Məhkəmə qərarları › İş №2(103)-4776/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4776/2020

08.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4776/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1972/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1972/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin, müalicə xərclərinə görə 100 (bir yüz) manat, uşağa qulluq edilməsinə görə 50 (əlli) manat, ümumilikdə 350 (üç yüz əlli) manat alınaraq İddiaçı verilməsi, 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2011-ci ildən 150 manat aliment iddiaçıya ödənilir. Halbuki, həmin dövrdə uşaqlar üçün yaşayış minimumu 76 manat təşkil edirdi. İndi 2020-ci ildə hələ bu məbləğ 170 manat müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının 9 il ərzində ondan artıq aliment alması belə onun əlavə xərclərdə iştirak etdiyini birbaşa təsdiqləyir.Keçən illər ərzində onun maddi vəziyyətində hərhansı yaxşılaşma olmasına dair işdə heç bir sübut yoxdur. Sonuncu məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi həmçinin onun maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, tərəfindən birinci instansiya məhkəməsinə Bərdə şəhər 4 saylı uşaq incəsənət məktəbində vokal ixtisası üzrə müəllim işləməyi və aylıq əmək haqqının 270 manat təşkil etməsi, başqa heç bir növ müavinət, təqaüd və pensiya almamağı həmçinin vergi ödəyicisi kimi də 2019-cu ilin noyabr ayından fəaliyyətini dayandırmağı, 2015-ci ildə başqa şəxslə yeni nikaha daxil olmağı və həmin nikahdan 2016-cı ildə Əli adlı övladının dünyaya gəlməsi, xroniki kalkulyoz xolesititin kəskinləşməsi xəstəliyindən əziyyət çəkən 67 yaşlı anası X3 onun himayəsində yaşaması və onun müalicə xərclərini də tərəfindən çəkilməsi barədə sübutlar təqdim edilməsinə baxmayaraq qətnamədə nə həmin sübutlara, nədəki, onları təkzib edəcək heç bir hala istinad olunmamışdır. Təqdim etdiyi sübutlarla aşkar sürətdə müəyyən olunur ki, Ailə Məcəlləsinin 112-ci maddəsinin tələb etdiyi dispozitiv şərtlərə uyğun olaraq onun maddi vəziyyətində heç bir dəyişiklik olmamış, əksinə yeni ailə qurmağı və anasına görə ailə qayğıları daha da artmışdır. Hesab edir ki, hazırki vəziyyətdə onun ailə vəziyyətində dəyişiklik olmaqla maddi vəziyyəti daha da ağırlaşmışdır. Əksinə olaraq onu da bildirir ki, iddiaçı özü müğənni kimi fəaliyyət göstərərək kifayət qədər qazanc əldə edir və ondan daha təminatlıdır. Lakin daimi iş yerinin olması barədə məhkəməyə təqdim etdiyi arayışda guya əmək haqqının məbləği diyircəkli qələmlə icra edildiyi əsas götürülərək məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmiş və bununla da alimentin məbləği müəyyən olunarkən həmin sübut nəzərə alınmamışdır. Göründüyü kimi məhkəmə tərəfindən formal əsaslara görə əmək haqqının olması nəzərə alınmayaraq və onun digər qazanc mənbəyi barədə heç bir sübut olmadan olmadan əsassız olaraq alimentin məbləğinin sabit pul məbləğində 200 manat müəyyən edilməsi nəticəsinə gəlinmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Hazırkı mübahisədə nəzər alınmalı məsələlərdən biri onun xx.xx.2002- il il təvəllüdlü X1 əlavə yuxarıda qeyd etdiyi kimi digər övladının saxlanması öhdəliyinin olmasıdır. Bundan əlavə məhkəmə, tərəfindən təqdim edilən əmək haqqı barədə arayışı sübut kimi nəzərə almamasına baxmayaraq, iddiaçı tərəfin təqdim etdiyi və onların mübahisləndirdikləri xx.xx.2002-ci il təvəllüdlü X4 autizm əlamətləri ilə müşaiyət olunan xəstəliklərin mövcüdluğuna istinad etmiş, doğurdan da uşaqda həmin xəstəliklərin olub-olmamasına əhəmiyyət verməyərək əsaslı şübhləri nəzərə almamışdır. Çox maraqlıdır ki, eyni qüvvəli arayışlar, yəni uşağın xəstəliyi barədə arayış iddiaçı tərəfindən, iş yeri barədə arayış isə onun tərəfindən məhkəməyə təqdim olunsa da məhkəmə müəmmalı şəkildə onlardan birini sübut kimi qəbul edib qətnamədə iddiaçının xexrinə qiymətləndirir, digərini isə texniki və formal əsaslara görə nəzərə almır və bu barədə də heç bir tədbir görmür. Yəni, əgər sübut məhkəmədə şübhə doğururdusa bunu onlara bildirə və yaxud bu barədə həmin təşkilata sorğu edə bilərdi. Çünki həmin arayış onun gəlirini göstərməklə hazırki işin hallarını müəyyən edilməsində əvəzedilməz əhəmiyyətə malik idi. Bununla da məhkəmə dolayı yollarla sübutların bir tərəfli aşardırılmasına və işin bütün hallarının iddiaçının xeyrinə qiymətləndirilməsinə şərait yaratmışdır. Odur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işin yuxarıda qeyd olunan hallarına uyğun uşaqda doğurdanda autizm xəstəliyinin əlamətlərinin olubolmamasının müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizasının təyin edilərək, ekspert rəylərinə əsaslanaraq, hazırki işin həmin hissəsinə hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, uşaq autizm xəstəsidir və 1-ci qrup əlildir. Müalicə xərci çoxdur. Atası alimenti verməkdən yayınır. Müğənnidir, qazacı çoxdur. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh teleqramla müraciət edərək, tədris ilə əlaqədar Bərdə şəhərində olacağını və məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də, bununla bağlı müraciətinə sübut əlavə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5448/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qətnaməsi xx xxxxxxxx 2002-ci il təvəllüdlü X1 hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh tutulacaq alimentin ümumi məbləğinin 150 manat həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinəəsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 170 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, cavabdehin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni təmin edilən hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilən hissədə yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmununda qətnamənin yalnız iddianın təmin edilən hissəsi mübahisələndirilir. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən cavabdehin şikayəti üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, təmin edilməyən hissəsinə və iddiaçıya münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi hissəsində iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi onun alimenti ödəməyə imkanı çatmadığı, ikinci dəfə evlənməsi və həmin nikahdan da bir azyaşlı uşağının olması, anasının xəstə olması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Üçüncüsü, iddiaçının əlavə tibbi xərclərlə bağlı hazırki iddia tələblərinin qanuni əsası Ailə Məcəlləsində nəzərdə tutulmuşdur. Onun təqdim etdiyi sübutlar da iddianın əsasını təsdiq edir. İddiaçının cavabdehə başqa əsaslarla iddia irəli sürməsi, məsələn alimentin artırılması, uşağa qulluğa görə və.s iddianın bu hissəsinin əsassızlığına dəlalət etmir və iddianın bu hissəsinin təmin olunmaması üçün əsas ola bilməzdi. Çünki, bu tələb bilavasitə uşağa çəkilən əlavə tibbi xərclərlə bağlıdır. Dördüncüsü, işdən görünür ki, xx xxxxxxxx 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatması üçün bir neçə ay qalmışdır. Bu müddətdə cavabdeh prosessual hüquqlarından sui-istifadə edərək kassasiya şikayəti verərsə, yəqin ki, iddiaçını alimentin artırılmış hissəsini almasına maneə yaranacaqdır. Çünki, alimentin dəyişdirilmiş məbləği qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmalıdır. Bu hal özü də cavabdehin şikayətinin əsaslı olmadığına dəlalət edir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1972/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar