Məhkəmə qərarları › İş №2(103)-4788/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4788/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4788/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8100 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8130 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC ilə iş üzrə Cavabdeh arasında bağlanmış 17 dekabr 2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan ümumi dəyəri 8100 manat olan 6 ədəd TV LED YESTEL ** FD ***0 markalı televizor əldə etmişdir. Cavabdeh göstərilən məbləği hər ay 450 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən “xxxx” MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilmiş, lakin, cavabdeh borcunu ödəməkdən yenə də imtina etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, Cavabdeh 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin göstərilən qətnaməsi mülki prossesual pozultulara yol verilərək qət edildiyindən apelyasiya qaydasında ləğv edilməlidir, belə ki, məhkəmə yalnız iddiaçının mövqeyindən çıxış edərək iddiaçının xeyrinə qətnamə qət etmişdir. Cavabdeh ümumiyyətlə "İddiaçı" MMC-dən iddia tələbində göstərilən məbləğdə televizor almamışdır, hansı əsasla iddiaçının məhkəməyə müraciət etməsindən tam məlumatsızdır. Onun tərəfindən heç bir müqaviləyə imza edilməmişdir və televizor alınmamışdır. Barəsində iddia qaldırılması barədə məlumatı olmamışdır, ona qarşı qaldırılan iddia tələbi əsassız və qanunsuzdur belə ki, guya iddiaçı ona 215/20 saylı, 28.03.2020-ci il tarixli pretenziya məktubu göndərərək "İddiaçı" MMC-yə olan borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bidirmişdir, lakin həmin pretenziya məktubu ona göndərilməmişdir. Eyni zamanada bildirir ki, məhkəmənin bildirirşini yaşayış yerini dəyişdiyinə görə almamışdır. Birinci instansiya məhkəməsində onun iştirakı olmadan məhkəmə iclası keçirildiyindən məhkəmə yalnız iddiaçının sübutlarına əsaslaranaraq heç bir araşdırılma aparmadan qətnamə qət etmişdir. Məhz həmin müqaviləni qəbul etmir, çünki alqı-satqı müqaviləsi başqa adamla bağlanmışdır. Şəriki onun şəxsiyyət vəsiqəsinin sürəti ilə kredit öhdəliyini rəsmiləşdirmişdir. Qətnamə apelyasiya qaydasında ləğv edilərək yenidən baxılması üçün birinci instasiya məhkəməsinə göndərilməli, mülki iş üzrə isə “Məhkəmə-Xətşunaslq Ekspertizası” təyin edilməlidir. O, iddiaçının nəzərdə tutduğu müqaviləni imzalamamışdır. Rayon Məhkəməsi iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməmiş, müqavilədə qeyd olunan halları və imzaların eyniləşdirməsini aparmamış və nəticədə obyektiv və mülki işin baxılmasını təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə ona heç bir xəbərdarlıq edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi iştirakı olmadan qəbul edilmişdir. Buna görə də, qətnamə Azərbaycan Respublikası qanunvericilik sisteminə daxil olan bir sıra maddi və prosessual hüquq normalarının tələbləri pozularaq qəbul edilmişdir və ona görə də ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 17 dekabr 2018-ci il tarixli FSK 1723 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "İddiaçı" MMC-dən ümumi dəyəri 8100 manat olan 6 ədəd TV LED YESTEL ** FD ***0 markalı televizor əldə etmişdir. İş materiallarında olan 13 aprel 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "İddiaçı" MMC-yə 8100 manat borcu mövcuddur. İş materiallarında olan 215/20 saylı, 28.03.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh "İddiaçı" MMC-yə olan borcunu ödəmədiyi təqdirdə məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırılacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 577.1-ci maddəsinə görə alıcıya verilməli əşyaların miqdarı alğısatqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 577.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında 17 dekabr 2018-ci il tarixli FSK 1723 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi pozmuşdur. Belə ki, cavabdehin 8100 manat borcu qalmaqdadır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8100 manat məbləğində borc pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki halda isə, cavabdeh apelyasiya şikayətində qeyd etdiklərini təsdiq edəcək hər sübut təqdim etməməklə yanaşı, nə birinci instansiya məhkəməsində, nə də apelyasiya icraatı zamanı məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar