Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4781/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(004)-171/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 26.10.2017-ci il tarixli 26102017/245537 saylı kredit müqaviləsinə və həmin tarixli zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada 22171,23 manat əsas borcu, 8661,22 manat faiz borcu, 3469,37 manat cərimə borcu olmaqla, cəmi 34301,82 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Bakıxanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 26102017/245537 saylı 26 oktyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 60 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 24410 manat məbləğində kredit verilmiş, kredit verilərkən Cavabdeh2, X2 ilə Bank arasında eyni tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə Bankın kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə hüququ vardır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini yerinə yetirməmiş və borc ödənilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(004)- 171/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 22162,27 manat əsas borc, 8661,22 manat faiz borcu və 500 manat cərimə, cəmi 31323,49 manat borc və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, 26.10.2017-ci il tarixli kredit müqaviləsi əsasında verilmiş 24410 manat məbləğində borc 27.10.2016-cı il tarixli kredit müqaviləsi üzrə verilmiş borcun ödənilməsinə yönəldilmişdir, yəni faktiki olaraq ona pul verilməmişdir. Onda olan ödəniş qəbzlərini təqdim edərək, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Ekspert rəyində qeyd olunan borc məbləği ilə razı olmadığı halda məhkəmə rəydə göstərilən borcdan daha çox borc müəyyən etmişdir. Təkrar ekspertiza keçirilməli və obyektiv qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarına əsasən, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 Ələdddin qızı arasında bağlanılmış 26.10.2017-ci il tarixli 26102017/245537 saylı kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 16 % olmaqla 24410 manat məbləğində kredit verilmiş, müqavilə üzrə üzrə öhdəlikləri təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh2 ilə eyni tarixli və saylı zaminlik müqavilələri bağlanmışdır. 9/3852 saylı ekspert rəyi ilə Cavabdeh1 26.10.2017-ci il tarixində 26102017/245537 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 27.02.2020-ci il tarixə 22162,27 manat əsas borc, 5262,57 manat faiz borcu olduğu müəyyən edilmişdir. 27.01.2021-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.10.2017-ci il tarixində 26102017/245537 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 21.01.2021-ci il tarixə əsas borc üzrə 22171,23 manat, faiz borcu üzrə 8661,22 manat, cərimə borcu üzrə 3469,37 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıqdan aydın olur ki, cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. 26.10.2017-ci il tarixli kredit müqaviləsi əsasında verilmiş 24410 manat məbləğində borcun 27.10.2016-cı il tarixli kredit müqaviləsi üzrə verilmiş borcun ödənilməsinə yönəldilməsi barədə Cavabdeh1 dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, bu hal hazırki öhdəliyin icrasından imtina üçün əsas təşkil etmir, belə ki, hər hansı kredit öhdəliyinin yeni kredit vəsaiti hesabına icra edilməsi mülki qanunvericiliyin tələblərinə zidd deyildir. Apelyasiya şikayətində irəli sürülən, borcların düzgün hesablanmaması arqumenti (həmçinin bu məqsədlə təkrar ekspertizanın təyin edilməsinin zəruriliyi) ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Tutulan borcun eksert rəyi ilə müəyyən edilmiş məbləğdən çox olması ilə bağlı isə Kollegiya qeyd edir ki, ekspert rəyi ilə 27.02.2020-ci il tarixə olan borc məbləği hesablanmışdır, daha sonra isə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 27.01.2021-ci il tarixli maliyyə arayışında göstərilən məbləğdə borcun ödənilməsini tələb etmişdir ki, məhkəmə də əsas borc məbləğini ekspert rəyində göstərilən həcmdə tutmuş, faiz borcunu isə əsaslı olaraq maliyyə arayışına əsasən tutmuşdur. İşdən görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 27.02.2020-ci il tarixli maliyyə arayışına əsaslanaraq 22.172,0 manat əsas və 8.208,0 manat faiz borcu tələb etmişdir. Məhkəmə tərəfindən ekspertiza keçirilmiş və müəyyən olunmuşdur ki, 27.02.2020-ci il tarixə əsas borc 22.162,27 manat, faiz borcu isə 5.262,57 manat təşkil etmişdir. Bundan sonra müqavilənin qüvvədə olması əsası ilə faizlərin hesablanmasının davam etməsini nəzərə alan iddiaçı 27.01.2021-ci il tarixli maliyyə arayışı əsasında iddiasının həcmini artıraraq, 8.661,2 manat faiz borcu tələb etmişdir. Məhkəmə əsas borc məbləğini ekspertin müəyyən etdiyi həddə, yəni 22.162,27 manat tutmuşdur və Kollegiya da hesab edir ki, məhkəmə haqlı olmuşdur. Faiz borcu ilə bağlı isə ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 27.02.2020-ci il tarixə faiz borcu 5.262,57 manat təşkil etmişdir. Ancaq nəzərə almaq lazımdır ki, tərəflər arasında müqavilə müddəti 60 ay müəyyən olunduğundan, bank da həmin müddət üçün normal faizləri (müqavilədə nəzərdə tutulmuş 16%-lə) tələb etmək hüququna malik olduğundan, həmin hissədə tələbinin həcmini artırmaqda haqlı olmuşdur. Ekspert rəyi ilə müəyyən olunmuş, yəni 27.02.2020-ci il tarixə hesablanmış faiz borcu ilə həmin tarixdən iddia tələbinin həcminin artırıldığı 21.01.2021-ci il tarixədək hesablanan faiz borcunu toplandıqda, ümumi faiz borcunun 8.661,22 manat olduğu müəyyən olunur. Cavabdeh1 dəlilləri əsassızdır, borcun hesablanması üçün ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Beləliklə, Kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(004)- 171/2021 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4781/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4781/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver