Məhkəmə qərarları › İş №2(103)-4768/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4768/2021

19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4768/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2287/2021 saylı 01 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 14.11.2010-cu il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 13.10.2011-ci il təvəllüdlü X4 və 11.11.2015ci il təvəllüdlü X5 anadan olmuşdur. Daha sonra Cavabdeh ilə arasında olan ailədaxili münaqişələrdən boşanmağa qərara gəlinərək, iddiaçı Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair iddia tələbi ilə Yasanal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə onun arasında Bakı şəhəri Səadət Sarayı tərəfindən 14 noyabr 2010-cu il tarixli 2905 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 13.10.2011ci il təvəllüdlü X4 və 11.11.2015-ci il təvəllüdlü X2 onun yanında qalınması, yetkinlik yaşına çatmayan 13.10.2011-ci il təvəllüdlü X3 və 11.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh hər uşağa görə hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda aşağıda qeyd olunanlara əsasən, məhkəməyə alimentin artırılması ilə bağlı müraciət etməli məcburiətində qalmışdır. Uşaqların normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşağları üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyri-mümkündür deyərdi. Lakin, cavabdeh məhkəmə qətnaməsində qeyd olunmuş alimenti ödəməklə atalıq vəzifəsini və öhdəliyini icra etmiş hesab edir. Uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasına ona hər hansı bir köməklik göstərmir. Hal-hazırda övladlarının yetkinlik yaşına çatmamasını nəzərə alınsa hazırda ödənilən aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və zamanla məsrəfi artmağa başlıyır. Bundan başqa, 2021-ci il üzrə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən 13.10.2011-ci il təvəllüdlü X3 və 11.11.2015-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər Yasamal Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2287/2021 saylı 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Səadət Sarayı tərəfindən 14 noyabr 2010-cu il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahlarından 13.10.2011-ci il təvəllüdlü X3 və 11.11.2015-ci il təvəllüdlü X5 adlı iki uşaqları olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(004)-5343/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Səadət Sarayı tərəfindən 14 noyabr 2010-cu il tarixli 2905 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 13.10.2011-ci il təvəllüdlü X4 və 11.11.2015ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması, yetkinlik yaşına çatmayan 13.10.2011-ci il təvəllüdlü X4 və 11.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh hər uşağa görə hər ay 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı xeyrinə tutulması, alimentin tutulma müddətinin 14 oktyabr 2020-ci il tarixdən hesablanması, alimentin tutulmasının dərhal icra edilməsi qərara alınmışdır. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (10.11.2020-ci il tarixli) ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü alimentin 170 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğvi üçün əsas yaratmadığını hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2287/2021 saylı 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar