Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4776/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 3126/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə 2470 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5543/2019 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə nikahları pozulmuşdur. ünvan 1 ünvanına gəlin kimi köçüb və cehiz əşyalarını həmin ünvana yerləşdirmişdir. Nikah pozulduqdan sonra qaynanası Cavabdeh1 ona qarşı həmin mənzilə istifadə hüququnun itirilməsi barədə iddia qaldırsa da, həmin iddia Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4609/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamənin təsviri hissəsindən görünür ki, Cavabdeh1 həmin mənzildə yaşamasını və dolayı yolla onun cehiz əşyalarının həmin mənzildə olmasım etiraf etmişdir. Sözügedən iddia ona qarşı qaldırılmamışdan əvvəl cavabdehlər əşyalarını evdən çölə tökərək onları yararsız hala salmışlar. Cavabdehlər tam olaraq 100 manat dəyərində 6 xrustal şamdan, 70 manat dəyərində 1 ədəd mətbəx stolu, 600 manat dəyərində 3 ədəd yun xalça, 1500 manat dəyərində yataq dəsti, 200 manat dəyərində paltaryuyan maşını yararsız hala salmışlar. Bütün bunlar iddia ərizəsinə əlavə etdiyi video disk və fotoşəkillərlə sübut olunur. Cavabdehlərin ona qarşı qanunazidd hərəkətləri nəticəsində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişlər ki, iddiaçının iddia ərizəsində göstərdiyi ona məxsus cehiz əşyalarının onların günahı ucbatından yararsız hala düşməsi halı tamamilə yalan və böhtandır. Onun cehiz əşyaları A-Z-yə onun özünün istifadəsində olan əşyalar olub. Həmin əşyaları özü bir-bir qəbul edib, əgər onun dediyi hal mövcud idisə, o zaman sual olunur, niyə əşyanı qəbul edirdi? Bütün bunların cavabı odur ki, bu şəxsin məqsədi, amalı nə yolla olursa olsun, onlara zərər vurmaq, qanunsuz yolla pul vəsaiti qoparmaq və sair dələduzluq, mənimsəmə niyyətli əməllərdən çıxış etməkdir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 3126/2021 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 920 (doqquz yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun 12 (on iki) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 14.2.6, 21.1, 1096.1, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3126/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin işə tətbiq etdiyi norma düzgün olmamışdır, belə ki, sözügedən əşyaların uzun illər məhz iddiaçının istifadəsində olması nəzərə alınmayıb. İddiaçı əşyalarını qoyub getdiyi zaman mövcud vəziyyəti barədə hər hansı sübutunu məhkəməyə təqdim edə bilməyib. Eləcə də əşyaların yararlığının aşağı düşməsinin səbəbkarının onlar olmasını təqsdiq edən hər hansı sübut da məhkəməyə təqdim edilməyib. Birinci instansiya məhkəməsi, işin həqiqi hallarını, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməmiş, iş üzrə düzgün normaya istinad etməmiş və nəticə etibarı ilə də cavabdehlərə münasibətdə düzgün olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. 10.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 12.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 13.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 14.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti iddianın rədd edilərək, qətnamənin tamamilə ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
15.AR Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 16.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 17.Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. 18.Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 19.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmdən qüvvədə saxlanılmalıdır. 21.Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(011)- 5543/2019 saylı qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində 1522 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 25.01,2007-ci təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 analarının himayəsində saxlanmaları qət edilmişdir. 22.İş materiallarında olan Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə ə/m, polih baş leytenantı Elvin Qənizadənin İddiaçı ərizəsi əsasında aparılan araşdırmanın nəticəsinə dair tərtib etdiyi arayışdan görünür ki, İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh2 tərəfindən ona məxsus mebellərin və əşyaların qeydiyyatda olduğu ünvandan ona xəbər verilmədən çıxarılıb binanın həyətinə yığılması və bu zaman həmin mebel və əşyaların zədələnərək ona 1000 manat məbəğində ziyan dəyməsi barədə Xətai RPİ-nin 35-ci PB-nə ünvanlamış olduğu ərizəsi xx.xx.2020-ci il tarixdə icraatına daxil olmuşdur. İzahatı alınan İddiaçı bildirmişdir ki, təxminən 14 aydır ki rəsmi boşanıblar. Birgə nikah zamanı Aqşinin anasına məxsus mənzildə yaşayıb və 2014-cü ildə ora qeydiyyata düşüb. Boşandıqdan sonra ayrı yaşasa da, həmin ünvana qeydiyyatı qalıb. Keçmiş qaynanası Sona onun qeydiyyatdan çıxarılması ilə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə onun lehinə qərar çıxararaq yaşamaq və qeydiyyatda qalmaq hüququnu saxlayıb. Buna baxmayaraq keçmiş yoldaşı ona məxsus əşyaları qanunsuz çölə töküb. İzahatı alınması üçün polis bölməsinə dəvət olunan Cavabdeh2 məhkəmə qərarının onun xeyrinə olduğunu əsaslandırmağa çalışmış, bundan əlavə qeyd etmişdir ki, həmin evdə hal-hazırda təmir işləri aparılır. Bir neçə dəfə Aliyəyə əşyalarını götürməsini bildirsə də, o, bundan imtina etmişdir. Həmin gün əşyaları çölə yığmaqda məqsədi sonra geri qaytarmaq olub. Lakin əşyaları yığdıqdan sonra Aliyə gəlib əşyalarını yığıb aparıb. 23.İş materiallarında olan Cavabdeh2 Xətai RPİ-nin 35-ci PB-nin rəisinə ünvanlanmış izahatından görünür ki, o, iddiaçıya məxsus olan və digər Cavabdeh1 mənzilində yerləşən əşyaları evdən çıxararaq küçəyə yığdığını etiraf etmiş, lakin bunu belə izah etmişdir ki, mənzildə təmir işlərinin aparılması və otaqlarda nərdivan qoymaq üçün yer olmadığından həmin əşyaları müvəqqəti olaraq çıxarmışdır. Bunu görən iddiaçının qohumları isə ona bu barədə xəbər vermiş, iddiaçı gələrək həmin əşyaları götürüb aparmışdır. 24.İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 9/6410 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə istehsalı olan yun xalça (3mx5m), Türkiyə istehsalı olan yun xalçalar (3mx3m) və yataq dəsti (taxt, şkaf, 2 tumba, trümo) yararsız vəziyyətə düşmüşdür. Ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən (təqdim edilməyən mallar nəzəri qaydada) əşyalara dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 920 manat məbləğində müəyyən olunmuşdur. 25.Kollegiya qeyd edir ki, Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. 26.Hazırkı işin hallarından iddiaçıya məxsus olan və iddia ərizəsində sadalanan əşyaların mövcud olması, həmin əşyaların cavabdehlərə məxsus ünvanda olması, cavabdehlərin bu əşyaları mənzildən çıxararaq küçəyə yığması, bundan sonra iddiaçının həmin əşyaları götürüb aparması və həmin əşyalara ziyan dəyməsi işin halları ilə mübahisəsiz qaydada sübuta yetir. 27.Cavabdehlər həmin əşyaların uzun müddət istifadə edilməsini, lakin birinci instansiya məhkəməsinin bu halı nəzərə almamasını, habelə həmin əşyaların əvvəlki vəziyyəti barədə iddiaçının sübutlar təqdim etməməsini bildirsə də, kollegiya qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilərkən mübahisə predmeti olan əşyaların nominal dəyəri deyil, həmin vaxta olan orta bazar dəyəri əsas götürülməklə dəymiş zərərin məbləği hesablanmışdır. 28.Həmin əşyaların məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində yararsız hala düşməsi ilə bağlı kollegiya qeyd edir ki, bu əşyaların tərəflərin münasibətləri pozulduqdan sonra cavabdehlərə məxsus mənzildə qalması və onlar tərəfindən mənzildən çıxarılaraq küçəyə atılması işin mübahisəsiz halıdır. Cavabdehlər birinci instansiya məhkəməsində təqdim etdikləri iddiaya yazılı etirazda və bununla bağlı verdikləri izahatda həmin əşyaların əvvəlcədən yararsız vəziyyətdə olduğunu qeyd etməmiş, əksinə onların saz vəziyyətdə olduğuna istinad etmişlər. Göründüyü kimi, bu məsələ ilə bağlı tərəflər arasında fikir ayrılığı olmamışdır. Bu səbəbdən kollegiya həmin əşyaların mübahisədən əvvəl yararsız olmasına dair cavabdehlərin dəlilini əsassız hesab edir. 29.Beləliklə, İddiaçı məxsus olan və iddia ərizəsində göstərilən əşyaların cavabdehlər tərəfindən mənzildən çıxarılaraq çölə yığılması nəticəsində həmin əşyaların yararsız vəziyyətə düşməsi və iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapır. 30.Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 920 manat məbləğində maddi zərər tutulması nəticəsinə gələrək, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. 31.Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 32.Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 33.Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 34.Məhkəmə kollegiyası həmçinin izah edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 35.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qətetdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3126/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.