Məhkəmə qərarları › İş №2(103)-4770/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4770/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4770/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması, mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh Mehdəli oğluna 20.000 ABŞ dolları məbləğində pulu borc müqaviləsi ilə notariusda vermişdir. Borc müqaviləsinin 2-ci bəndinə görə “Borc alan” krediti xx.xx.2018ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür.xx xxxxxx 2017-ci il tarixdə təkrar olaraq ona 30.000 manat pul borc müqaviləsi əsasında notariusda pul vermişdir. “Borc alan” krediti xx.xx.2018-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. İddiaçı dəfələrlə Cavabdeh 20.000 ABŞ dollarının və 30.000 manat pulun qaytarılması barədə müraciətlər etmişdir. Cavabdeh hər dəfə iddiaçını aldadaraq, pulu ödəməkdən boyun qaçırır. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalıb kredit müqaviləsi bağladığı 12 saylı və 53 saylı notariat kontorlarına ərizə ilə müraciət edib müqaviləyə icra qeydi aparılmasını xahiş etdi. Hər iki notarius icra qeydi apardıqdan sonra icra qeydi haqqındakı olan sənədləri xx.xx.2019-cu il tarixdə Nəsimi rayon İcra şöbəsinə göndərdi. İcra şöbəsi dəfələrlə cavabdehi şöbəyə dəvət edərək icranın gecikdirilməsi səbəbini müəyyən etmək üçün izahat aldı.Cavabdeh yenə də müxtəlif bəhanələrlə kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə söz versə də, öhdəliyi icra etmir. Göstərilənlərə əsasən Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdə 20.000 ABŞ dolları məbləğində borc pul müqaviləsi ilə notariusda verilməsi, borc müqaviləsinin 2- ci bəndinə görə "borc alan”ın krediti xx.xx.2018-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürməsini, xx xxxxxx 2017-ci il tarixdə təkrar olaraq ona 30.000 manat pul borc müqaviləsi əsasında notariusda pul verməsini, “borc alan” krediti xx.xx.2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürməsini, iddiaçıya vurulmuş 10.000 manat mənəvi ziyanın və əldən çıxmış 30.000 manat faydanın nəzərə alınaraq, həmin pulların iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 20.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 18.000 manat məbləğində pulun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda ödənilmiş məbləğ kimi qeyd edilən 12000 manat yalnız iddiaçının qəbul etdiyi məbləğdir. Məhkəmə yalnız bu məbləği ödənilmiş məbləğ kimi nəzərə almışdır. Halbuki, iş materiallarında olan notariusda ödənilmiş 15000 manat məbləğində ödənişin qəbzi mövcuddur ki, məhkəmə həmin ödənişi təsdiq edən qəbzə diqqət yetirməmiş və qətnamə qəbul edərkən nəzərə almamışdır. Eyni zamanda məhkəmə prosesində dindirilmiş şahid ifadəsi də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Şahid öz ifadəsində bildirmişdir ki, 3200 manat məbləğində borcun qaytarılmasını şəxsən görmüşdür. Bundan əlavə olaraq şirkətdən 30000 manatdan çox pulun götürülərək borcun ödənilməsi barədə məlumatlı olmuşdur. Qətnamədə həmin şahidin ifadəsinə dair məhkəmə heç bir münasibət bildirməmişdir ki, hansı əsasla şahidin ifadəsi nəzərə alınmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X1 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X3 apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə qismən ləğv edilməli, borcun tutulması hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış və 12 saylı Notariat Kontoru tərəfindən reyestrdə 3M-122 reyestr nömrə ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” üzrə cavabdeh iddiaçıdan 20000 ABŞ dolları məbləğində borc pul almış, borcun qaytarılma müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icra qeydindən görünür ki, xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2018-ci il tarixədək vaxtında ödənilməmiş 20000 ABŞ dollarının tutulması, əlavə olaraq borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20000 ABŞ dolları 20 manat pul tutulması qeydi aparılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1 və 6.1.4-cü maddələrinə görə, notariat orqanının icra qeydləri icra sənədi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Belə olan halda Məhkəmə hesab edir ki, hazırki iddiaya məhkəmədə baxıla bilməzdi. MPM-nin 20-ci fəsilənə aid olan 261.0.1-ci maddəsinin mənasına görə, bu halda iş üzrə icraata xitam verilməli idi. Lakin, rayon məhkəməsi iddiaya iddia icraatı qaydasında baxmış, bununla da, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. MPM-nin 391-ci maddəsinin tələbinə görə, məhkəmənin qətnaməsi həmin Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə ləğv edilməlidir. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 365, 391, 384.0.4, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə borcun tutulması hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” iddiasına dair mülki iş üzrə icraatına xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar