Məhkəmə qərarları › İş №2(103)-4767/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4767/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4767/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Çerkeş qızının Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1448/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdehin qaynının arvadıdır. 2.Tərəflər 2023-cü ilin avqust ayında Kürdəxanı qəsəbəsində yerləşən, cavabdehə aid olan fərdi yaşayış evinin 65.000 manata alqı-satqısı barədə şifahi razılığa gəliblər. Razılığa görə, iddiaçı cavabdehə həmin məbləği hissə-hissə ödəməli idi. 3.Razılıq əldə edildikdən sonra iddiaçı öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa başlayıb. İddiaçı 2023-cü ilin avqust ayından 2024-cü ilin yanvar ayınadək (5 ay) evdən yaşayıb. Bundan sonra tərəflərin əldə etdiyi razılıq pozulub. 4.Razılığın pozulmasında tərəflər bir-birini ittiham edir. İddiaçı bildirir ki, cavabdehin evi başqasına satdığını eşidib, ona görə də verdiyi pulu geri tələb edib. Cavabadeh isə bildirir ki, iddiaçı razılaşdırılmış məbləğin bir hissəsini ödədikdən sonra evin tam dəyərini ödəməyə imkan verən məbləğinin olmadığını bildirib. 5.İddiaçı xx.xx.2025-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərək ödədiyi pulun geri qaytarılmasını cavabdehdən tələb edib. Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində 13.900 manat tələb olunub. 7.İddiaçı tələbini onunla əsaslandırıb ki, evə görə cavabdehə 13.900 manat ödəyib. Cavabdeh yazılı etirazında iddiaçının ona 6.000 manat ödədiyini etiraf etsə də (iş v. 63), sonradan verdiyi şifahi izahatda iddiaçının ona 6.500 manat verdiyini etiraf edib (iş v. 83). Bundan başqa, cavabdeh izahatında bildirib ki, iddiaçı onun evində 5 ay yaşadıqdan sonra evi almaqdan imtina edib, odur ki, kirayəyə aid qaydalar tətbiq edilməli, hər ay üçün 300 manat kirayə haqqı olmaqla 5 aya görə 1.500 manat kirayə haqqı ödənilməlidir. Ona görə də cavabdeh məhkəmədən xahiş edib ki, 6.500 manatdan 1.500 manat çıxılsın, iddiaçının tələbi qalan hissədə, yəni 5.000 manat həddində təmin edilsin. İddiaçı isə tələb etdiyi 13.900 manatdan kirayə haqqı kimi 1.500 manatın çıxılması ilə razılaşır, qalan 12.400 manatın qaytarılmalı olduğunu bildirir. 8.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 12.000 manat, habelə dövlət rüsumunun əvəzi kimi 126 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. 9.Qətnamə onunla əsaslandırılıb ki, iddiaçının cavabdehə 13.500 manat verdiyi müəyyən olunur. Məhkəmə bunu müəyyən edərkən cavabdehin arvadının “WhatsApp” vasitəsilə iddiaçının qızına göndərdiyi səsli mesaja istinad edib. Bundan sonra, məhkəmə həmin məbləğdən 1.500 manatı kirayə haqqı kimi çıxıb, qalan 12.000 manatın tutulmasını qət edib. Apellyasiya instansiyası məhkəməsində icraat 10.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və yeni qətnamə qəbul olunsun. 11.Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 12.Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hisədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 13.Müəyyən olunur ki, iddiaçı evə görə cavabdehə 13.500 manat verib. Belə ki, cavabdehin arvadının “WhatsApp” vasitəsilə iddiaçının qızına göndərdiyi səsli mesajda “verilən dala qayıtmır, qalmaq istəyirsinizsə qalan 51.500 manatı da verin, sonra siz sağ, biz salamat” ifadəsi qeyd olunub. Həmin səs yazısı apellyasiya icraatı zamanı da məhkəmə iclasında dinlənilib. Tərəflər evin qiymətini 65.000 manat müəyyən etdiklərinə, səsli mesajda isə ödənilməmiş qalan məbləğin 51.500 manat olduğu etiraf edildiyinə görə, 13.500 manat (65.000 manat – 51.500 manat = 13.500 manat) ödənilmiş sayılır. Həmin puldan 1.500 manat kirayə haqqı kimi çıxılıb. Belə ki, cavabdeh iddiaçının onun evində yaşadığı 5 aya görə hər ay üçün 300 manat olmaqla 1.500 manat kirayə haqqı ödənilməsini tələb edib, iddiaçı isə buna etiraz etməyib. Odur ki, qalan 12.000 manat (13.500 manat – 1.500 manat = 12.000 manat) əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmalıdır. 14.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi 12.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1448/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar