Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4781/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X6 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı, Azərbaycan Respublikasının Baş Prokurorluğu üçüncü şəxs qismində cəlb olunmaqla “maddi və əlavə mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3922/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Baş Prokurorluğu üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı maddi və əlavə mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu X11 15 may 2017-ci il tarixdə Tərtər rayon ərazisində yerləşən hərbi hissədə qeyri-qanuni təhqiqata cəlb olunmaqla, ağır işgəncələr altında qətlə yetirilməsi və bu hadisə fonunda ona yetirilmiş ziyanın əvəzi olaraq Azərbaycan dövlətinin şəxsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən ******* manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu X14 15 may 2017-ci il tarixdə Tərtər rayon ərazisində yerləşən hərbi hissədə qeyri-qanuni təhqiqata cəlb olunmaqla, ağır işgəncələr altında qətlə yetirilmişdir. Tərtər hərbi məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən göründüyü kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi ədliyyə mayoru, o dövrdə Tərtər qarnizonunda aparılan istintaq və təhqiqat hərəkətlərinə başçılıq edən X19 bilavasitə rəhbərliyi ilə, xx.xx.2017-ci il tarixdə, dövlətə xəyanət etməkdə şübhəli bildiyi, N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının 1-ci tağımının 2-ci manqasında sürücü vəzifəsində, əsgər rütbəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X12 N nömrəli hərbi hissənin köhnə qərargah binasına gətizdirərək, onun fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsinə dair göstəriş vermişdir. Fuad Ağayev, habelə onun qanunsuz göstərişinə əsasən N nömrəli hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları qabaqcadan əlbir olan bir qrup şəxs halında, Səxavət Binnətovdan onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Səxavət Binnətova qarşı zorakı hərəkətlər etmiş, müxtəlif üsul və metodlarla fiziki zor tətbiq edərək işgəncə vermiş, ehtiyacı olduğu halda zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etmədən işgəncə verməyə davam edərək, Səxavət Binnətova xəsarətləri yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşlar. X16 xx.xx.2017-ci il tarixdə saat 11 radələrində 056 nömrəli hərbi hospitala aparılmış, saat 13 radələrində isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib, orada müalicə tədbirlərinin görülməsinə baxmayaraq, xx.xx.2017-ci il tarixdə bədənin küt travması nəticəsində dalaq və qaraciyərin çırılmasından baş vermiş daxili qanitirmə səbəbindən hospitalda ölmüşdür. İş materiallarında olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 117 № ilə qeyd edilmişdir. Həyat yoldaşı bu vəziyyətdə öldürüldükdən sonra onlar ailəsinə qarşı daha böyük amansızlıqlara yol verilmişdir. Onlara xəbər verilmədən tanımadığı şəxslər əri Səxavət Binnətovun meyitini gətirib guya vətən xaini olduğuna görə kənd qəbirstanlığında dəfn olunmağa layiq olmadığını bildirərək, qəbirstanlıqdan kənar yerdə ekskavatorla qazıb basdırmışlar. Ərinin meyitini müsəlman qaydası ilə dəfn etməmiş, bir quyu qazaraq içinə atıb üstünü traktorla dümdüz etmişlər. Traktorla həmin ərazini elə düzəltmişdirlər ki, onlar mərhum ərinin, qəbrinin yerini belə tapa bilməsinlər. Hətta həyat yoldaşı Səxavətin meyitini belə onlara göstərməmişlər. Bu ona görə edilmişdir ki, ona qarşı yol verilmiş işgəncələrin izləri naməlum qalsın. Onlar Səxavətin vətən xaini olmasına heç cür inana bilməmişlər. Onun necə mərd, vətənini, dövlətini sevən bir azərbaycan vətəndaşı olduğunu bilirdilər. Nəhayət, xeyli müddət keçdikdən sonra dəfələrlə əlaqədar təşkilatlara etdiyi müraciətlərdən sonra istintaqı aparan müstəntiq Səxavətin heç bir günahının olmadığını, onun səhvən hərbi hissəyə gətirilib etmədiyi cinayəti boynuna qoymaq məqsədilə zorakılığa məruz qalmasını bildirmişdir. Ərinin basdırılmasından 11 ay keçəndən sonra müstəntiq tərəfindən meyit eksqumasiya olunaraq kənd qəbirstanlığında dəfn edilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ərinin ölümündə təqsirli bilinən şəxslər müxtəlif müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Lakin baş vermiş bu faciəli hadisə ilə bağlı heç kim, ona rəsmi və anlaşılan bir məlumat verməmiş, ondan üzr istənilməmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən həyat yoldaşının öldürülməsi ilə bağlı, Baş prokrurluğa etdiyi müraciətə cavab olaraq, İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda bildirilir ki, Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin hərbi qulluqçularının dövlətə xəyanət etmələri faktları ilə bağlı istintaq olunmuş cinayət işinin istintaqı zamanı, S.İ.Binnətovun nəinki dövlətə xəyanət etməsi faktı müəyyən edilməmiş, ümumiyyətlə istintaqa belə bir məlumat daxil olmamış və araşdırılmamış, S.İ.Binnətov cinayət prosesinə hər hansı prosessual statusda cəlb edilməmiş, ona görə də barəsində hər hansı qərar qəbul edilməmişdir. Həyat yoldaşı Səxavət Binnətovun ağır işgəncələrə məruz qoyularaq amansızlıqla qətlə yetirilməsi ilə bağlı, Respublika Prokrurluğundan verilmiş açıqlama bu günə qədər etdiyi müraciətlərə verilmiş yeganə olaraq, məhz bu məktubla məhdudlaşmışdır. Bu cavabdan bəlli olur ki, onun həyat yoldaşı hərbçi olan Səxavət Binnətovun hərbi hissəyə gətirilməsi və hərbi hissənin rəsmi şəxsləri tərəfindən işgəncələrə məruz qoyularaq amansızlıqla öldürülməsi haqqında Respublika Prokrurluğunda heç bir məlumat yoxdur. Halbuki hökmdən göründüyü kimi həyat yoldaşı X13 2017-ci il may ayının 8-də Baş Hərbi Prokrurluq tərəfindən istintaqı aparılan cinayət işi üzrə istintaqa cəlb olunmuş, N gün ərzində hərbi hissədə fiziki işgəncələrə məruz qalmış və ona yetirlmiş, həyatla bir araya sığmayan ağır bədən xəsarəti nəticəsində hərbi hospitala yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmamışdır. Bu qədər təkzibolunmaz faktların mövcud olduğu bir şəraitdə Respublika Prokuruluğu tərəfindən ona ünvanlanmış xx.xx.2018-ci il tarixli məktub sadecə olaraq anlaşılmazdır. Əlsində bu məktubdan (arayışdan) belə bəlli olur ki, Respublika X1 qeyri-qanuni tədqiqat və istintaqa cəlb olunması, onun hərbi hissənin ərazisində hərbi rütbəli şəxslər tərəfindən istintaqa və sorğu-suala cəlb olunması, habelə ağır işgəncələrə məruz qoyulması faktları barəsində heç bir məlumata malik deyil. Belə çıxır ki, N gün ara vermədən istintaq altında saxlanılan şəxsin tutulması, saxlanılması, fiziki işgəncələrə məruz qoyulması və nəhayət amansız işgəncələr altında qətlə yetirilməsi barədə Respublika Prokrurluğu heç bir məlumata malik olmamışdır və bu günün özündə də, malik deyildir. Həyat yoldaşı Binnətzadənin istintaq orqanın göstərişi ilə hərbi hospitala yerləşdirilməsi daha sonra isə orada 3 gün saxlandıqdan sonra dünyasını dəyişməsi barədə də Respublika prokrurluğu heç bir məlumata malik deyildir. Hətta hərbi hissədə həyat yoldaşına işgəncələr vermiş şəxslərin kimliyinin də, naməlum olduğu iddia olunur. Bu fakt ittiham aktı və iş üzrə çıxarılmış məhkəmə hökm və qətnamələrində öz əksini tapır. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli , 2(009)-513/2021 saylı qətnaməsi ilə onun cavabdeh kimi AR Maliyyə Nazirliyinə və AR Müdafiə Nazirliyinə qarşı irəli sürdüyü “mənəvi zərərin ödənilməsi” nə dair iddia tələbi qismən təmin edilməklə, Maliyyə Nazirliyindən onun xeyrinə 50 min manat pul tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 493/2023 saylı Qərarı ilə uşaqları X3 və X2, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı irəli sürdükləri vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiaları qismən təmin edilməklə, onların hər birinə 10 min manat məbləğində pul ödənilmişdir. Beləliklə yuxarıda qeyd etdiyi formada, həyat yoldaşının və qızlarının atasının istintaq orqanının qanunsuz əməlləri nəticəsində vəhşicəsinə öldürülməsi ilə bağlı onların ailəyə vurulmuş mənəvi ziyanın əvəzi kimi Azərbaycan dövləti onlara cəmi 70 min manat məbləğində kompensasiya ödəmişdir. Onlara vurulmuş maddi ziyana görə isə ailəsinə bir manat belə ödənilməmişdir. Ona görə də o, yenidən məhkəməyə müraciət etməklə ailəsinə, uşaqlarına və ona vurulmuş maddi ziyana görə tamamilə başqa əsaslara (mülki Məcəllənin 1101-ci maddəsinə) istinad etməklə üç milyon manat məbləğində kompensasiya ödənilməsini tələb edir. Həyat yoldaşı ailə başçısı olaraq ailəyə yeganə gəlir gətirən olmuşdur. Onun öldürülməsi ilə ailəsi maddi təminatdan məhrum olmuşdur. 2017-ci ilin aprel ayından sonra həyat yoldaşının aldığı əmək haqqı daha onlara ödənilməmiş, o ailəyə əlavə gəlir gətirmək imkanından məhrum olmuşdur. Onun əvəzinin ödənilməsini tələb etdiyi maddi ziyan, həyat yoldaşının 7 ildən bəri almadığı əmək haqqından, bundan sonra almayacağı əmək haqqından, onun qazandığı və ölümü ilə məhrum olduğu gətirdiyi əlavə qazancdan yaranır. O, bu məbləği üç milyon manat olaraq qiymətləndirir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3922/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qərardadı ilə müki iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin həmin qərardadından İddiaçı şikayət vermiş və qərardadın ləğv edilib, işin mahiyyəti üzrə baxılmaqla iddiasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2(006)-3922/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alımışdır. Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli 2(103)-1252/2025 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(00)-3922/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilməklə şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3922/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qərardadından şikayət, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Məhkəmənin 17 iyul 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddət İddiaçı üçün bərpa edilməsi, məhkəmənin 04 noyabr 2024-cü il tarixli 2(006)-3922/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı indiki iddiasında iddianın hüquqi əsasını dəyişib, Mülki Məcəllənin 1101-ci maddəsinə əsaslanaraq, ərinin ölümü nəticəsində ona vurulmuş maddi və əlavə mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməklə yenə də təkrar olaraq eyni faktiki əsasa (Tərtər hərbi məhkəməsinin xx.xx.2019cu il tarixli hökmünə əsasən əri X11 işgəncələrə məruz qalaraq öldürülməsi halına) istinad edilmişdir. Başqa sözlə, iddiaçının həm əvvəlki, həm də indiki işdə arzu etdiyi nəticə məhz həmin haldan irəli gələrək ona vurulmuş ziyanın ödənilməsidir. Belə olan halda, məhkəmə tərəfindən adı çəkilən mülki işə tam şəkildə baxış keçirilməklə qəbul edilmiş məhkəmə aktının hazırki işə preyudisial əhəmiyyəti və eynin tərəf, eyni əsas və eyni predmet üzrə iddianın olması halı müəyyən edilir. Məhkəmə Kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(009)-513/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Müdafiə Nazirliynə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına 50000 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(006)- 413/2023 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı, X9 və X4 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, dövlət büdcəsi hesabına vurulmuş mənəvi zərərə görə ayrı-ayrılıqda iddiaçı X4 xeyrinə 50.000 (əlli min) manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi X10 və digər iddiaçı X5 50.000 (əlli min) manat məbləğində pul ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(103)-2337/2023 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 2(102)- 2881/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş və dövlət büdcəsi hesabına vurulmuş mənəvi zərərə görə ayrı-ayrılıqda iddiaçı X8 10.000 manat və iddiaçı X5 10.000 manat məbləğində pul ödənilməsi, iddianın mübahisələndirilən qalan hissədə rədd edilməsi qərara alınmışdır. Hazırki iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı hazırda əlavə mənəvi zərərə görə ona yenidən kompensasiya ödənilməsi tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona əlavə mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, iddia ərizəsində bundan əvvəl (2021-ci ildə) Səbail Rayon Məhkəməsində qaldırdığı iddiasında sadaladığı işin faktiki hallarından bəhs etmişdir ki, həmin hallara da məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilmiş və buna dair qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. İddia tələbində irəli sürülən maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, eyni haldan irəli gələrək İddiaçı vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, həmin hissədə qətnamə mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Qətnamədən görünür ki, İddiaçı ona və digər iddiaçılara (uşaqlara) cəmi 150.000 manat maddi ziyanın vurulduğunu iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də maddi ziyanın tutulması hissəsində iddia tələbi təmin edilməmişdir. İddiaçı hazırda ona vurulduğunu iddia etdiyi maddi ziyanın ödənilməsi tələbini ərinin öldürülməsi ilə ailəsinin maddi təminatdan məhrum olması, 2017-ci ilin aprel ayından sonra ərinin aldığı əmək haqqının daha onlara ödənilməməsi və bununla da onun ailəyə əlavə gəlir gətirmək imkanından məhrum olması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı maddi zərərin ödənilməsinin rədd edilməsi barədə məhkəmə qətnaməsi çıxandan sonra yaranmış zərərlə bağlı tələb irəli sürməmiş, hazırda irəli sürdüyü ərinin əmək haqqından məhrum olması halı əvvəlki məhkəmə icraatları zamanı da mövcud olmuşdur. Məhkəmə qətnaməsinin həmin hissədə mübahisələndirilməməsinin səbəbi öyrənildikdə, iddiaçı həmin vaxt xəstə olduğunu, başının qarışıq olduğunu və şikayət verilməsi üçün maddi imkanının olmadığını bildirdi, hansı ki bu hallar yenidən ayrıca məhkəmə icraatında eyni tələblə çıxış edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Əks halda, İddiaçı eyni xarakterli iddiasının həlli ilə bağlı iki müxtəlif məhkəmə aktının olması halı yarana bilər ki, bu da yolverilməzdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. İddiaçının bundan əvvəlki və hazırki iddia tələbi eyni hadisə ilə bağlı olmuş və hər bir halda o, ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Göründüyü eyni iddiaçının eyni cavabdehə qarşı eyni predmet barəsində eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq, qeyd edir ki, tələb üzrə mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 2(102)-2881/2023 nömrəli qərarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göründüyü kimi, eyni tərəflər arasında və eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən hazırki iddia tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3922/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4781/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4781/2025
18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver