Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4766/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8858.02 manat əsas, 463.14 manat faiz, 120.97 manat cərimə borcu olmaqla, cəmi 9442.13 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 113.46 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-1245/22) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 7 % ödəmək şərtilə 8866 manat məbləğində kredit verilmişdir. Lakin borcalan kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, nəticədə tələb olunan həcmdə Banka borcu yaranmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ödənişləri vaxtında edib, lakin pandemiya səbəbindən maddi vəziyyəti pisləşib. Məhkəmə iclasında iştirakı təmin edilməyib, əsas və faiz boru şişirdilib. Bank müqaviləyə xitam vermədən əsas borcu tam şəkildə tələb edə bilməzdi. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 7 % ödəmək şərtilə 8866 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən təqdim olunmuş maliyyə arayışında borcalanın 8858.02 manat əsas borc, 463.14 manat faiz borcu, 120.97 manat cərimə borcu olmaqla, cəmi 9442.13 manat borcu mövcuddur. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri həqiqətən də lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 741, 448.1-ci və digər maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə əsas və faiz borcu yüksək hesablanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər qanunla müəyyən olunmuş qaydada təsdiq olunmadığından məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Belə ki, cavabdeh Bankla aralarında bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarışla müəyyən olunur ki, cavabdeh kredit müqaviləsi üzrə cəmi bir dəfə xx.xx.2021-ci il tarixdə 5,19 və 7,98 manat olmaqla, cəmi 13,17 manat ödəniş etmişdir. Beləliklə, tələb olunan borc məbləği öz təsdiqini tapır. Digər tərəfdən apellyator ekspertiza təyin olunmasını xahiş etsə də, bunun zəruriliyini təsdiq edən ilkin sübutları məhkəməyə təqdim etməmiş, buna görə də Kollegiya ekspertiza keçirilməsinə zərurət görməmişdir. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə iclası barədə bildirişləri cavabdehin yaşadığı ünvana göndərmiş, bunu təsdiq edən sənədlər işə əlavə edilmişdir. Eləcə də, cavabdehin işdə olan telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilmiş və həmin bildiriş cavabdehə çatdırılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırki iş üzrə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4766/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4766/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver