Məhkəmə qərarları › İş №2(103)-4760/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4760/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4760/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 “kredit müqaviləsi üzrə borcun ödənilməsi” qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirilməyib) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 8324,01 manat kredit üzrə əsas məbləğ borcunun, 836,22 manat əsas məbləğə hesablanmış faiz borcunun, 127,80 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 5 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, cəmi 9323,03 manat məbləğində borcun “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2015-ci il tarixli, 197381 saylı kredit müqaviləsi üzrə 8324,01 manat əsas borcun, 1156,14 manat faiz borcu, 50 manat cərimə borcu, 5 manat bildirişlərin göndərilməsi üçün poçt xidməti xərci və 30 manat dövlət rüsumu, cəmi 9565,15 manat tutularaq “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin ona aid hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq normaları:

4. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

6. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

7. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

8. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

11. Belə ki, əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə verərək qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməyi xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd, yaxud müddətin buraxılmamış hesab edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə müddətin bərpası haqqında cavabdeh tərəfindən verilmiş ərizəni bu qaydada müzakirə etməli olduğu halda, bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürübötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vürmədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqlarının olmasını nəzərə almadan şikayəti apellyasiya instansiyasına göndərmişdir.

12. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və mülki iş müddətin bərpası haqqında ərizəyə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinə əlavə edilmiş müddətin bərpası barədə ərizəyə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar