Məhkəmə qərarları › İş №2(103)-4775/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4775/2021

27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4775/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(004)-104/2021 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi mülkünə dəymiş ziyanın və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvanında yerləşən mənzilə dəymiş 14000 manat məbəğində maddi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci ilin noyabr-dekabr aylarında kanalizasiya çəkilişi ilə əlaqədar “xxxx” ASC-nin rəhbərliyi altında qazıntı işləri aparılan zaman bir çox sakinlərin mənzilləri kimi, onun da mənzilinə silkələnmə nəticəsində ziyan dəyərək bünövrəsi yerindən tərpənmiş və çöldən pilləkəni yerindən sürüşmüşdür, seyf qapısı isə zədələndiyindən çətinliklə açılıb-bağlanır. Mənzilin otaqlarının divarları çatlamış, döşəmə və tavana ziyan dəyərək qəzalı vəziyyətə düşmüşdür. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidmətinə, həmçinin “xxxx” ASC-nin 155 saylı qaynar xəttinə məlumat vermişdir. Belə ki, layihənin icraçılarından biri olan Arif adlı məsul şəxsin iştirakı ilə mənzilinin divarlarında çat olan yerlərinə cavabdeh tərəfindən 01.03.2018-ci il tarixdə mayak qoyularaq bir müddət gözləməyi məsləhət görmüşlər. Mənzilində bərkidilmə işləri aparılmadığı üçün silkələnmə və sürüşmə aktivliyi olduğuna görə qoyduqları işarə mayaklarının bəzilərində cırılma və qopma aşkarlanmışdır. Belə olan halda FHN-nin Tikintiyə Nəzarət Agentliyinin mütəxəssislərinin iştirakı ilə mənzilinə baxış keçirilərək mənzilində olan çatların və çöldən pilləkənin sürüşməsinə həqiqətən də “xxxx” ASC-nin apardığı qazıntı ilə bağlı olmasını təsdiq edib rəy verərək “xxxx” ASC-nin rəhbərliyinə 24.05.2018-ci il 37/36-02348 saylı məktubla onun ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə qısa müddətdə yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülməsinə dair göstəriş verilməsini “xxxx” ASC-nin rəhbərliyindən xahiş etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə şifahi və yazılı müraciətlərinə müsbət cavab verilməmişdir. Daha sonra o, dəqiqləşdirmişdir ki, həmin ərazidə qazıntı işlərini “xxxx” ASC-nin tapşırığı ilə Cavabdeh MMC həyata keçirmişdir. Qazıntı işləri ilə əlaqədar onun mənzilinə 14000 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın ödəilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən ona heç bir kompensasiya ödənilməmişdir. Halbuki Cavabdeh MMC tərəfində onun qonşulari Elçin Əlizadəyə 5000 manat, Emin Nemətova 3000 manat, Səyyar Qasımova 12000 manat, Tahir Hacıyevə isə 29700 manat məbləğində vurulmuş ziya görə pul ödəmişlər. Yalnız məhkəmə prosesi dövründə MMC-nin nümayəndəsi tərəfindən ona əvvəlcə 200-300 manat, daha sonra isə 4000-5000 manat pul təklif edilmiş, lakin o, dəymiş ziyanın daha yüksək olduğunu bildirərək, həmin təklifi qəbul etməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini, ona dəymiş 14000 manat maddi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(004)-104/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən vurulmuş maddi ziyana görə 13624 (on üç min altı yüz iyirmi dörd) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2021 saylı iş üzrə 03.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə tərəfindən işə baxılaraq heç bir hüquqi əsaslar olmadığı halda iddia təmin olunmuşdur. Belə bir nəticəyə gələrkən Məhkəmə iş materiallarına təqdim olunmuş sübutlara, mütəxəsis rəyinə əhəmiyyət verməməmiş, iddianın rədd olunmasına əsas verən hallara düzgün hüquqi qiymət verməməmiş, təqdim olunmuş subutları təhrif etmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qərarını qəbul etmişdir. İş materiallarından görünür ki, Cavabdeh xxxx ASC-nin sifarişi ilə Sabunçu rayonunun Sabunçu qəsəbəsində vağzal ətrafı “yağış sularının kənarlaşdırılması” layihəsi çərçivəsində Əfəndiyev küçəsində yığma dəmir beton borulara yağış kollektorunun sökülməsi ilə əlaqəli işlər görmüşdür. Qazıntı işlərir aparıldığı ərazi iddiaçının yaşadığı mənzilin 6-10 metr aralıq məsafəsində aparılmışdır. Qazıntı işlərinin aparılması ilə əlaqəli müəyyən aralıq məsafəsində yerləşən yaşayış evinin «silkələnməsi» və bu səbəblə divarlarında çatların yaranması kimi iddia tələbində irəli sürülənlərin həmin qazıntı işləri ilə heç bir əlaqəsi olmamışdır. Yaşayış evinin fundamentinin qazıntı işlərinin aparıldığı xəttdən 6-10 metr aralıq məsafəsində yerləşməsi ilə əlaqədar iddiaçının yaşadığı mənzilə zərərin dəyməsi imkanları qeyri mümkündür.» Mənzilin fundamentinin tərpənməsi səbəb olma və silkələnməsi və silkələnmədən divarlarda çatların yaranması» yalnız həmin mənzilin qüvvədə olan tikinti-normativ qaydalarına əməl olunmadan vaxtilə tikilməsi, bünövrə eninin və dərinliyinin az olmaqla yük daşıma qabiliyyətinin olmaması səbəbindən yarana bilərdi. Mənzil 40 il bundan əvvəl - 1980-ci ildə inşa olunmuş, özbaşına tikilmiş, heç bir tikinti norma və qaydalarına əməl olunmamış, mənzilin bönövrəsinin уük daşıma qabiliyyəti olmamışdır. Dam örtüyü 2 yamaclı ağac materiallarından yığılmışdır, Döşəmə və qapıları taxtadan olmuşdur, 2 mərtəbəli evin mərtəbə örtüyü isə ağac atmalar ilə örtülmüşdür. Yükdaşıyan divarların qalınlığı 20 sm-dir, əhəng daşlarından inşa olunmuşdur. İddiaçının şikayəti əsasında «Azkommunlayihə» KLİ-nin mühəndisləri tərəfindən mənzilə baxış keçirilmiş, fundamentinin tərpənməsi və divarlarda çatların yaranması səbəbləri tikinti norma qaydalarının tələbləri baxımından yoxlanılaraq araşdırılmışdır. 25.04.2018-ci il tarixli «Azkommunlayihə KLİ-nin mühəndisləri tərəfindən verilmiş rəydə göstərilmişdir ki, «Yaşayış evində yaranmış deformasiyalara səbəb onun tikinti norma və qaydalarına əməl olunmadan tikilməsi, bünövrə eninin və dərinliyinin az olması, mərtəbələrin ortük səviyyəsində monolit dəmir beton kəmərinin olmaması səbəbindən irəli gəlmişdir». İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan Bakı ŞİH-nin Bakı şəhər MMKTD-nin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 148 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi D.Abdullayev tərəfindən tərtib edilmiş plandan görünür ki, ünvan 1 ünvanında iki mərtəbəli, ümumilikdə beş otaqlı, ümumi sahəsi 114,9 kv.m. olan yaşayış evi mövcuddur. İş materiallarında olan 148 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli, 38 saylı və 13.02.2021-ci il tarixli, 89 saylı arayışlardan aydın olur ki, İddiaçı və onun ailə üzvləri 07.03.2001-ci ildən ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. 11.12.2004- cü ildən isə ailə üzvləri ilə birlikdə həmin ünvanında pasport qeydiyyatına alınmışdır. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh MMC arasında bağlanmış 05.05.2017-ci il tarixli, LWC-2017/09 saylı “işlər üzrə satınalma müqaviləsindən görünür ki, icraçı, yəni Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə, yəni “xxxx” ASC-yə AR Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli 264S saylı Sərəncamına əsasən “Bakı şəhərində yağış sularının yığılması təhlükəsi olan şəhər avtomobil yolları və ərazilərdə səth sualrının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi” layihəsi çərçivəsində “Sabunçu rayonu ərzisində kollektorun tikintisi” işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən verilmiş 24.05.2018-ci il tarixli 37/36- 02348 saylı məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı müraciətinə əsasən, həmin ünvana baxış keçirilmiş və baxış nəticəsində “Sabunçu qəsəbəsində yağış sularının kənarlaşdırılması” layihəsi çərçivəsində yağış kanalizasiya kollektorunun çəkilməsi səbəbindən adı çəkilən fərdi yaşayış evinin divarlarında çatların əmələ gəlməsi, həyətdə giriş pilləkəninin sürüşməsi halının baş verdiyi məlum olmuş, fərdi yaşayış evi məhdud işlək vəziyyətə düşmüşdür. İş materiallarında olan Sabunçu qəsəbə sakinləri Tahir Hacıyev və X2 tərəfindən verilmiş 21.02.2021-ci il və 22.02.2021-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh MMC tərəfindən mənzillərinə dəymiş ziyana görə müvafiq olaraq Tahir Hacıyevə 29700 (iyirmi doqquz min yeddi yüz) manat, X1 isə 3000 (üç min) manat məbləğində kompensasiya ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC ilə X5 arasında bağlanmış 27.12.2017-ci il tarixli Sazişdən görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yağış suyu kanalizasiya kollektorunun çəkilişi zamanı qəsəbə küçələri ensiz olduğuna görə X4 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyana görə 3000 (üş min) manat məbləğində vəsaiti Olqa Neymətovanın hesabına ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsinin qərarı əsasında aparılmış və mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2139 saylı, 30 dekabr 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilin divarlarında olan çatların, fərdi yaşayış evinin qarşısında tikinti işləri aparılan zaman iri yük maşınlarının hərəkətini, qazıntı işlərinin aparılması, torpağın kipləşdirilməsini nəzərə alaraq, İddiaçı məxsus fərdi yaşayış evində əmələ gələn çatlar Cavabdeh MMC tərəfindən fərdi yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yarana bilər. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 13624,0 manat məbləğində müəyyən olunur. Məhkəmə kollegiyası iş materiallarını, iddiaçının tələbini və cavabdehin nümayəndəsinin etirazını birlikdə nəzərdən keçirib ilk öncə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvanında yerləşən mənzilin İddiaçı məxsusluğu məsələsinə münasibət bildirilməsini zəruri hesab edir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə əsasən, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5.-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu səlahiyyətlər əsasında fiziki şəxs əşyaya sahiblik və əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. İş materiallarından aydın olur ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, o, 2001-ci ildən ailə üzvləri ilə birlikdə faktiki olaraq həmin mənzildə yaşayır və orada pasport qeydiyyatına düşmüşdür. Bununla da o, həmin mənzil üzərində mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüquqlarını həyata keçirməkdədir. Mülkiyyət hüququnun üçüncü elementi olan sərəncam hüququnu əldə etmək isə İddiaçı “gözlənti hüququ” əsasında gələcəkdə əldə edəcəyi hüququdur. Məhkəmə kollegiyası hesab edir ki, bu məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Belə ki, Məhkəmə «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmin qərarda Avropa Məhkəməsi sənədləri olmayan “gecəqondu”da yaşayanların mülkiyyət hüququnu tanımış və hesab etmişdir ki, əgər şəxs uzun müddət bir yerdə yaşayır, kommunal xidmətlərdən istifadə edib, haqqını ödəyirsə, deməli, dövlət avtomatik onun mülkiyyət hüququnu tanımış olur. Bu halda, şəxsin həmin əmlakdan məhrum edilməsi onun mülkiyyət hüququnun pozulmasıdır. İstinad olunan hüquq normalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ qeydə alınmasa da, onun həmin evə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ vardır. Belə olan halda isə İddiaçı sözügedən mənzilə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olması da inkar edilməməlidir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı işin faktiki halları, şahid ifadələri, ekspert rəyi ilə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində aparılmış qazıntı işləri nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilinə ziyan vurulması, bunun nəticəsində iddiaçıya müəyyən məbləğdə maddi zərər dəyməsi sübuta yetirilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən ekspertiza rəyi həddində, yəni 13624 (on üç min altı yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(004)-104/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar