Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4772/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3078/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü oğlu X3 doğulmuşdur.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)- 8110/2013 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il tarixdən başlayaraq, 15 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 100 manat miqdarında aliment və uşaq sağalanadək əlavə xərclərə görə 50 manat, cəmi 150 manat miqdarında pulun tutulması qət edilmişdir.
3. “Azemis” Elektron Məhkəmə sistemindən məlum olur ki, cavabdeh hazırda əmək müqaviləsi əsasında ofisiant işləyir və 350 manat əmək haqqı alır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində 235 manat miqdarında alimentin və uşaq sağalanadək əlavə xərclərə görə 50 manat olmaqla, cəmi 285 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan nikah Binəqədi Rayon Məhkəməsinin 2(001)-8110\2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnamənin tələbinə əsasən xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində 100 manat miqdarında aliment və uşaq sağalanadək əlavə xərclərə müalicə xərclərinə görə 50 manat, cəmi 150 manat pul tutulmalıdır. Hazırda oğlunun 14 yaşı var. Qeyd olunan aliment məbləği uşaqın heç bir təlabatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilərək 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən olunmuşdur. Onu da qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti davamlı olaraq ödəmir. Uşağın bütün ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və təlabatı artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Qanunvericiliyin tələbinə uyğun olaraq mediyasia təşkilatına müraciət etmişdir. Cavabdeh aliment ödəməyəcəyini bildirmişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahatında qeyd etmişdir ki, hazırda işləri qaydasında deyil. İkinci dəfə nikaha daxil olmuş və ikinci nikahdan 3 övladı var. Əvvəllər bərbər işlədiyindən maddi durumu normal olmuşdur. İndi yaşadığı ərazidə çoxlu bərbər var. Hazırda Quba rayonunda yerləşən dönərxanada ofisiant işləyir və əmək haqqı 350 manat təşkil edir. Əmək haqqından əlavə yol pulu da verilir və gündə bir dəfə yemək verilir. O, uşağın məktəb ləvazimatlarını, geyimini alır. Hətta keçən il bankdan kredit götürərək 500 manata yaxın uşağın müalicəsi üçün iddiaçıya pul vermişdir. Uşağın ciddi xəstəliyi yoxdur. Ciddi xəstəlik olsa idi, uşağa pensiya verilərdi. Onun əvvəlki kimi imkanı olsa idi, övladına hər şey edərdi. Hazırda ikinci ailəsinə baxmaqda əziyyət çəkir. Özünə məxsus köhnə model Passat markalı avtomobili, boş torpaq sahəsi var. Lakin imkanı olmadığından orada ev tikə bilmir. Hazırda anasına məxsus evdə yaşayır. Ona görə də, iddia tələbinin təmin olunmamasını xahiş edir.
7. İddiaçı isə izahatında bildirmişdir ki, cavabdehin yaşadığı ev və torpaq sahəsi özünə məxsusdur. Gəlin köçəndə cavabdehin hazırda yaşadığı evə köçmüşdür. Cavabdehlə birgə yaşayan zaman cavabdehin anası da onlarla qalırdı. Onun uşağı epilepsiya xəstəliyindən əziyyət çəkir. Hətta uşağına pensiya düşür. Uşağı savadlı uşaqdır və gələcəkdə DİN-nin Polis Akademiyasına daxil olmaq istəyir. Lakin uşağa pensiya təyin olunduğu təqdirdə polis orqanlarında çalışa bilməz. O, uşağının müalicəsini vaxtı-vaxtında edir. Öz valideynləri rəhmətə gediblər, ona görə də uşağın maddi ehtiyaclarını tək qarşılamaqda çətinlik çəkir. Valideynləri sağ olanda alimentin artırılması tələbi ilə cavabdehə qarşı müraciət etməmişdir, lakin hazırda uşağa cavabdehin verdiyi 150 manatla baxmaqda çətinlik çəkir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırda da bərbər işləyir, lakin məhkəməyə sənəd təqdim edib ki, ofisiant işləyir. Bildirmək istəyir ki, cavabdehlə həmkəndlidir və bu səbəbdən də cavabdehin hazırda bərbər işlədiyini bilir. Cavabdehin bu ilin aprel və mart ayları üçün aliment borcu vardır. Övladı 8-ci sinifdə oxuyur.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3078/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia tələbi təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-8110/2013 saylı qətnaməsi ilə uşağın saxlanılması hissəsində müəyyən edilmiş alimentin məbləği artırılmış, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə ilə Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-8110/2013 saylı qətnaməsi ilə əlavə xərcə görə tutulan aliment məbləğinin müstəqil icra olunmasının nəzərə alınması, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində Cavabdeh 36,2 manat vəsaitin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşmış və o qənaətə gəlmişdir ki, ölkə üzrə yaşayış minimumunun artması dolayı olaraq əvvəlki illərə görə müəyyən edilmiş məbləğin cari il üçün uşağın minimal xərclərinin ödənilməsinə kifayət etmədiyi əsasından qaynaqlanır. Bundan əlavə, uşağın yaşı ilə mütənasib olaraq onun xərclərinin artması hamıya bəlli olan haldır və bu faktın hər hansı sübutla təsdiq olunmasına ehtiyac yoxdur. Yəni, yaşayış minimumunun cari il üçün artması əvvəlki dövrə görə müəyyən edilən həddə ödənilən vəsaitin uşağın minimal ehtiyaclarını qarşılamadığı hüquqi nəticəsini doğurur və bu hal nəticə etibarı ilə uşaq yanında qalan valideynin maddi vəziyyətini dəyişdirir.
10. Bu səbəbdən də məhkəmə yetkinlik yaşına çatmayanlar üçün 2024-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2013cü ildən uşağın tələbatının, maddi xərclərinin yaşına mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərinə yaxın məbləğdə maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılmalı və hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.
11. Məhkəmə cavabdehin adına əmlakın olmasını, işləməsini nəzər alaraq, maddi vəziyyəti ilə bağlı etirazının dəlillərini inandırıcı hesab etmir. Eyni zamanda hesab etmişdir ki, cavabdehin 2-ci dəfə nikaha daxil olması və həmin nikahından da uşaqlarının olması onun valideyn olaraq uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
12. Bundan başqa qeyd edilmişdir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 81.1, 81.2, 100.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa, Mülki Poressual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda sabit iş yeri və sabit məbləğdə aylıq gəliri var. İş materiallarına əlavə edilmiş rəsmi sənədlə müəyyən olunur ki, Cavabdeh hazırda əmək müqaviləsi əsasında dönərxanada ofisiant işləyir və 350 manat əmək haqqı alır. 350 manat əmək haqqının 235 manatı iddiaçı ilə birlikdə yaşayan bir övladına verilməklə, onunla birlikdə yaşayan digər üç övladının yaşamaq, istinad olunan qanundakı yaşayış minimumunu almaq hüquqları pozulmurmu?! Hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Çünki nə qədər ki, hər iki valideyn uşağın saxlanılmasında bərabər hüquq və vəzifə daşıyırlar, qanunla müəyyən olunmuş məbləğ onlar arasında bölünməlidir. Yəni, qanunla minimum müəyyən olunmuş 235 manat hər iki valideyn arasında bölünməklə ondan 117,5 manat tutula bilərdi. Lakin buna baxmayaraq çətinliklə də olsa, valideynlərinin köməyi ilə əvvəlki qətnamə ilə qət edilən məbləği ödəyir. Qeyd etmək istəyir ki, onun olduğu kimi, həm də iddiaçının vəzifəsidir ki, uşağı saxlasın, onun qayğısına qalsın, onun maddi təminatında iştirak etsin.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayəti heç bir əsası olmayan, özünü fağır və imkansız təqdim etməklə məhkəmənin alimentin artırılması barədə qərarını ləğv etdirmək məqsədi daşıyır və o, buna nail olmaq üçün hətta bilərəkdən məhkəmənim ədalətini şübhə altına alır. Cavabdeh 2013-cü ildən keçən 11 il ərzində, onun özünün hər il alimentin həcminin artırılması barədə məhkəməyə ərizə verməməyinin səbəbindən keçən 130 ay /11 x 12=132 / ay ərzində hər ay 100 manat aliment verməklə atalıq borcunu yerinə yetirmiş hesab etmiş və buna görə də, indi alimentin artırılması ona qanunsuz və əsassız gəlir və çalışır ki, hansı bir yolla olursa olsun, alimentin həcminin artırılmasına yol verə bilməz və lazım gələrsə hamını şərləyər. Yazdığı apellyasiya şikayəti bunu deməyə əsas verir. İddiaçının valideynləri rəhmətə getdiyindən, maddi cəhətdən çətinlikləri yaranmışdır. Eyni zamanda uşağın sağlamlıq vəziyyəti yaxşı olmadığından, daima müayinə və müalicəyə ehtiyac olduğundan, maddi çətinlikləri getdikcə artır. Oğlunun müayinəsi üçün hər ay *BONADELA* Tibb Mərkəzinə 80 manat ödəyir və həkimin dediyi müalicəni edir ki, buna da xeyli pul vəsaiti sərf olunur. Uşağın qidalanması, geyimi, məktəb ləvazimatlarını lazımı qaydada təmin edə bilmir. Uşağın *Sinə Defarmasiyası* xəstəliyi olduğundan sinəsinə *PECTUS VOKUM* Cihazı taxılır ki, bunu özü alır. Yəni, daimi olaraq həmin cihazı üstündə gəzdirməlidir. Cavabdeh apellyasiya şikayətinin təmin olunması oğlunun istər sağlamlıq vəziyyətinin, istərsə də maddi vəziyyətinin ağırlaşmasına səbəb olar. İddiaçı heç yerdə işləmir, heç bir növ əmək pensiyası, müavinət və təqaüd almır. Cavabdeh imkanları barədə bildirir ki, onun iş yeri, dönərxanada işləməkdən əlavə öz həyətində Bərbərxanası, evi, meyvə bağları, xarici maşını və ümumiyyətlə yaxşı dolanmaq üçün hər bir imkanı var.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
22. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı: Bənd 8.12. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
24. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırki işdə iddia təmin olundugundan və apellyasiya şilkayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin, ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, tərəflərin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur.
30. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin qəbul edilməsindən artıq on bir ilə yaxın müddət keçmiş, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar (əmək haqqının az olması, yenidən nikaha daxil olması, həmin nikahdan uşaqlarının dünyaya gəlməsi) onu iddiaçı ilə birgə nikahından doğulmuş uşağın saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərcləri məbləğində aliment ödəmək vəzifəsindən azad etmir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
33. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
34. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3078/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: