Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4776/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: texniki overdraft, əsassız varlanma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “texniki overdraft üzrə borcun cavabdehdən tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)- 904/2025 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-13863İB/2019 saylı Razılıq ərizəsindən görünür ki, sonuncu həmin Razılıq ərizəsinin imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə banka olan borcunu 7 iş günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 4999,29 manat əsas borc, 1875,66 manat cərimə borcu olmaqla, cəmi 6874,95 manat borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTC-13863İB/2019 saylı müqaviləyə əsasən iş materiallarında olan hesabdan çıxarışlardan göründüyü kimi, xx.xx.2023-cü il tarixinə 4999,29 manat məbləğində məxaric edilməsi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2019-cu il tarixli 1.1.2. nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılıq ərizəsi xx.xx.2019-cu il tarixli, GTC13863İB/2019 nömrəli müqaviləsi üzrə faiz və cərimə faiz dərəcləri dəqiq göstərilmədiyi üçün X1 banka olan faiz və cərimə borclarını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “texniki overdraft üzrə borcun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41010AZNFK********** saylı kart hesabına əsasən 4,999.29 manat əsas borc, 1,875.66 manat cərimə borcu olmaqla, cəmi 6,874.95 manat borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 88.75 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC- 13863İB/2019 saylı razılıq ərizəsi və müştərinin qeydiyyat ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Cavabdeh hesabına xx.xx.2022-ci il tarixində 3000 ABŞ dolları (5100 manat) mədaxil olub, lakin qarşı tərəf, yəni göndərən bank silinmə göndərmədiyindən (Qarşı tərəf banklar (Acquirer bank) ödənişlər uğurlu olduqda clearing fayl göndərirlər, lakin ödəniş qarşı tərəfdə uğurlu olmadığı halda clearing faylı formalaşmır və issuer banka göndərilmir) 33 gün sonra vəsait blokdan azad olunub və hesabdan silinib, müştəri vəsaitləri istifadə etdiyindən hesab overdrafta çıxmışdır. xx.xx.2022-ci il tarixində vəsait mədaxil olur və müştəri daha sonrakı günlərdə istifadə edir. Cavabdeh banka məxsus olan cəmi 4,999.29 manat əsas borc, 1,410.86 manat cərimə borcu olmaqla, cəmi 6,410.15 manat pulu əldə etmişdir. Qeyd edilən əməliyyatların aparılması cavabdehin bank hesabında öz əksini tapmışdır. Bildirilir ki, müştəri ilə bank arasında bağlanmış razılıq ərizəsində “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasında yaranmışdır. Belə ki, X3 Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatların V bölməsinin, dördüncü hissəsinin “Debet kartı üzrə overdraft” hissəsində qeyd edilir ki, Bank hesabı üzrə mənfi qalıqdır. Əmək haqqı kartı üzrə overdraft limiti xalis əmək haqqı məbləğinə bağlı olan və əmək haqqı hesabına ödənilən kredit xəttidir (4.1.1). Texniki overdarft razılaşdırılmış overdraft məbləğini aşan məbləğdir. Məzənnə fərqi və ya digər səbəblərdən kart hesabının overlimitə keçməsi halıdır (4.1.9). Hər hansı bir səbəbdən aylıq əmək haqqı ödənilmədiyi halda (Cari borcun Bank tərəfindən avtomatik silinməsi mümkün olmadığı halda) və ya overdraft üzrə cari öhdəliyin ödənilməsi üçün müvafiq hesabda kifayət qədər vəsait olmadığı halda, banka cari borc üzrə ödənişini ayda bir dəfədən az olmamaq şərti ilə nağd və ya köçürmə yolu ilə ödəmək; müqavilə ilə müəyyən olunan və banka müqaviləni ləğv etmək hüququ verən hallardan hər hansı biri mövcud olduqda, onun tələbnaməsində göstərilən müddətdə cari borcu banka qaytarmaq və xidmət haqqını ödəmək; müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir (4.2.4). Kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi aşağıdakı kimidir: 41010AZNFK********** saylı kart hesabına əsasən 4,999.29 manat əsas borc, 1,875.66 manat cərimə borcu olmaqla, cəmi 6,874.95 manat təşkil edir. Gecikmə günü: 716. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 88.75 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-904/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2019-cu il tarixli razılaşma üzrə 4999,29 (dörd min doqquz yüz doxsan doqquz manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 65 (altmış beş) manatının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, GTC-13863İB/2019 saylı razılaşma bağlanmış, daha sonra cavabdeh ona məxsus olmayan 4999,29 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuş, iddiaçının xəbərdarlığına baxmayaraq cavabdeh 4999,29 manat pul vəsaitini banka geri qaytarmamışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir, həmin rəydə isə cavabdehin xx.xx.2019-cu il tarixli, GTC-13863İB/2019 saylı razılaşma üzrə cavabdehin xx.xx.2023-cü il tarixə 4999,29 manat məbləğində texniki overdraftı müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşma üzrə cavabdeh 4999,29 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi cərimənin tutulması hissəsində əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixli, GTC- 13863İB/2019 saylı razılaşma üzrə tərəflər arasında cərimə haqqında yazılı formada razılaşma olmamış, cavabdehin iddiaçıya olan borcu əsassız varlanma nəticəsində əmələ gəlmiş, yəni, cavabdehin hesabına texniki overdraft nəticəsində pul vəsaiti mədaxil olunmuşdur. Həmçinin iddiaçının nümayəndəsi verdiyi izahatında da, bildirmişdir ki, həmin məbləğ əsas borca hesablanmış faiz borcu deyil, cərimə borcudur. Belə olan halda da, iddia cərimə hissəsində təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 327.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)- 904/2025 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin 41010AZNFK********** saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun tutulmaması hissəsində ləğv edilməsi və iddia tələbi üzrə tələbin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41010AZNFK********** saylı kart hesabına əsasən 4,999.29 (dörd min doqquz yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) manat əsas borc, 1,875.66 (bir min səkkiz yüz yetmiş beş manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,874.95 (altı min səkkiz yüz yetmiş dörd manat doxsan beş qəpik) manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 88.75 (səksən səkkiz manat yetmiş beş qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş icraatda olduğu dövrdə mübahisənin ətraflı araşdırılması üçün Binəqədi Rayon Məhkəməsinin e-2(001)-904/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1231 saylı rəyinə əsasən Cavabdeh 41010AZNFK********** saylı kart hesabı üzrə xx.xx.2019-cu il tarixli GTC-13863İB/2019 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixinə 4999.29 manat məbləğində məxaric edilməsi müəyyən edilmiş, lakin faiz və cərimə borclarının müəyyən edilmədiyi qeyd edilmişdir. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-904/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli razılaşma üzrə 4999,29 (dörd min doqquz yüz doxsan doqquz manat, iyirmi doqquz qəpik) manat məbləğində pul və 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Hesab edilir ki, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-904/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin 41010AZNFK********** saylı saylı kart hesabı üzrə əsas borc hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu ekspert rəyində cərimə borcunun dəqiq göstərilmədiyini hesab edərək kəskin surətdə azaltmışdır. Bu da Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirilir ki, burada məhkəmə hesablanan cərimə pulunun ekspert rəyinə əsasən müəyyən edilmədiyini əsas gətirərək ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixinə olan gecikmə günlərinin sayı 716 gün təşkil etmişdir. Buna görə də məhkəmənin ümumiyyətlə cərimə məbləği qət etməməsi 716 gün gecikmə günlərinə heç də mütənasib və ədalətli olmamışdır. Bu sadəcə gecikdirilmiş və vaxtında ödənilməmiş əsas borca münasibətdə müqavilə müddətində illik 24% dərəcəsi ilə hesablanmış məbləğdir. Bu da Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz. Halbuki, məhkəmə cavabdehin kredit borcunu vaxtında ödəmədiyi üçün banka dəymiş ziyanı və vaxtında ödəmiş olardısa, həmin məbləği yenidən digər kredit dövriyyəsinə cəlb edərək kommersiya qurumu kimi qazanacağı halda, əksinə olaraq gecikmə nəticəsində əldən çıxmış faydanı nəzərə almamışdır. Belə olan təqdirdə hesab edirlər ki, qətnamənin cərimə borcunun tutulmaması hissəsində tam əsassız və ədalətsizlikdir. Həmçinin borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd edilir ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilənin şərtinə uyğun olaraq 41010AZNFK********** saylı maliyyələşdirmə üçün ərizə üzrə 1875.66 (bir min səkkiz yüz yetmiş beş manat altmış altı qəpik) manat cərimə borcu təmin edilməli idi. Məhkəmə hesablanan cərimə pulunun ekspert rəyinə əsasən müəyyən edilmədiyini əsas gətirərək ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmiş, bankla cavabdeh tərəfindən imzalanmış və cavabdehin overdraft borcunu gecikdirdiyi halda cərimə hesablanacağı qeyd edilmiş ümumi şərtlər toplusunu nəzərə almamış və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Yəni məhkəmə nəzərə almamışdır ki, cavabdehdən tələb etdikləri tutulmalı olan 1875.66 (bir min səkkiz yüz yetmiş beş manat altmış altı qəpik) manat cərimə məbləği tutulmalı olan 4999.29 (dörd min doqquz yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) manat əsas borcun cəmi 37.51 faizini təşkil edir. Bu da 716 gün gecikmə günlərinə mütənasibdir. Bu sadəcə gecikdirilmiş və vaxtında ödənilməmiş əsas borca münasibətdə müqavilə müddətində illik 24% dərəcəsi ilə hesablanmış məbləğdir. Bank xidmətlərinin göstərilməsinə dair X3 “Debet kartlar üzrə overdraft” adlı 4-cü bölümünün 4.2.4-cü bəndinə əsasən müqavilə ilə müəyyən olunan və banka müqaviləni ləğv etmək hüququ verən hallardan hər hansı biri mövcud olduqda, onun tələbnaməsində göstərilən müddətdə cari borcu banka qaytarmaq və xidmət haqqını ödəmək; müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir. Müştəri üzərinə düşən öhdəliyi pozduğu üçün əsas borca cərimə hesablanmışdır. Belə olan təqdirdə hesab edirlər ki, qətnamə cərimə borcunun tutulmaması hissəsində tam əsassız və ədalətsizlikdir. Şikayətdə sadalanan pozuntular, yəni işin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı cavabdehdən əsassız əldə etdiyi pul vəsaitinə görə cərimə ödənilməsini tələb edir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Bank xidmətlərinin göstərilməsinə dair X3 “Debet kartlar üzrə overdraft” adlı 4-cü bölümünün 4.2.4-cü bəndində qeyd olunan müştərinin vəzifələrinə, texniki overdraftın baş verəcəyi halda onun banka cərimə ödəməli olması barədə öhdəliyinin, vəzifəsinin, razılığının olması müəyyən edilməmişdir. Bundan başqa "xxxx" ASC ilə Cavabdeh arasında Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2019-cu il tarixli 1.1.2. nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılıq ərizəsi xx.xx.2019-cu il tarixli, GTC13863İB/2019 nömrəli müqaviləsi üzrə cərimənin hansı qaydada, hansı faiz dərəcəsi ilə hesablanması da müəyyən olunmamışdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin hesabına texniki overdraft nəticəsində pul vəsaiti keçəcəyi halda sonuncunun ona cərimə ödəməli olmasına dair öhdəliyinin olması barədə iddia tələbində istinad etdiyi halları, eləcə də, apellyasiya şikayətinin eyni məzmunlu dəlillərini sübuta yetirə bilməmişdir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-904/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4776/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4776/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver