Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4779/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-711/2021 saylı, 15 fevral 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.11.2005-cı il təvəllüdlü X3, 25.06.2008-ci il təvəllüdlü X6 və 29.06.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə hər ay 170 manat olmaqla cəmi 510 manat sabit pul məbləğində aliment tututlaraq iddiaçıya ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 14.12.2004-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından 10.11.2005-ci il təvəllüdlü X8, 25.06.2008-ci il təvəllüdlü X10 və 29.06.2009-cu il təvəllüdlü X14 adında üç övladları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.05.2010-ci il tarixli, 2(006)1734/2010 saylı qətnaməsi ilə 10.11.2005-cı il təvəllüdlü X3, 25.06.2008-ci il təvəllüdlü X6 və 29.06.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06.04.2020-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər uşağa görə 72 manat, cəmi 216 manat aliment tutularaq ona ödənilməsi qərara alınmışdır. Həmin qətnamə qəbul edilərkən məhkəmə bir uşağın saxlanılması üçün respublikada müəyyən edilmiş minimum məbləğin 83 manat olmasını əsas olaraq götürmüşdür. Cavabdehlə aralarındakı nikah qeydi 20.06.2012-ci il tarixdən ləğv edilmiş və artıq 10 ildən artıq müddətdir ki, ayrı yaşayırlar. Lakin qeyd edilmiş qətnamə qanuni qüvvəsini alan gündən bu günədək olan müddət ərzində cavabdeh bir dəfə də olsun övladlarını görmək, onlarla görüşmək istəməmiş, bir dəfə də olsun onlarla maraqlanmasa belə, hər ay məhkəmə qətnaməsi ilə üç uşağın saxlanılması üçün müəyyən edilmiş 216 manat məbləğində aliment ödəmiş və ödəməyə də davam edir. Hazırda respublikada bir uşağın saxlanılması üçün müəyyən edilmiş minimum məbləğ 170 manat təşkil edir və o, artıq cavabdehin ödədiyi 216 manata yetkinlik yaşına çatmaq üzrə olan üç uşağın 3 günlük ehtiyaclarının və təhsil haqqların ödənilməsi üçün yetərli deyildir. Odur ki, yuxarıda göstərilmiş hallar əsas götürülməklə hesab edir ki, cavabdeh tərəfindən 3 uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması məsələsinə yenidən baxılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-711/2021 saylı, 15 fevral 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 15.02.2021-ci il tarixdən başlayaraq, Cavabdeh 10.11.2005-ci il təvəllüdlü X4, 29.06.2009-cu il təvəllüdlü X9 və 25.06.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Əmirəliyeva (Qurbanova) Ülviyyə Bəxtiyar qızının xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat, cəmi 510 (beş yüz on) manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-711/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi əsassız olduğundan alminet tutulmasına dair hissəsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək yeni və ədalətli bir qətnamə çıxarılmalıdır. Belə ki, o, 25.01.2013-cü il tarixdən Akademik M.Mirqasımov adna Respublika Klinik Xəstəxanasında gözətçiçi vəzifəsində çalışır və orta aylıq əmək haqqı 260 manat təşkil edir. Bu barədə ona arayış verilmişdir. Başqa əlavə qazanc yeri və digər gəlirləri yoxdur. 07 mart 2020-ci il tarixdə ailə həyatı qurmuşdur. Maddi vəziyyəti olduqca aşağıdır, qətnamədə qeyd olunanın əksinə o, 2012-ci ildən 261 manat aylıq aliment ödəyir. Bu ödənişləri etməyə anası və qardaşı kömək edir. Məhkəmə prosesi zamanı müraciət edərək iddiaçının özünün də evli olduğunun nəzərə alınmasını xahiş etmişdi. Lakin rəsmi işdə işlədiyi və digər yerlərdə işləmədiyi, habelə orta aylıq əmək haqqının məbləği nəzərə alınmamışdır və bu günkü gündə 260 manat maaş aldığı halda 510 manat aliment ödəməyi qeyri-mümkündür. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 711/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə qazancın (başqa gəlirlərin) ikidə bir hissəsi məbləğində alimentin tutulmasına dair yeni ədalətli qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı və Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi X7 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-711/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə cavabdehin qazancının (başqa gəlirlərin) ikidə bir hissəsi məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-711/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmiş, belə olan halda isə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Əmirəliyeva (Qurbanova) Ülviyyə Bəxtiyar qızının xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat, cəmi 510 (beş yüz on) manat müəyyən edilməlidir və gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 112-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1734/2010 saylı, 06 may 2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh 10 noyabr 2005-ci il təvəllüdlü X4, 05 iyun 2008-ci il təvəllüdlü X6 və 29 iyun 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 aprel 2010-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər uşağa görə 72 (yetmiş iki) manat, cəmi 216 (iki yüz on altı) manat aliment alınıb iddiaçı X1 xeyrinə tutulmuşdur. İş materiallarında olan, Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.07.20212-ci il tarixli, AZ-İ № 147534 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasındakı nikahın pozulması 20.07.2012-cı il tarixdə 216 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan, Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 25.11.2005-ci il tarixli, AZ-İ № 692260 saylı doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X11 10.11.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Qurbanova (Əmirəliyeva) Ülviyyə Bəxtiyar qızıdır. İş materiallarında olan, Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 11.07.2009-cu il tarixli, AZ-İİ № 299663 saylı doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X14 29.06.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Qurbanova (Əmirəliyeva) Ülviyyə Bəxtiyar qızıdır. İş materiallarında olan, Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 27.08.2008-ci il tarixli, AZ-İİ № 143667 saylı doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X10 25.06.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Qurbanova (Əmirəliyeva) Ülviyyə Bəxtiyar qızıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası publik hüquqi şəxsinin 25.11.2020-ci il tarixli 31/65 №-li arayışından görünür ki, Cavabdeh 25.01.2013-cü il tarixdən Respublika Kliniki Xəstəxanasında gözətçi vəzifəsində işləyir. Aylıq əmək haqqı 260 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən: 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, Cavabdeh apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi, Akademik M.Mirqasımov adna Respublika Klinik Xəstəxanasında gözətçiçi vəzifəsində çalışması və orta aylıq əmək haqqının 260 manat olması, əlavə qazanc yeri və digər gəlirlərinin olmaması, ikinci dəfə ailə qurması və maddi vəziyyətinın aşağı olması barədə dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-711/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 711/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4779/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4779/2021
25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver