Məhkəmə qərarları › İş №2(103)-4763/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4763/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4763/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin (apelyatorun) nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC “Xalq” Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2-ci mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilin alınması məqsədilə 300 ay müddətinə, illik 12% olmaqla, 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixdə “Borc alan”la “İddiaçı” arasında xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit müqaviləsinə 01 nömrəli Əlavə saziş bağlanmışdır. Həmin Sazişlə, Kredit müqaviləsi üzrə Sazişin imzalanması tarixinə Borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında 69.426.88 ABŞ dolları məbləğində əsas borcunun mövcud olması təsdiq edilmiş, Tərəflər kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 12%-dən 7%-ə endirilməsi barədə razılığa gəlmişlər. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 kredit vəsaiti hesabına əldə etdiyi mənzili xx.xx.2015-ci il tarixli **********25015/1 nömrəli Alqı-Satqı və İpoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə saziş nəzərə alınmaqla), bundan sonra birlikdə “İpoteka müqaviləsi” adlandırılacaq)) üzrə Banka ipotekaya qoymuşdur. Bankın yuxarıda qeyd edilən mənzilə ipoteka hüququ qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə sazişə müvafiq olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC «Xalq» Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizələr ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli **********25015/1 nömrəli Alqı-Satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2-ci mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 65.142,01 ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2024cü il tarixinədək hesablanmış 19.532,32 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləğinin, 15.700,26 ABŞ dolları məbləğində cərimə faizləri üzrə borcun, cəmi 100.374,59 ABŞ dolları və xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə 477.79 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia qismən təmin edilərək Cavabdeh1 xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit müqaviləsi üzrə 65.142,01 ABŞ dolları əsas, 11.503,81 ABŞ dolları faiz borcu, 1.100 ABŞ dolları cərimə borcu (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə), bildirişin İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 30 (otuz) manat və 367.89 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilin ilkin satış qiymətinin 103.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər və onların ailə üzvləri çıxarılmaqla həmin mənzilin boşaldılması, iddiaçı ASC “Xalq” Bankı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan 109.90 manatın onun özünə aid edilməsi, iddiaçıdan 46 (qırx altı) manat, cavabdehdən 154 (bir yüz əlli dörd) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 ASC “Xalq” Bankı ilə arasında bağlanmış kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borcun tutulmasına münasibətdə qeyd etmişdir ki, ekspert rəyində tələb edilən vəsaitin 65.198,62 ABŞ dolları olması göstərilsə də məhkəmə iddiaya tələb həcmində baxmalı olduğundan və iddiaçı da 65.142,01 ABŞ dolları tələb etdiyindən, iddia tələbinin əsas borca münasibətdə əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlir. Tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq müəyyən edilmiş 15.700,26 ABŞ dolları cərimənin 1.100 ABŞ dolları məbləğində tutulmasını daha ağlabatan hesab etmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulmasına münasibətdə qeyd etmişir ki, iddia tələbi bu hissələrdə qeyri-müəyyən olduğundan, təmin edilə bilməz.

6. Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən, mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 108.000 manat, likvid dəyəri isə təqribən 103.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.

7. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan bildirişdən görünür ki, ipoteka predmetinin qeydiyyata alınması ilə bağlı iddiaçı 30 manat (10+20) rüsum ödəmişdir.

8. Məhkəmə iddia tələbinin mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlərin, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən normalardan da göründüyü kimi, eyni zamanda oturuşmuş məhkəmə praktikasına əsasən ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə həmin əmlak bir ay ərzində boşaldılmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 462.1, 467, 739.1-ci, “İpoteka haqqında” Qanunun 27.3, 34, 39.3.3, 59.3, 59.4-cü maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai rayon məhkəməsi “İpoteka haqqında” Qanununun 10.5., 39.3.-cü maddələrini pozmuşdur. Tərəflər, ipoteka predmetinin faktiki olaraq ilkin satış qiymətlərini müəyyən etmişlər. Mənzilin ilkin satış qiymətinin 103000 manat məbləğində müəyyən edilməsi qanunsuzdur. İddiaçı tərəfindən borc məbləği düzgün hesablanmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, Kredit müqaviləsinə 01 №-li Əlavə Sazişlə, Kredit müqaviləsi üzrə Sazişin imzalanması tarixinə Borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında 69426.88 ABŞ dolları məbləğində əsas borcunun mövcud olması təsdiq edilmiş, tərəflər kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 12%-dən 7%-ə endirilməsi barədə razılığa gəlmişlər. Lakin iddiaçının təqdim etdiyi borcun hesablanması barədə arayışdan görünür ki, faizlər əsas borc məbləği 12% illik əlavə olunmaqla hesablanmışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi borcun hesablanması barədə hesabata əsasən, ödənilən məbləğlərin, o cümlədən gecikmə zamanı ödənilən borcun fazilərə, cəriməyə silindiyi məlum olur. Xətai Rayon Məhkəməsi MPM-in 39.1, 40.1-ci maddələrini pozmuşdur. Göründüyü kimi, iddiada daşınmaz əmlakın satılması, mülkiyyətçinin daşınmaz əmlakdan çıxarılması tələbləri də vardır. Mülkiyyətçinin çıxarılması tələb edilən daşınmaz əmlak Bakı şəhəri, Binəqədi rayonunda yerləşir. MPM-in 40.1.-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Bu səbəbdən də, qanunvericiliyin tələblərinə görə mülki işə Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılmalı idi. İpoteka müqaviləsinin bağlanmasından 9 il keçmişdir. Bu 9 il ərzində daşınmaz əmlak qiymətlərinin artmaması mümkün deyildir. Ekspert rəyindən məlum olur ki, mənzilin bazar və likvid dəyərləri 2015-ci ildə necə idisə, elə indi də həmin səviyyədə qalıbdir, bu isə ağlabatan deyildir. Xətai rayon məhkəməsi təkrar ekspertiza təyin etməmiş, bunu əsaslandırmamış, bununla bağlı qərardad qəbul etməmişdir. Birinci instansiyası məhkəməsi “ailə üzvlərinin” şixsiyyətini müəyyən edib onları da cavabdeh statusunda işə cəlb etmədən, iddianı onlara münasibətdə də təmin etməklə, mülki prosessual normaların tələblərini pozub.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh2 üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu: Maddə 27.3. İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı:

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın ona qarşı təmin olunmuş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

24. Mənzilin ilkin satış qiymətinin 103000 manat məbləğində müəyyən edilməsi ilə bağlı hissədə Kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər.

25. Baxılan iş üzrə tərəflər ipoteka müqaviləsində qarşılıqlı razılıq əsasında əmlakın ilkin satış qiymətini müəyyənləşdirmişlər. Kollegiya ipoteka predmetinin razılaşdırılmış qiyməətinin 9 il əvvələ təsadüf etdiyini, ötən dövr ərzində əmlak bazarında qiymət dəyişiklərinin baş vermə ehtimalını, habelə bu gün iddiaçının ipoteka predmetinin ipoteka müqaviləsi ilə müəyyən edilmiş qiymətlə satışa çıxarılmasına razı olmadığını nəzərə alaraq iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.

26. Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsində yerləşən 44A nömrəli evin 25 nömrəli mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 108.000 manat, likvid dəyəri isə təqribən 103.000 manat məbləğində müəyyən edilmişdir.

27. Rəy kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına alan əsaslar müəyyən edilməmişdir.

28. Kredit borcunun məbləğinin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı banka olan əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış 30 oktyabr 2015-ci il tarixli **********25015 saylı kredit müqaviləsi və 22 fevral 2017-ci il tarixli əlavə sazişə əsasən verilmiş kredit üzrə Cavabdeh1 ASC “Xalq” Banka olan əsas borcu 65.198,62 ABŞ dolları, faiz borcu 14.552,60 ABŞ dolları olduğu müəyyən edilmişdir.

29. Cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirsə də, etdiyi ödənişlər nəticəsində Banka daha az məbləğdə borcunun qalmasına dair sübut təqdim etməmişdir.

30. Apellyasiya şikayətinin başqa bir dəlili ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin düzgün müəyyən olunmaması barədədir. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və ekspert rəyi ilə müəyyən olunmuş likvid qiyməti ilə razılaşır. Belə ki, apelyator mənzilin likvid dəyərinin daha yüksək olması barədə məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq istər kredit borcunun məbləği, istərsə də ipoteka predmetinin likvid dəyəri ilə bağlı təkrar ekspertiza təyin olunmasına lüzum görmədi.

32. İşə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığı barədə şikayətin dəlili də əsassızdır. Belə ki, MPM-in 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

33. Hazırkı iş üzrə iddiaçının tələbi iki cavabdehə yönəldilməklə, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərindən ibarətdir. Baxılan iş üzrə iddia haqlı olaraq MPM-in 36.2-ci maddəsinə əsasən cavabdehlərdən birinin (Cavabdeh1) rəsmi qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılmış, ərazi aidiyyəti qaydaları pozulmamışdır.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı işə MPM-in 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət qaydaları tətbiq oluna bilməz. Həmin maddəyə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddənin məzmunundan da göründüyü kimi, hazırkı işdə (iddiada) sadalanan hallardan hər hansı biri mövcud deyil.

35. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, birinci instansiyası məhkəməsi cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasını qət etsə də, həmin ailə üzvlərinin şəxsiyyətini müəyyən etməmiş, onları cavabdeh statusunda işdə iştirak etməyə cəlb etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, hazırkı apellyasiya baxışının predmetini qətnamənin yalnız Cavabdeh1 aid hissəsi təşkil etdiyindən, məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız ona aid hissədə yoxlayır. Digər tərəfdən, hazırkı qətnamə ilə hər hansı şəxsin hüquq və vəzifələrinə dair məsələ həll olunmuşdursa, həmin şəxslər maraqlarına toxunan şəxs kimi bu qətnamədən apellyasiya şikayəti vermək hüququna malkidirlər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi özü də bildirdi ki, mübahisəli mənzildə yalnız cavabdehlər və onların yetkinlik yaşına çatmamış uşaqları yaşayır.

36. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 01 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar