı maliyyə arayışı və ya tam ödəniş barədə qəbz təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbini həmin hissədə sübutların təqdim edilməməsi əsası ilə təmin etməmişdir. Həmçinin iddia tələbinin 3-cü hissəsi olan MKR-də borcun olması barədə qeydin silinməsi tələbi hissəsinə münasibət bildirərkən məhkəmə öz qətnaməsində iddia tələbinin 1-ci hissəsinə bildirdiyi münasibətə zidd qərar qəbul etmişdir. Belə ki, qətnamənin 2-ci səhifəsinin 12-ci abzasında məhkəmə borc məbləğinin tam ödənilməsi barədə sübutların məhkəməyə təqdim edilmədiyini bildirsə də, iddia tələbinin 3-cü hissəsinə qiymət verərkən borcun olmamasına dair düzəlişin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qət etmişdir. Cavabdehin üzərinə MKR-dən 23.11.2015-ci il tarixli borcun olması barədə məlumatların silinərək 17.05.2007-ci il tarixli borc kimi göstərilməsi barədə düzəlişin olunması öhdəliyi qoyulmalı idi. Əks təqdirdə hazırki qətnamə icra olunarkən yeni mübahisə yarana bilər. Çünki, iddiaçı 17.05.2007-ci il tarixli kredit müqaviləsinin mövcud olduğunu etiraf edir və həmçinin həmin müqavilə üzrə borcunun olmadığını iddia edir. Cavabdeh ASC tərəfindən MKR tarixçəsinə düzəliş edilərkən səhvən 2007-ci il tarixli müqavilə silinərək 2015-ci il tarix kimi qeyd edilmişdir. Hazırki qətnamə ilə 2015-ci il tarixli qeyd silindiyi təqdirdə isə faktiki və əsassız olaraq iddiaçının MKR üzrə heç bir borcu qalmayacaq. Yəni, qətnamə ilə birinci tələbin təmin edilməməsinə baxmayaraq, məhkəmə iddia üzrə 3-cü tələbi təmin etməklə faktiki olaraq 1-ci tələb də təmin edilmiş hesab olunur. Bu isə hüquqi müəyyənlik prinsipinə ziddir. Həmçinin, iddia müddətinin tətbiqinə dair 30.04.2019-cu il tarixli ərizə verilsə də, məhkəmə tərəfindən işə baxılarkən həmin ərizəyə münasibət bildirilməmişdir. Məhkəmə iclasında cavabdehin vəkili x3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 2007-ci il tarixli müqavilə olub, həmin müqavilə 2015-ci ildə balansdankənarda təqibə alınması üçün qeydiyyata alınıb. Reyestrdə yeni formalaşmış müqavilə kimi görünür. 2007-ci il tarixli müqavilənin məlumatları daxil edilib. Gələcəkdə qətnamə icraya yönəldiləndə Reyestr məlumatı siləcək, məlumat silinəndə heç bir borc görünməyəcək, arzu olunan müştəri kimi görünəcək. Onlar heç bir tələb irəli sürə bilməyəcəklər. İddia müddəti ötürülsə də, məhkəmədən kənar öhdəliyin icrasını tələb edə bilərlər. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndiriləniddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xxxxxxxxxxxxxxxxxxxxxxxxndan çıxarışa əsasən iddiaçının adına “xxxxxxxxxxx” ASC tərəfindən verilmiş 23.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə 814 manat kredit qalıq məbləği göstərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə iddiaçı ilə imzalanmış kredit müqaviləsinin mövcud olması ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilmiş hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan maddənin dispozisiya şərtləri baxımından borc müqaviləsi üzrə kreditor həmin müqavilədə nəzərdə tutulmuş məbləği və faizləri borcludan tələb etmək üçün həmin pulu borcluya verdiyini sübut etməlidir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 02.08.2019-cu il tarixli SF16/1733 saylı Çıxarışda İddiaçı kreditin verilmə tarixi 23.11.2015-ci il olan müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 814 manat, faiz məbləği üzrə 1539,06 manat məbləğində borcunun olduğu qeyd olunmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 329.1, 331.1, 385.1, 386.1, 389.1 və 390.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı adına 23.11.2015-ci il tarixli 198BSKİ153270006 saylı hesab nömrəsi üzrə rəsmiləşdirilmiş kredit məlumatlarının xxxxxxxxxxxxxxxxxxxxxxxxndan silinməsi məqsədi ilə bu barədə müvafiq məlumatın verilməsi vəzifəsi “xxxxxxxxxxx” ASC-nin üzərinə qoyulmalıdır. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Cavabdeh iddia müddətinin tətbiqinə dair 30.04.2019-cu il tarixli ərizədə iddiaçı ilə Bank arasında 17 may 2007-ci il tarixdə 18 ay müddətinə kredit müqaviləsinin bağlandığından iddia müddətinin axımının 17 noyabr 2009-cu il tarixdə başladığını, 17 noyabr 2012-ci il tarixdə başa çatdığını əsas gətirərək iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir, birinci instansiya məhkəməsi iddia tələbini qeyd olunan müqaviləyə aid hissədə təmin etmədiyindən Məhkəmə kollegiyası həmin tələbə iddia müddətinin tətbiq olunması barədə məsələ üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(006)- 2964/2019 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar