Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4768/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 2679/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “X2” ASC ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2024-ci il tarixli 94nkCNTR/24 nömrəli kredit müqaviləsinə əsasən bank 44 ay müddətinə, 25 faiz dərəcəsi ilə, 3.655 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür.
2. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcu – 3.228,6 AZN əsas, 34 AZN faiz, 3.1 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3.265,7 AZN təşkil edir.
3. "xxxx" KB ASC tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən, tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka xx.xx.2025-ci il tarixə 3.385,2 manat əsas, 84,24 manat faiz, 5,4 manat cərimə olmaqla, cəmi 3.474,84 manat borcunun yarandığı bildirilmişdir. Borcun 3 iş günü ərzində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək borclu Cavabdeh təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “X2” ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 3.228,6 AZN əsas, 34 AZN faiz, 3,1 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3.265,70 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 53,09 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 44 ay müddətinə illik 25% ödəmək şərti ilə 3.655 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizdə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onun faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə “X2” ASC-yə cəmi 3.265,7 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor bank öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir.
3. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 2679/2025 nömrəli qətnaməsi ilə (hakim G.F.Aslanova) iddia təmin edilmişdir.
4. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
5. Məhkəmə istinad etdiyi Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd etmişdir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilənin ləğvi ilə bağlı olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.
6. Odur ki, məhkəmə qeyd edilən halları əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddia tələbində göstərilən məbləğlər, yəni 3.228,6 manat əsas, 34 manat faiz borcu həddində iddia tələbi təmin edilməlidir.
7. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış və iddia tələbində tələb edilən cərimə borcunun məbləği (3.1 manat) ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində 3.1 manat həddində olmaqla təmin edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3, 448.1, 465.2, 739.1, 743.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2, 284-5-ci maddələrinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ekpertiza təyin edilməsini və borcunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, “X2” ASC-yə bütün məbləğləri ödəsə də, əsassız olaraq ona borc hesablanmışdır. Borc mübahisəsi olduğu halda kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. İddiaçı onun banka olan borcuna dair heç bir sübut təqdim etməmişdir. MPM-nin 77-ci maddəsinin tələbinə görə sübut etmə vəzifəsi kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut edilməlidir. Məhkəmə, cavabdeh tərəfindən ödənilmiş məbləğləri nəzərə almamış, iddiaçı təşkilata ödənişlər edildiyi halda əsassız olaraq yenidən borcunun olması barədə məhkəməyə müraciət etmişdir. İş üzrə ekspertiza təyin edilməklə borcun məbləği aydınlaşdırılmalıdır. Məhkəmə iş üzrə tam araşdırma aparmamış, borca görə mübahisə yarandığı halda, ərizəyə kiçik mübahisələr üzrə iddia ərizəsi qaydasında baxılmışdır. Halbuki, ona qarşı qaldırılmış iddia tamamilə əsassızdır və o,cavabdehlik daşımır. Onun iddiaçı təşkilata heç bir borcu qalmamışdır. Məhkəmə qətnaməsi əsassız olmaqla, işə məhkəmədə onun və iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmaqla iddia icraatı qaydasında baxılmalı idi. Qətnamə kişik mübahisələr üzrə iddia ərizəsi qaydasında baxıldığından o, məhkəməyə dəvət edilməmiş və sübutlarını təqdim edə bilməmişdir. Odur ki, borcun ödənilməsinə dair qəbzləri təqdim edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam yoxlanılır.
16. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlardan görünür ki, tərəflər arasında xx.xx.2024-ci il tarixli kredit müqaviləsi bağlanmış, bank tərəfindən cavabdehə 44 ay müddətinə, 25 faiz dərəcəsi ilə, 3.655 manat məbləğində kredit verilmiş, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini tam icra etməmişdir.
19. Cavabdeh apellyasiya şikayətində iddiaçı təşkilata heç bir borcu qalmadığını bildirsə də, müqavilə üzrə borcun tam ödənildiyi barədə hər hansı sənəd təqdim etməmişdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, iş materiallarından göründüyü kimi işə sadələşdirilmiş icraat qaydasında, yəni məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan cavabdehin məhkəmə iclasında iştirakı qanunvericilikdə nəzərdə tutulmamışdır.
21. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən işə sadələşdirilmiş icraat qaydasında baxılması və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaya qarşı etiraz, dəlillərini təsdiq edən sübutlar, ekspertizanın keçirilməsi barədə vəsatət birinci instansiya məhkəməsinə təqdim olunmamışdır.
22. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
24. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
25. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 2679/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: