Məhkəmə qərarları › İş №2(103)-4779/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4779/2023

12.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4779/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "akt üzrə 4147,20 manat dəymiş ziyanın əvəzinin tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-2(008)-2081/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Səməd Vurğun küçəsi döngə 4-də 2 nömrəli fərdi yaşayış evində yaşayır. Cavabdehin adına **********00010 nömrəli abonent kodu açılmış və G-4T markalı **********244 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçının işçiləri tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, istehlakçı Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Həmin xx.xx.2023-cü il tarixli akt əsasında 34560 kub.m qaz istifadəsi hesablanmış və bu həcmin dəyəri 4147,20 manat qiymətləndirilmişdir ki. İddiaçı hazırda həmin məbləği tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı "akt üzrə 4147,20 manat dəymiş ziyanın əvəzinin tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-04763xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamış və nəticədə iddiaçıya 4147,20 manat maddi ziyan vurmuşdur. İddiaçı tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 4147,20 manat maddi ziyan hesablanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-2(008)- 2081/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 4147,20 manat zərərin ödənilməsini tələb edə bilməsi üçün zəruri olan şərtlərdən biri həmin zərərin cavabdeh tərəfindən vurulmasının müəyyən edilməsindən ibarətdir və bu halı sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. İddiaçı qeyd olunan halı sübut etmək üçün məhkəməyə təqdim etdiyi sübutlar yuxarıda sadalanan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"a əlavə edilmiş fotoşəkillərdir. xx.xx.2023-cü il tarixli akta əlavə olunmuş fotoşəkildə istehlakçı Cavabdeh təbii qazdan kənar sayğacdan əlavə xətt vasitəsi ilə istifadə etməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Bunun üçün məhkəmə tərəfindən yerində müayinə aparılmış, fotoşəkildə əks olunmuş boru iddiaçının nümayəndəsi tərəfindən yerində müayinə zamanı göstərilən boru ilə müqayisə olunduqda məlum olmuşdur ki, fotoşəkildə əks olunan boru yerində müayinə zamanı nümayəndənin göstərdiyi boru deyildir. İddiaçının nümayəndəsi özü də bunu etiraf etmiş və bu uyğunsuzluğun səbəbini izah edə bilmədiyini söyləmişdir. Beləliklə, yerində müayinə zamanı cavabdehin əlavə xətti əsas boru xəttinə məhz hansı nöqtədə qoşduğunu, eləcə də iddiaçının məhkəməyə təqdim etdiyi boru fotoşəklinin harada çəkildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəməyə cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etməsini təsdiq edən başqa heç bir sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi abonentə təqdim edilmişdir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. 1-ci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də açıq-aşkar görünür ki, cavabdeh qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan qanunsuz istifadə etmişdir. Qeyd olunan fotoşəkildə və cavabdehin ünvanında məhkəmə tərəfindən yerində baxış zamanı qaz xətti üzərində qeyri-qanuni birləşmənin yeri (qaynaq izləri, ləğv edilmiş xəttin çıxıntısı) aydın şəkildə müəyyən edilmişdir. Sadəcə olaraq fotoşəkildə fonda əks olunmuş hasarla bağlı uyğunsuzluq olsa da məhkəmə bununla bağlı hər hansı bir araşdırma (hasarda təmir işlərinin aparılıb-aparılmaması və s) aparmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan abonent saldosunda öz əksini tapan cavabdehin ödənişlərini də nəzərə alınmamışdır. Belə ki, təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunduğu tarixdən əvvəlki son 3-4 ay ərzində cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə hər hansı bir ödəniş edilməmişdir. Bu hal da cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyini təsdiq edən digər bir sübutdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd hesab edir ki, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanun: 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»: 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Səməd Vurğun küçəsi döngə 4-də 2 nömrəli fərdi yaşayış evində yaşamaqla onun adına **********00010 nömrəli abonent kodu açılmış və G-4T markalı **********244 nömrəli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının işçiləri tərəfindən tərtib edilmiş ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da göstərilmişdir ki, istehlakçı Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Sözügedən akt əsasında 34560 kub.m qaz istifadəsi hesablanmış və bu həcmin dəyəri 4147,20 manat qiymətləndirilmişdir ki, iddiaçı hazırda həmin məbləği tələb edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı fərdi yaşayış evinin yerləşdiyi küçədə qaz boru xətti və hər abonent üçün nəzərdə tutulan qaz sayğacları mövcuddur. İddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da cavabdehin təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etdiyi ümumi şəkildə göstərilsə də, bu əlavə xəttin əsas boru xəttinə məhz hansı nöqtədə qoşulması göstərilmədiyinə görə iddiaçının nümayəndəsi X2 xəttin qoşulduğu nöqtəni göstərməsi təklif edilmişdir. İddiaçının nümayəndəsi X3 əsas boru xəttində qaynaq izləri olan bir nöqtəni göstərərək həmin nöqtənin fotoşəklinin iş materiallarında olduğunu və əlavə xəttin artıq söküldüyünü bildirmişdir. Nümayəndə tərəfindən göstərilmiş nöqtənin fotoşəkli hakim tərəfindən smartfon vasitəsilə çəkilərək işə əlavə edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə cəmi üç fotoşəkil təqdim olunmuşdur ki, onlardan biri cavabdehin darvazasının, biri sayğacın, biri isə hansısa borunun şəklidir. Üçüncü fotoşəkildə əks olunmuş boru iddiaçının nümayəndəsi tərəfindən yerində müayinə zamanı göstərilən boru ilə müqayisə olunduqda məlum olmuşdur ki, fotoşəkildə əks olunan boru yerində müayinə zamanı nümayəndənin göstərdiyi boru deyildir. İddiaçının nümayəndəsi özü də bunu etiraf etmiş və bu uyğunsuzluğun səbəbini izah edə bilmədiyini söyləmişdir. Beləliklə, iş materiallarından görünür ki, yerində müayinə zamanı cavabdehin əlavə xətti əsas boru xəttinə məhz hansı nöqtədə qoşduğunu, eləcə də iddiaçının məhkəməyə təqdim etdiyi boru fotoşəklinin harada çəkildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəməyə cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etməsini təsdiq edən başqa heç bir sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin araşdırılmış halları üzrə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır. Çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə, eləcə də 1096.1-ci və 1097.1-ci maddələrinin mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yerində müayinənin nəticələrinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə əks olunmuş borunun yerində müayinə zamanı göstərilmiş boru ilə eyni olmadığını müəyyən etməklə iddianın əsassız olmasına dair gəldiyi nəticəsi qanuni və əsaslı olmuşdur. İşin bu halının, yəni verilən iddia tələbinin əsası kimi istinad edilən halın iddiaçının nümayəndəsi ilə öz təsdiqini tapmamasının məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq apellyator şikayətində təkrarən iddia ərizəsində göstərilən dəlilləri təkrarlamaqla əməkdaşları tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərə bir daha istinad edərək cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcud olmasına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, iddiaçı tərəf cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini iddia etsə də bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Bunun əksinə isə işin araşdırmış halları ilə iddiaçının dəlillərinin əsassız olması öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar təbii qazdan istifadə etməsini, yəni cavabdeh tərəfindən ona birbaşa maddi zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətlərə yol verməsini sübuta yetirə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-2(008)- 2081/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar