Məhkəmə qərarları › İş №2(103)-4759/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4759/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4759/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-518/2024 nömrəli, 23 may 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. "xxxx" ASC ilə (borcverən) ilə X7 (borcalan) arasında bağlanmış xx.xx.2018ci il tarixli, BPM**********25 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana istehlak məqsəd(lər)i üçün 1900 (bir min doqquz yüz) AZN kredit verməyi öhdəsinə götürür. Borcalana kredit 48 (qırx səkkiz) ay müddətinə verilir, kreditin müddəti xx.xx.2022ci il tarixdə bitir. Kredit üzrə faiz dərəcəsi 29 % təşkil edir.

2. xx.xx.2018-ci il tarixli BPM**********25 nömrəli məxaric orderindən görünür ki, X7 1880 (bir min səkkiz yüz səksən) AZN məbləğində vəsaiti təhvil almışdır.

3. Ölüm haqqında AZ-İİ seriyalı 200063 nömrəli şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, 2V-1 və 2V-2 reyestr nömrəli şəhadətnamələrdən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdehdur. Ona verilən miras əmlaklar Sumqayıt şəhəri, Novxanı bağ massivi, 785 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, ev 3/1, 49 nömrəli mənzildən ibarətdir.

5. ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 xx.xx.2021-ci il tarixində ölümü ilə əlaqədar vərəsəlik işi açılmışdır və oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

6. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X4 vərəsəsi Cavabdeh xx.xx.2018-ci il tarixli, BPM**********25 nömrəli kredit müqaviləsi üzrə X4 banka yaranan borcunun ödənilməsi barədə xəbərdar edilmişdir.

7. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-yə həmin tarixə 643.62 manat əsas, 0.03 manat faiz borcu vardır.

8. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmiş, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı ödənilmişdir.

9. ünvan 4 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş notariat işinin materiallarında olan xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, X5 və X1 Məhəmmədəli Sarı oğlundan irs qalmış (yaşayış (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etmişlər.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9835 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2018-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X4 "xxxx" ASC-yə olan borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 842.09 manat, faiz borcu üzrə 18.54 manat; xx.xx.2023-cü il tarixə (xx.xx.2021-ci ildən sonra əsas borca faiz hesablanmaması nəzərə alındı, maliyyə arayışı üzrə tarixə) əsas borc üzrə 643.85, faiz borcu üzrə 0.00 manat məbləğində olduğu müəyyən olunmuşdur.

11. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir.

12. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış BPM**********25 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi sığortalanmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, X4 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, BPM**********25 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 643.62 manat əsas borc, 0.03 manat faiz borcu, ödənilmiş 30.00 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsinə əsasən sonuncuya şəxsi 48 (qırx səkkiz) ay müddətinə illik 29 faiz ödəmək şərtilə 1900 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Ölüm haqqında AZ-İİ seriyalı 200063 nömrəli şəhadətnaməyə əsasən X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, X-3741 saylı məktubuna əsasən X4 mirasını qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2023-cü ilədək banka ödənilməmiş 643.62 manat əsas borc, 0.03 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2- 24766/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 4758/2023 nömrəli qərardadı ilə mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-518/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın qismən təmin edilməsi, Cavabdeh 643,62 (altı yüz qırx üç manat altmış iki qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE**********0002088501, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 443.1, 445, 445.2.1, 448.1, 739.1, 739.2, 741, 1151, 1255, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 101.7, 103.1, 107, 115.0.1, 115.0.9, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Həmçinin bank tərəfindən verilmiş kreditin ölüm halına qarşı sığortalanması təmin edilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, cavabdeh tərəf gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

23. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;

24. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

25. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

26. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

27. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

28. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır;

29. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;

30. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

31. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

32. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır;

33. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir;

34. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

35. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır;

36. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Hazırki halda, cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin təmin olunan hissəsəində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-518/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Kollegiya işin halları ilə bağlı qeyd edir ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X6 istehlak məqsədləri üçün 48 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 1900 manat məbləğində kredit verilmişdir. Müqavilə qüvvədə olduğu müddətdə - xx.xx.2021-ci il tarixdə X7 vəfat etmiş, onun mirasını oğlu – hazırkı iş üzrə Cavabdeh qəbul etdiyindən, ona qanun üzrə vərəsəlik haqqında müvafiq şəhadətnamələr (torpaq sahəsi və mənzilə dair) verilmişdir. İddiaçı xx.xx.2023- cü il tarixdə cavabdehə bildiriş göndərərək, mərhum atasının banka olan borcunun ödəməsini tələb etmiş, lakin cavabdeh borcu ödəməmişdir.

48. Kollegiya qeyd edir ki, iddiaçı ilə X7 arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək, Qənbərov Məhəmmədəliyə müəyyən müddətə qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə kredit verməsi, Qənbərov Məhəmmədəlinin borcunu tam ödəyə bilmədən müqavilə müddətində vəfat etməsi, onun vəfatından sonra vərəsəliyi oğlu – hazırkı iş üzrə Cavabdeh qəbul etməsi və miras kütləsinə daxil olan əmlaklara (torpaq sahəsi və mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri alması, iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, mərhum atasının banka olan qalıq borcunu ödəməməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır. Məhkəmə araşdırmaları zamanı cavabdeh müqavilə üzrə qalıq borcun məbləğini mübahisələndirdiyindən, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və təqdim edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, X4 ölüm tarixinə (xx.xx.2021-ci il tarixə) iddiaçıya 842.09 manat əsas, 18.54 manat faiz borcu olmuş, onun ölümündən sonra edilmiş ödənişlər və əsas borca faiz hesablanmaması nəzərə alınmaqla iddiaçının cavabdehə verdiyi pretenziya gününə 643.85 manat əsas borcu olmuş, faiz borcu isə olmamışdır. Bundan sonra cavabdeh müqavilənin sığortalı müqavilə olmalı olduğunu mübahisələndirmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məktubda həmin müqavilənin sığortalanmadığı qeyd edilmişdir. Cavabdeh tərəfindən etirazının əsasını təşkil edən həmin məsələyə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

49. Kollegiya apellyasiya şikayətinin müqavilənin sığortalanmalı olması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, cavabdehin atası ilə iddiaçı arasında müqavilə münasibətlərinin yarandığı zaman üvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmişdir ki, kredit müqavilələrinin borcalanın ölüm və ya əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması məhz könüllülük prinsipi əsasında həyata keçirilmiş, belə sığortalanma məcburi xarakter daşımamışdır (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları” (hazırda qüvvədən düşmüşdür)).

50. Kollegiya həmçinin cavabdehin vərəsə kimi öhdəliyinin olmasına münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

51. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

52. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

53. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar.

54. Azərbaycan Respublikası Mərkəzi X13 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar.

55. Konstitusiya Məhkəməsinin Plenumu şərh olunan məsələ ilə bağlı məhkəmələrdə xeyli sayda mübahisələrin mövcudluğunu nəzərə alaraq və kreditlərin qaytarılması üzrə gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün kredit verilərkən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından sığorta etdirilməsini məqsədəmüvafiq hesab edir. Bu, həmçinin “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamından da irəli gəlir.

56. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

57. Kollegiya apellyasiya şikayətinin “cavabdehin məhkəmə prosesində iştirakının təmin olunmaması” dəlilinə münasibətdə bildirir ki, iş materiallarından görünür ki, məhkəmə iclasları barədə cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış, məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə dair pozuntuya yol verilməmişdir.

58. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

60. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

63. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-518/2024 nömrəli, 23 may 2024cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar