Məhkəmə qərarları › İş №2(103)-4765/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4765/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4765/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbinə dair iddia) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(008)- 674/2023 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı cavabdehlə aralarında torpaq sahəsinin satılmasına dair şifahi razılığın olduğunu iddia etmişdir. Həmin razılığın şərtlərinə görə cavabdeh iddiaçıya torpaq sahəsini hər ay ödəniş edilməsi şərti ilə satır, torpaq sahəsinin dəyəri tam ödənildikdən sonra isə cavabdeh həmin torpaq sahəsini iddiaçının adına keçirməlidir. İddiaçı torpaq sahəsinin onun adına keçiriləcəyini düşünərək, orada avtomobil təmiri sexləri inşa etmişdir. Sonradan isə iddiaçıya məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində deyil. Ona görə də, iddiaçı torpaq sahəsinə və üzərindəki tikiliyə çəkilmiş xərcləri cavabdehdən tələb etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməmişdir. İddiaçı göstərilən nəticə ilə razılaşmamış, nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ödənilmiş 42.120 manat, öz vəsaiti hesabına tikdirdiyi tikiliyə görə 90.000 manat olmaqla, cəmi 132.120 manat məbləğində pulun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2009-cu ilin avqust ayında cavabdeh ona Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərimli küçəsində 92.54 kv.m torpaq sahəsi olduğunu və həmin sahəni 43.000 manata satdığını bildirmişdir. Qarşılıqlı razılıq əsasında belə qərara gəlmişlər ki, o, torpağın dəyərini ayda 270 manat olmaqla, hər ay cavabdehə ödəməli, cavabdeh isə 43.000 manatı tam aldıqdan sonra həmin torpaq sahəsini onun mülkiyyətinə keçirməlidir. O, torpaq sahəsi ilə bağlı qarşılıqlı razılaşmadan sonra 90.000 manat xərc çəkərək orada avtomobil təmiri sexləri inşa etdirmişdir. Hal-hazırda həmin avtomobil təmiri sexləri işləyir, vergi ödəyicisidir, kommunal xərcləri ödəyir. Keçən 13 il müddət ərzində cavabdehə hər ay 270 manat olmaqla ödəniş etmişdir. Ümumilikdə cavbdehə bu günədək 42.120 manat pul ödənişi etmişdir. Daha sonra o, cavabdehdən torpağın mülkiyyətinə keçirilməsini tələb etmişdir. Lakin cavabdeh orada tikinti işləri aparıb, başqasına icarəyə verəcəyini bildirərək ondan torpaq sahəsini tərk etməsini tələb etmişdir. Araşdırmaları nəticəsində məlum olmuşdur ki, ümumiyyətlə cavabdehin ona satdığı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Belə olan halda cavabdehdən onun xeyrinə 132.120 manat məbləğində pul tutulmalıdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 mart 2023-cü il tarixli, 2(008)-674/2023 nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçı, cavabdeh tərəfin faktiki istifadəsində olan torpaq sahəsində yerləşən obyektdən gəlir əldə etmiş, müqabilində torpağın faktiki sahiblərinə aylıq ödənişləri uzun müddət, özünün izahatında qeyd etdiyi kimi 13 il ərzində öz iradəsi ilə etmişdir. Hazırda isə bu müddət ərzində ödədiyi cəmi 42.120 manat pulun qaytarılmasını geri tələb etmək üçün İddiaçı iddiasının nə faktiki, nə də hüquqi əsası yoxdur. İddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzərində tikilinin onun tərəfindən inşa olunduğunu bildirsə də, cavabdeh özbaşına tikilinin İddiaçı tərəfindən deyil, qardaşı X1 tərəfindən inşa edildiyini etiraf etmişdir. Məhkəmə, xərc çəkilmiş tikilinin özbaşına olduğunu, iddiaçının mülkiyyətində olmayan torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə görə iddia qaldırıldığını, habelə tikintinin cavabdeh tərəfindən etiraf olunan şəxs tərəfindən aparılmasına, daşınmaz əmlakın cavabdehin mülkiyyətində olmayan torpaq sahəsi üzərində yerləşməsinə baxmayaraq, tələbin İddiaçı tərəfindən qaldırıldığını nəzərə alıb hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbini Cavabdeh qarşı qaldırmasına subyektiv hüququ yoxdur. Odur ki, iddia tələbi təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv aydınlaşdırmamışdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən müəyyən vəsaitin alınmasını müəyyən etmiş, lakin həmin vəsaitin hansı əsaslarla cavabdeh tərəfindən alındığını müəyyən etməmişdir. İddianın əsaslı olduğu, yəni cavabdehin əsassız varlanması halı qismən də olsa müəyyən edilmiş. Lakin məhkəmə buna qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, danışıq onun atası ilə cavabdehin əmisi arasında olmuşdur. Lakin ödənişi hər ay o ödəmişdir. O, ödəyə bilmədikdə isə iş yoldaşına verirmiş ki, cavabdeh tərəfə versin. Torpaq sahəsində birinci avtomobil təmiri sexi inşa edildikdən sonra, o, bunun müqabilində cavabdehə 120 manat məbləğində aylıq pul ödəmişdir. Cavabdehlə aralarında yazılı heç bir razılaşma olmamışdır.

10. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, bu əsassız varlanmadır. Çünki, cavabdeh öz mülkiyyətində olmayan torpaq sahəsinə münasibətdə gəlir əldə etmişdir.

11. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək bildirmişdir ki, torpaq sahəsi onlara məxsusdur. Öz həyətyanı sahələridir. Evin sənədi vardır. Çıxarış atasının adınadır. Etibarnamə ilə də onun adına verilmişdir. Birinci təmir sexinə görə 120 manat, ikinci təmir sexi tikiləndən sonra isə 270 manat icarə haqqı ödənilmişdir. Təxmini olaraq 2-3 il müddətinə 120 manat ödənilib, daha sonra ikinci təmir sexi tikildikdən təxmini olaraq 10 il müddətində isə 270 manat ödənilmişdir.

12. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək bildirmişdir ki, tikilini iddiaçının qardaşı Kamil tikmişdir. Uzun müddət də, icarə haqqını qardaşı Kamil vermişdir ki, o çıxandan sonra isə iddiaçı icarəyə götürmüşdür. İddiaçı 10 ildən artıq vaxtdır ki, ordan gəlir götürür.

Tətbiq edilən hüquq

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarı:

13. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “af irmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar faktehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və izah edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə isə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

21. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.

22. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü isə tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Lakin iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda bunu edə bilməmiş, tələbini sadəcə formal mülahizələrlə əsaslandırmışdır.

24. Belə ki, iddiaçı iddia ərizəsində, habelə məhkəmə iclaslarındakı izahatlarında tələbinin əsası kimi qeyd etmişdir ki, cavabdehlə şifahi razılığa gəldikdən sonra cavabdeh ona dəyəri 43000 manat olan 92.5 kv.m torpaq sahəsini müəyyən şərtlər müqabilində satmışdır. Həmin şərtlərə görə cavabdeh iddiaçıya torpaq sahəsini hər ay ödəniş etmək şərti ilə satır, torpaq sahəsinin dəyəri tam ödənildikdən sonra isə cavabdeh həmin torpaq sahəsini iddiaçının adına keçirməlidir. İddiaçı torpaq sahəsinin onun adına keçiriləcəyini düşünərək, orada ümumi dəyəri 90.000 manat olan avtomobil təmiri sexləri inşa etmişdir. Sonradan isə iddiaçıya məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi bələdiyyəyə məxsusdur. Ona görə də, iddiaçı hazırda torpaq sahəsinə və üzərindəki tikiliyə çəkilmiş xərcləri cavabdehdən tələb edir.

25. Göründüyü kimi, iddiaçının tələbini iki məqam təşkil edir. Həmin məqamlardan birincisi ödənilmiş aylıq məbləğlərin, ikincisi isə torpaq sahəsində tikilmiş tikilinin dəyərinin iddiaçıya qaytarılmasıdır.

26. Məhkəmə kollegiyası iddiaçının tələbinin ilk hissəsinə dair qeyd edir ki, iş materiallarından və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan müəyyən olunur ki, torpaq sahəsi cavabdehin atasına məxsus evin həyətyanı sahəsidir. Cavabdeh isə həmin həyətyanı sahəni aylıq haqq ödənilməsi şərtli ilə icarəyə vermişdir. Həmin torpaq sahəsi iddiaçı tərəfindən icarəyə götürülmüş və tərəflərin də, izahatlarında qeyd etdikləri kimi, razılaşdırılmış məbləğdə aylıq ödənişlər olunmuşdur. İddiaçı aylıq ödənişlər etməklə yanaşı, torpaq sahəsində tikilmiş avtomobil təmiri sexlərini də, istiafədə etmişdir. Nəticədə iddiaçı hər ay cavabdehə torpaq sahəsinə görə müəyyən məbləğ ödəsə də, nəzərə alınmalıdır ki, bununla yanaşı o, torpaq sahəsində yerləşən avtomobil təmiri sexlərindən də, müəyyən qazanc əldə etmişdir. Bu səbəbədən də, iddiaçının ödəmiş olduğu aylıq pul məbləğləri ona dəymiş maddi ziyan kimi qiymətləndirilə bilməz və ona görə də, iddiaçı tərəfindən həmin pul məbləğlərinin tələb olunması əsassızıdr. Bununla yanaşı iddiaçı torpaq sahəsi müqabilində ödədiyi məbləğlərin icarə haqqı olmadığını sübuta yetirə bilməmişdir.

27. İddia tələbinin ikinci hissəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin sonda iddiaçının mülkiyyətinə keçməli olduğu, habelə torpaq sahəsi üzərindəki tikilinin iddiaçı tərəfindən inşa edildiyi iş materialları ilə sübuta yetirilə bilməmişdir.

28. Cavabdeh isə iddiaçının tələbinə münasibətdə bildirmişdir ki, torpaq sahəsi üzərində razılaşma iddiaçı ilə deyil, onun qardaşı ilə aparılmışdır. Razılaşmanın şərtlərinə görə isə iddiaçının qardaşı torpaq sahəsində tikili inşa etdirəcək, bunun müqabilində ondan icarə haqqını aşağı məbləğdə alacaqdır. Aralarındakı razılaşmada isə torpaq sahəsi üzərindəki tikilinin nə vaxtsa kiməsə veriləcəyi danışılmamışdır. Bu razılaşmadan sonra iddiaçının qardaşı tikinti işlərinə başlamışdır.

29. Qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçının iddiasını təkzib etmiş, tələb üzrə isə sübutetmə yükü iddiaçının üzərinə düşsə də, o, nə cavabdehə torpaq sahəsinin mülkiyyətinə keçirilməsi üçün pul ödədiyini, nə də ki, torpaq sahəsindəki tikililərin onun tərəfindən inşa edildiyini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsində iddiaçının təşəbbüsü ilə dindirilən şahidlər isə iddiaçı ilə qonşuluq və qohumluq münasibətlərində olduqları, habelə onların hazırki mübahisəyə yaxından şahid olmadıqları üçün həmin şahidlərin ifadələrinin mötəbərliyi də, şübhə altında qalır.

30. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdikləri və birinci instansiya məhkəməsində verdiyi izahatlar ilə apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatlar arasında müəyyən məqamlarda ziddiyyət vardır. Bu hal da, iddiaçının izahatlarının həqiqiliyini şübhə altına salır.

31. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara münasibətdə bildirir ki, təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

32. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

33. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

34. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.

35. Qeyd olunanlarla əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki mülki işdə birinci isnatnsiya məhkəməsi “sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyü” prinsipini rəhbər tutaraq iddia tələbini rədd etməkdə haqlı olmuş, iddiaçının nümayəndəsi isə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, cavabdehin əsassız varlandığını iddia etsə də, bunu heç bir dəlillə sübuta yetirə bilməmişdir.

36. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(008)-674/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar