Məhkəmə qərarları › İş №2(103)-4773/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4773/2023

04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4773/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 18 dekabr 2015-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən “Range Rover” markalı 90KE574 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 həmin nəqliyyat vasitəsini idarə etmək üçün X7 etibarnamə vermişdir.

2. 21 noyabr 2016-cı il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən, “Range Rover” markalı 90KE574 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 qeyd edilən avtomobili idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və s. digər hərəkətləri etmək üçün Cavabdeh etibarnamə vermişdir.

3. Xətai rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi,polis mayoru X6 “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qəbul etdiyi 28 aprel 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı ona məxsus “Range Rover” markalı 90-KE- 574 dövlət qeydiyyat nişanlı avtomobilin X3 tərəfindən etibarından suiistifadə etməklə onu aldadaraq girov qoyub faizə pul götürməsi ilə əlaqədar Xətai rayon prokurorluğuna etdiyi şikayət əsasında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İstintaq zamanı müəyyən olunmuşdur ki,X3 özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə faktiki olaraq İddiaçı məxsus olan 2001-ci il buraxılışlı “Range Rover” markalı 90-KE- 574 dövlət qeydiyyat nişanlı avtomobili 9960.61 manat bərabər olan 12700 ABŞ dollarına alacağına dair yalan vəd verib aldatmaqla 17 iyul 2014-cü il tarixdə ünvan 1 ünvanda fəaliyyət göstərmiş BMW Servis avtomobil təmiri məntəqəsində həmin avtomobili İddiaçı razılığı ilə götürüb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs İddiaçı xeyli miqdar hesab edilən 9960.61 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir.

4. Aparılan araşdırma zamanı Cavabdeh nə təqsirləndirilən şəxs qismində,nə də şahid qismində işə cəlb olunaraq dindirilməmişdir. Qeyd olunan qərara əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinə xitam verilmişdir.

5. Cavabdeh ilə X9 arasında bağlanan 30 sentyabr 2014-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh 46000 ABŞ dolları məbləğində pulu Fuad Mahmudova verməyi, sonuncu isə 30 dekabr 2014-cü il tarixdən gec olmayaraq qaytarmağı öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyana görə 12.700 ABŞ dolları məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Range Rover” markalı 90KE574 dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün 2014-cü il tarixdə X1 və Fuad adlı şəxsə vermişdir. Lakin həmin şəxslər ona məxsus avtomobili girov qoyub faizə pul götürüblər. Xüsusi ilə məhkəmənin nəzərinə çatdırır ki, avtomobilə aid heç bir sənədi,həmçinin satışı həyata keçirmək üçün etibarnaməni onlara verməmişdir. Belə ki, X3 faizə pul götürmək üçün avtomobili Cavabdeh girov verib. Lakin Cavabdeh avtomobili həyətində saxlayaraq ona qaytarmayıb. Bir müddət sonra Cavabdeh onu çağıraraq həyətdəki avtomobili təhvil vermək istəyib. Lakin o, avtomobili götürməyə gedərkən avtomobilin tamamilə yararsız vəziyyətə salındığını görmüşdür. Onun detalları zədələnmiş, tamamilə istifadəyə yarasız vəziyyətə salınmışdır. Daha sonra Cavabdeh ona məxsus avtomobili razılığı olmadan başqa şəxsə satıb. Xüsusi ilə qeyd etməlidir ki, Firuz və Fuad adlı şəxs Cavabdeh faizə götürdükləri pulu tam ödəyiblər. Buna baxmayaraq cavabdeh ona məxsus avtomobili yararsız hala salmaqla yanaşı sataraq gəlir əldə edib.Yuxarıda qeyd olunanları təsdiq edən sübutlar cinayət işi materiallarında mövcuddur. Belə ki, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan göründüyü kimi həqiqətən də ona məxsus “Rover” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Firuz Qəhrəmanov tərəfindən ələ keçirildiyi öz təsdiqini tapır. Belə ki, qərarda öz əksini tapmasa da, cinayət işi materiallarında tərəflərin və həmçinin cabadehin izahatı ilə avtomobilin Xətirə Məmmədova tərəfindən satıldığı,ona 12.700 ABŞ dolları məbləğində ziyan vurulduğu öz təsdiqini tapır.Buna görə də, ona dəymiş maddi ziyan cavabdeh tərəfindən tam ödənilməlidir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-506/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X8)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.İddiaçının məhkəmə iclasında verdiyi və digər sübutlarla təsdiqini tapmayan izahatları iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır.

10. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 106-1-ci, 217.4-cü maddələrinə, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, onun tərəfindən verilmiş vəsatət təmin edilməyərək sübutların toplanılması üçün hər hansı tədbir görülməmişdir. Araşdırma dövründə Cavabdeh da şahid qismində dindirilmişdir. Lakin onun ifadəsi cinayət işinin rədd edilməsi barədə qərarda öz əksini tapmamışdır. Onun tərəfindən cavabdehin ifadəsi araşdırma aparan müstəntiqdən tələb edilsə də, o, yalnız məhkəmə sorğusuna əsasən iş materiallarını təhvil verə biləcəyini bildirmişdir. Yəni araşdırma materiallarında olan cavabdehin ifadəsi bir daha ona məxsus avtomobilin qanunsuz olaraq onun həyətində saxlanıldığını və maddi və mənəvi ziyan vurduğunu təsdiqləyir. Lakin məhkəmə tərəfinin qanunvericiliyin tələbləri pozulmuşdur. Lakin məhkəmə Xətai Rayon Polis İdarəsinin İŞ-ə sorğu göndərməyib sübutları toplamayaraq iddia tələbini rədd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçı apellyasiya şiakyətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, həmin avtomobili pulunu ödəyib etibarnamə əsasında almışdır. Avtomobillərin alqı-satqısı ilə məşğuldur. Birinci instansiya məhkməsində dinlənilən şahidlər də bunu təsdiqləyib. Cinayət işinin materiallarında Fuadla, Feyruzun izahatlarından görünür ki, onlar Xatirənin pulunu qaytarıblar. Xatirə maşının sahibin tapıb ondan etibarnamə alıb. Bütün bunların hamısı cinayət işinin materiallarında öz əksini tapmışdır. Əsas tələbi maşının qaytarılması deyil, maşının satışından əldə edilən pul kimi ona dəymiş ziyanın ödənilməsidir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, o, Məhəmmədi deyil, Fuadı tanıyır. Fuadın ona borcu olmuş və borcunu ödəmədiyindən həmin maşını gətirib onun həyətinə qoymuşdur. O, maşını Məhəmməddən götürməmişdi və mülkiyyətində də olmamışdır. Ona görə də onun bu maşınla bağlı ona iddia qaldırması əsassızdır. Maşın köhnə maşındır. O, müxtəlif orqanlara yazmışdır ki, həyətə belə maşın qoyublar. Fuad ona borcu 2300 manat təşkil etmişdir. Sonradan maşının kimin adına olduğunu tapmış və maşını o şəxsdən etibarnamə ilə almışdır. Sonra Qəşəm adında kişiyə 3000 manata satmışdır. İzahatının sonunda şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

25. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

26. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

27. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, mülkiyyətində olan “Range Rover” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün 2014-cü il tarixdə X1 və Fuad adlı şəxsə vermişdir. Lakin həmin şəxslər ona məxsus avtomobili girov qoyub faizə pul götürüblər. X3 faizə pul götürmək üçün avtomobili Cavabdeh girov verib. Bir müddət sonra Cavabdeh avtomobili ona təhvil vermək istəyib. Lakin o, avtomobili götürməyə gedərkən avtomobilin tamamilə yararsız vəziyyətə salındığını görmüş, buna görə də iddiaçı hazırda ona dəyən ziyanın ödənilməsini tələb edir.

28. Məhkəmə kollegiyasının qənaətinə əsasən iddiaçının irəli sürdüyü sözügedən faktiki hal, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

29. Belə ki, “Range Rover” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət kimi İddiaçı məxsus olmamış, yəni həmin nəqliyyat vasitəsi üzərində iddiaçının hər hansı bir hüququnun olması iş materiallarından görünmür. 21 noyabr 2016-cı il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən göründüyü kimi, “Range Rover” markalı 90KE574 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. Bununla belə, hüquqi nəticə etibarı ilə iddiaçının bu əmlaka münasibətdə nəinki mülkiyyət, ümumiyyətlə hər hansı hüququ yaranmamışdır. Mövcud vəziyyətdə iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil.

29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının özünə məxsus olmasını iddia etdiyi “Range Rover” markalı avtomobilə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün həmin avtomobilin onun mülkiyyətindən çıxamasına görə maddi ziyana dair iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar