Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4758/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və sair tələbləri barədə” iddiasına; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və sair tələbləri barədə” müstəqil iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının və üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Fonda qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ləğv prosesində olan Bank ilə (iş üzrə üçüncü şəxs olan) T.Bayramov arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 1638/14 saylı “Kredit müqaviləsinin” restrukturizasiya olunması, Bank ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ZM-1638/14 saylı “Zaminlik müqaviləsinə” xitam verilməsi, bu barədə məlumatların Bankın əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh Fondun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM-1638/14 saylı zaminlik müqaviləsinə əsasən sonuncu, digər zamin X2 ilə birlikdə Bank ilə tanışları T.Bayramov arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1638/14 saylı “Kredit müqaviləsinə” əsasən sonuncu tərəfindən Bankdan götürülmüş kredit üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bank tərəfindən T.Bayramova illik 27,08 % dərəcəsi olmaqla 18 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Kreditin verilməsindən sonra 2021-ci ilin fevral-mart aylarınadək iddiaçıya öhdəliyin lazımi qaydada icra olunmaması ilə bağlı heç bir rəsmi və ya qeyri-rəsmi, şifahi və yazılı məlumat verilməmişdir. 2021-ci ilin fevral-mart aylarında Bankın əməkdaşı kredit öhdəliyinin T.Bayramov tərəfindən lazımınca icra olunmadığı iddiaçıya telefon vasitəsi ilə bildirərək, ondan həmin müqavilə üzrə zamin olduğu üçün borcun ödənilməsini tələb etmişdir. İddiaçı, kredit borcunun hansı səbəbdən ödənilməməsini öyrənmək məqsədi ilə T.Bayramovla əlaqə saxlasa da, o, həmin kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən dövlət tərəfindən kompensasiya ödənişinin ödənildiyini bildirmişdir. Kompensasiya məbləğinin sorğulanması barədə çıxarışdan görünür ki, T.Bayramovun Bank qarşısında kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borcu 5.997,67 manat olmuş, Fərmana əsasən borcun azaldılmasına yönəldilmiş məbləğ 529,27 manat təşkil etmiş, həmin ödənişdən sonra qalıq borcu 5.468,40 manat olmuşdur. Həmçinin həmin çıxarışdan görünür ki, Bank ilə bağlanmış həmin “Kredit müqaviləsi” restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilmişdir. Tərəflərindən Banka və onun ləğvedicisi olan Fonda dəfələrlə yazılı qaydada müraciətlər olunaraq, həmin “Kredit müqaviləsinin” restrukturizasiya olunub-olunmaması barədə məlumat verilməsi xahiş olunsa da, sonuncular heç bir əsaslı səbəb olmadan qeyd olunan müraciətlərə guya həmin məlumatlar bank sirrini təşkil etdiyi üçün cavab verməkdən imtina etmişlər. Eyni zamanda, Azərbaycan Respublikası Mərkəzi Bankına da bu barədə müraciət olunaraq cavabdehlərin onların müraciətlərini əsassız olaraq cavablandırmadıqlarını bildirmişlər. Mərkəzi Bank tərəfindən cavabdehlərə həmin müraciətlərin 7 iş günü ərzində cavablandırılması bildirilsə də, bu da nəticəsiz qalmışdır. Daha sonra pandemiya səbəbindən Əmanətlərin Sığortalanması Fondunun rəsmi elektron poçt ünvanına da eyni məzmunlu müraciətlər ünvanlasalar da, müsbət nəticəsi olmamışdır. Bir sözlə, Fond ləğv edilmiş Bankın ləğvedicisi kimi iddiaçının müraciətlərini sanki heçə saymaqda davam edir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli, ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının” 6.16-cı maddəsinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu xx.xx.2019-cu il tarixdə başa çatır. Lakin Fərmanın icra olunması ilə əlaqədar mövcud təcrübədə bütün restrukturizasiya olunmalı kreditlərin halhazırkı günədək tam restrukturizasiya olunmadığı müəyyən olunmuşdur. Bunun səbəbləri kimi kredit təşkilatları tərəfindən fərmanın tələblərinin lazımınca icra edilməməsi, ölkə üzrə problemli kredit portfelinin həcminin çox böyük olmasına görə buna kifayət qədər vaxtın olmaması və Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilərək onun səlahiyyətlərinin Mərkəzi Banka həvalə edilməsi və s. göstərmək olar. Odur ki, mübahisə predmeti olan kredit müqaviləsinin hansı səbəbdən restrukturizasiya olunmamasını müəyyən etmək və qanunvericiliyin tələbləri pozulmuşdursa həmin pozuntuları aradan qaldırmaq səlahiyyəti hazırkı halda və vaxtda yalnız məhkəməyə aiddir. Yuxarıda qeyd olunan işin faktiki halları və məhkəməyə təqdim etdikləri sənədlərdən də görünür ki, mübahisəli kredit müqaviləsinin vaxtında restrukturizasiya olunmaması, ümumiyyətlə kredit müqaviləsinin lazımınca icra olunmaması barədə ona heç bir məlumat verilməməsi zamin iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı, bu hüquqpozma nəticəsində öz şəxsi məqsədləri üçün banklardan kredit götürməkdən məhrum olmaqla yanaşı, zamin kimi əlavə xərclərə məruz qalacaqdır. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki işin icraatı başlanmışdır. Bundan sonra, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs T.Bayramov cavabdeh Fonda qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1638/14 saylı “Kredit müqaviləsinin” restrukturizasiya olunması, bundan sonra həmin “Kredit müqaviləsinə” xitam verilməsi, bu barədə məlumatların Bankın əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh Fondun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs T.Bayramovun iddia ərizəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə hər iki iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları İddiaçı iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiq olunması üçün əsaslar mövcud olmasına baxmayaraq iddiaçı cavabdeh Fondun hərəkətsizliyi nəticəsində hüquqlarından əsassız məhrum olmuşdur. İddiaçının və üçüncü şəxsin birgə vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddiaçı Bankın ləğvedicisi olan Fond işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Fondun nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iş üzrə üçüncü şəxs olan T.Bayramov qətnamədən apellyasiya şikayəti versə də, onun apellyasiya şikayəti Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır (həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır). İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilmişdir. Odur ki, göstərilənləri, mübahisə predmetinin bölünməz olmadığını və MPM-nin 372.6-cı maddəsinin tələblərini nəzərə almış Məhkəmə Rayon Məhkəməsinin gəldiyi nəticəni yalnız İddiaçı tərəfindən mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 ASC ilə iş üzrə üçüncü şəxs olan T.Bayramov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1638/14 saylı “Kredit müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən Bank tərəfindən T.Bayramova 18 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Bank ilə (üçüncü şəxs) T.Bayramov, (iddiaçı) İddiaçı və (hazırki iş üzrə tərəf olmayan) C.Allahverdiyev arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1638/14 saylı “Zaminlik müqaviləsindən” görünür ki, İddiaçı və C.Allahverdiyev borclu T.Bayramovun yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. Zərdab Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən (İş № 2(035)- 720/2016) görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X6, İddiaçı və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasının təmin edilməsi, Bank ilə T.Bayramov arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 6.004,96 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.300,76 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 549,85 manat, cəmi 7.885,57 manat məbləğində pulun tutularaq Banka ödənilməsi qət edilmişdir. İş materiallarında olan və X4 adına verilmiş “Problemli kreditləri kompensasiyası barədə məlumat”ın “Ödəniş müddəti keçmiş əsas kredit borlarının ödənilməsinə yönəldilən hissə” adlı bölməsindən görünür ki, T.Bayramovun Cavabdeh1 ASC-yə olan və kompensasiya olunmalı borcun məbləği 5.468,40 manat, "xxxx" ASC-yə olan və kompensasiya olunmalı borcun məbləği 409,97 manat, "xxxx" ASC-yə olan kompensasiya olunmalı borcun məbləği 3.468,07 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi və artıq qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qətnaməsindən (İş № 2(103)-3539/2022) görünür ki, iddiaçı (hazırki iş üzrə də iddiaçı olan) İddiaçı və üçüncü şəxs (hazırki iş üzrə də üçüncü şəxs olan) T.Bayramov cavabdeh (hazırki iş üzrə də cavabdeh olan) "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizələri ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC ilə T.Bayramov arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 126.LN.2102.050914.00005 saylı “Kredit müqaviləsinin” restrukturizasiya olunması, həmin “Kredit müqaviləsinə” və "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 126.CL.050914.00005/C saylı “Zaminlik müqaviləsinə” xitam verilməsi, bu barədə məlumatların "xxxx" ASC-nin əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qeyd edilən iddialara dair işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(006)-254/2022) ilə İddiaçı iddiasının təmin edilməməsini, T.Bayramovun iddiasının qismən təmin edilməsini, "xxxx" ASC ilə T.Bayramov arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 126.LN.2102.050914.00005 saylı “Kredit müqaviləsinin” restrukturizasiya olunmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qeyd edilən bu qətnamə ilə, Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin təmin edilməməsini, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin hallarından görünür ki, cavabdeh T.Bayramov Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, Banka olan borcunu lazımı qaydada və məbləğdə ödəməmişdir. Nəticədə, Zərdab Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasan T.Bayramov, S.Ələvkərov, C.Allahverdiyevdən cəmi 7.885,57 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, yuxarıda qeyd edilən Fərmandan irəli gələn məsələlər üzrə T.Bayramova kompensasiya hesablanmışdır. İddiaçı bildirir ki, yuxarıda qeyd edilən işin faktiki hallarına baxmayaraq cavabdeh Fond kredit borcunun restrukturizasiyası ilə bağlı heç bir tədbir görməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında qeyd edilmişdir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Fərmanın 5-ci bəndinə görə, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın 8.6-cı bəndindən görünür ki, Fərmanın təsir dairəsinə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Fərmanın 1-ci bəndinə görə, fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Fərmanla banklara eyni zamanda tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini ... təmin edən tədbirlər görməlidir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilən Fərmandan irəli gələn məsələlər üzrə hazırki kredit müqaviləsi üzrə kompensasiya hesablanmış, kredit müqaviləsi yuxarıda qeyd edilən Fərmanın təsir dairəsinə düşmüş və T.Bayramova kompensasiya hesablanmışdır. İşə baxan Rayon Məhkəməsinin hesab etmişdir ki, Fərmanda bankların müştərilərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasının təklif etmələri tövsiyə olunmuşdur. Bank fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Çünki dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən Cavabdeh1 ASC-nın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, Bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etmişdir, Fərmanda tövsiyə xarakteri daşıyan müddəaların onun üçün məcburidir. İşdə olan sənədlərdən görünür ki, iş üzrə İddiaçı xx.xx.2014-cü il tarixli “Zaminlik müqaviləsinə” əsasən borclu T.Bayramovun Bankla bağladığı xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən üzərinə götürdüyü öhdəliklərin icrasına zəmanət verərək T.Bayrova zamin durmuşdur. İddia ərizəsində və apellyasiya şikayətində İddiaçı xx.xx.2014-cü il tarixli “Zaminlik müqaviləsinə” xitam verilməsi, bu barədə məlumatların Bankın əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh Fondun üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının bu tələblərini əsassız hesab edir. Çünki xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin” restruktizasiya olunması zaminlərin üzərinə götürdükləri məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil, Rayon Məhkəməsi həmin hissədə maddi hüquq normalarını düzgün tətbiq etməmiş iş hallarını səhv müəyyən etmişdir. MPM-nin 385-ci maddəsinə görə isə, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, göstərilənləri və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və iddiaçının cavabdeh Fonda qarşı iddiası qismən təmin edilməlidir. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı iddiasının həll edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyü “cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və sair tələbləri barədə” iddiası qismən təmin edilsin. Cavabdeh1 ASC ilə üçüncü şəxs X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1638/14 saylı “Kredit müqaviləsinin” restrukturizasiya olunması öhdəliyi Cavabdeh1 ASCnin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondun üzərinə qoyulsun. İddiaçı iddiasının qalan hissəsi təmin edilməsin. Müəyyən edilsin ki, üçüncü şəxs X4 Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyü müstəqil iddiasının həll edilməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4758/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4758/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver