Məhkəmə qərarları › İş №2(103)-4767/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4767/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4767/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ilə «xxxx» ASCnin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı «xxxx» ASC Cavabdeh qarşı iddia əricəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 26.07.2007-ci il tarixli kredit müqaviləsi üzrə banka 2000.54 manat əsas borc, 701.70 manat faiz borcu, 1116.36 manat cərimə və kredit müqaviləsi üzrə 27.01.2009-cu il tarixdən, 29.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 510.50 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4329.10 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 26.07.2007-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 26 faizlə 18 ay müddətinə 4002 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29.01.2021-dək Cavabdeh banka 26.07.2007-ci il tarixli kredit müqaviləsi üzrə 200.54 manat əsas borc, 701.70 manat faiz borcu, 1116.36 manat cərimə borcu və kredit müqaviləsi üzrə 27.01.2009-cu il tarixdən 29.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 510.50 manat məbləğində əldən çıxmış fayda olaraq, ümumilikdə cəmi 4329.10 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı «xxxx» ASC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulmasını və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, formal olaraq bank ilə müqavilə bağlamış və krediti başqa bir şəxs götürmüşdür. Bu ötən müddət ərzindən bank tərəfindən onlardan hər hansı bir ödəniş tələb olunmamışdır. Bununla yanaşı iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Odur ki, iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış E 495/03/07-İ nömrəli, 26.07.2007-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə illik 26 faizlə 4002 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 29.01.2021-ci il tarixinə 2000.54 manat əsas borc, 701.70 manat faiz borcu, 1116.36 manat cərimə və kredit müqaviləsi üzrə 27.01.2009-cu il tarixdən, 29.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 510.50 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4329.10 manat borcu vardır. İş materiallarında olan 12.01.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh 5 gün müddətində borcunu qaytarmayacağı təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi haqqında bildiriş göndərilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış E 495/03/07-İ nömrəli, 26.07.2007-cü il tarixli kredit müqaviləsinin müddəti bitmiş və tərəflər arasında həmin müqaviləsinin uzadılması halı baş verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış E 495/03/07-İ nömrəli, 26.07.2007-cü il tarixli kredit müddətinin icra müddəti müqavilənin ödəniş planına əsasən 26.01.2009-cu il tarixdə bitmiş, qanunvericiliklə müəyyən edilmiş uç illik iddia müddətində bank tərəfindən məhkəmədə iddia qaldırılmamışdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq, hesab edir ki, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya QƏ T ETDİ: İddiaçı «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Yasamal rayon Məhkəməsinin hazırki iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar